Siyasət 17:48 11.06.2021

Ərdoğanın Şuşaya səfərinin tarixi əhəmiyyəti: incə nüanslar (ŞƏRH)

"Prezident Ərdoğan Qarabağa səfəri ilə bir daha bütün düyaya nümayiş etdirəcək ki, Türkiyə Cənubi Qafqaz regionunda  Rusiya ilə bərabər əsas oyunçulardan biridir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Şahin Cəfərli Türkiyə prezidentinin Şuşaya səfərinin dərin siyasi mesajının pərdəarxası məqamlarını şərh edərkən deyib. Onun sözlərinə görə, belə bir vəziyyətdə Türkiyə Prezidentinin Şuşaya səfəri çox önəmlidir:
 


"Türkiyə Prezidentinin Qarabağa və Şuşaya səfəri qeyri-standart qərardır. Hamıya aydındır ki, konkret Şuşa şəhərində Azərbaycan ordusu təhlükəsizliyi təmin eləsə belə, ümumilikdə həmin ərazi heç də asayişin və təhlükəsiliyin tam bərqərar  olduğu bir ərazi deyil. Bilirik ki, Şuşa yaxınlığında qanunsuz erməni silahlı dəstələr qalmaqda davam edir. Qanunsuz dəstələr həmin ərazilərdən çıxarılmayıb. İkincisi, yaxınlıqda rus əsgərləri dayanıb. Belə bir vəziyyətdə Türkiyə Prezidentinin Şuşaya səfəri çox önəmlidir”.

Şahin Gəfərli qeyd edib ki, bu səfərlə Türkiyə Prezidenti bütün maraqlı tərəflərə mesaj vermiş olur ki, Azərbaycan müttəfiq ölkədir və Türkiyə təhlükəsizlik sahəsində bir növ Azərbaycanın təminatçı ölkəsidir:

"Yəni Azərbaycana qarşı hansısa hücumlar, provakasiyalar baş verərsə, Türkiyə Azərbaycanın yanında dayanmağa davam edəcək. Aydındır, Ermənistanda siyasi qüvvələrin erməni xalqına əsas vədi ondan ibarətdir ki, biz hakimiyyətə qayıtsaq, qondarma Dağlıq Qarabağın sərhədlərini bərpa edəcəyik. Bu sərhədləri bərpa etmək məsələsində də əsas məqsəd Şuşanın və Hadrutun geri qaytarılması, yəni işğal olunmasıdır. Belə bir əhval-ruhiyyə var Ermənistanda. Təbii ki, bunlar öncə Rusiyaya arxalanırlar. Çünki Rusiyanın dəstəyi olmadan Ermənistan ordusunun Azərbaycana qarşı hər hansı əməliyyat keçirmək gücü yoxdur. Əslində belə bir siyasi iradə də ola bilməz. Rusiyanın köməyi bu əraziləri yaxın gələcəkdə yenidən işğal etməyi düşünürlər. Bu baxımdan Türkiyənin Azərbaycana dəstəyini əyani şəkidə nümayiş etdirməsi Azərbaycanın təhlükəsizliyinə bir növ təminatçı kimi çıxış etməsi çox əhəmiyyətlidir. Ərdoğanın Şuşaya səfəri tarixi əhəmiyyətli bir səfərdir”.

Şahin Cəfərli hesab edir ki, Türkiyə bununla nümayiş etdirir ki, regionda, yəni Cənubi Qafqazda əsas oyunçulardan biri olaraq qalır:
"Həm Amerika Prezidenti Baydenin Ərdoğanla görüşündə, həm də Fransa Prezidenti Makronun Ərdoğanla görüşündə müzakirə mövzularından biri də məhz Qarabağ mövzusu olacaq. Türkiyənin Qərbdəki tərəfdaşları və müttəfiqləri də Türkiyənin Cənubi Qafqazda artan rolundan xəbərdardırlar. Bu baxımdan region məsələlərini Türkiyə ilə müzakirə etmələri təsadüfi deyil”. 

Bahar Rüstəmli