Xəbər lenti

Ərdoğan Putin və Zelenskini barışdıra biləcəkmi? (ŞƏRH)
Dünya 16:40 14.12.2024

Ərdoğan Putin və Zelenskini barışdıra biləcəkmi? (ŞƏRH)

"Hazırkı situasiyada uğurlu danışıqlara başlamaq üçün müəyyən şərtlər yetişib”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov yaxın günlərdə Türkiyədə Rusiya və Ukrayna nümayəndələri arasında keçirilməsi gözlənilən görüşü şərh edərkən deyib:

"Kütləvi informasiya vasitələri yaxın günlərdə Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçiriləcəyi barədə məlumatlar dərc edir. Bu görüşün nəticə verib-verməyəcəyi barədə proqnozlar verilməkdədir. Mütəxəssislər nəhayət Rusiya ilə Ukraynanın danışıqlar masası arxasında əyləşəcəklərindən bir yüngüllük duyurlar. Çünki bir müddət bundan öncə dünya ictimaiyyəti üçüncü dünya müharibəsinin başlanacağı xəbərləri ilə həyəcan təbili çalırdılarsa, indi bu müharibənin olmayacağına ümidlər artmaqdadır. Görüşün keçirilməsi ilə bağlı razılığın əldə olunması özlüyündə artıq nəticədir. Uzun sürən çəkişmə və danışıqlara başlamaq haqqında müzakirələrdən sonra bu istiqamətdə razılığın əldə olunmasını artıq uğur hesab etmək olar. Digər tərəfdən, bu günki şərait keçən görüşlərdən daha fərqlidir”. 

Həmsöhbətimiz hazırkı situasiyada nailiyyət əldə etmək üçün müəyyən şərtlərin yetişdiyi qənaətindədir:

"Tərəflər danışıqlara daha yaxındır. Çünki keçən danışıqlardan ötən zaman kəsiyi müharibə aparan tərəflərə heç də asan olmayaıb. Onların indi döyüşlərdən yorulması daha çox hiss olunur, nəinki bir il bundan qabaq. Müharibəni davam etdirməkdə israr edən qüvvələr də dalana dirəndiklərini hiss edirlər”. 

Ekspertin fikrincə, danışıqlarda vasitəçi olan tərəf-Türkiyə də artıq bir il bundan öncəki Türkiyə deyil:

"Onun arsenalında Suriyadakı vəziyyətə nəzarət funksiyası kimi bir üstünlük var. Danışıqlara mane olan tərəflər indi Yaxın Şərq səhnəsində Türkiyədən asılı vəziyyətə düşüblər. Türkiyə qlobal qüvvələrlə eyni səviyyədə oyuna girişib. Bunu əsas götürərək Rusiya ilə Ukrayna arasında Türkiyənin vasitəçiliyi ilə yaxın günlər üçün nəzərdə tutulmuş görüşdə nəticə əldə ediləcəyinə böyük ümidlər var”. 

Qeyd edək ki, mətbuatın yazdığına görə, yaxın günlərdə Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçunun açıqlamasına görə bu formatı Ukrayna Prezidenti Volodimir Zelenski də qəbul edir. Trampın Ağ Evə yenidən qayıdışı fonunda Ukrayna savaşının dayandırılacağı barədə fikirlər son zamanlar üstünlük təşkil edir. Bu əsasda savaşın artıq danışıqlar masasına keçəcəyinə olan ümidlər də artır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->