Aktyor Brüs Uillisin sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlamalar ailəsinin yaşadığı çətin prosesi bir daha gündəmə gətirib.
Qaynarinfo xəbər verir ki, sənətçinin xanımı Emma Heminq Uillis məşhur aktyorun frontotemporal demensiya (FTD) ilə mübarizəsi barədə danışaraq emosional sözlər deyib. O, "Ərim ölməyib, amma mən onun yasını tuturam” ifadəsi ilə yaşadığı psixoloji yükü təsvir edib.
Ailə 2022-ci ildə Brüs Uillisin afaziya diaqnozu aldığını və karyerasını bitirdiyini açıqlamış, daha sonra isə onun daha ağır neyrodegenerativ xəstəlik olan FTD-dən əziyyət çəkdiyi məlum olmuşdu. Xəstəlik insanın dil, davranış və şəxsiyyət funksiyalarını ciddi şəkildə təsir edir.
Məlumata görə, 71 yaşlı aktyor hazırda 24 saatlıq tibbi nəzarət altında yaşayır və ailə üzvləri onunla yaxın təmasda qalmağa davam edir. Emma Heminq isə həm həyat yoldaşına baxır, həm də oxşar vəziyyətdə olan ailələr üçün dəstək layihələrində iştirak edir.
O, son müsahibələrində "qeyri-müəyyən itki” anlayışından danışaraq demansiya xəstələrinin yaxınlarının fiziki olaraq sağ olan, amma zehni olaraq dəyişən bir insanın itkisini yaşadığını bildirib. Bu vəziyyətin davamlı kədər hissi yaratdığını qeyd edib.
Brüs Uillisinin keçmiş həyat yoldaşı Demi Mur və övladları da aktyoru tək buraxmır və ailə birlikdə ona dəstək göstərir.
Emma Heminq daha əvvəl demansiya xəstələrinə qulluq edən ailələrə dəstək məqsədilə kitab yazmış və bu sahədə maarifləndirmə işləri aparan bir fond da yaratmışdı. Ailə hazırda xəstəliklə mübarizəni davam etdirir və Brüs Uillisin vəziyyəti dünya mediasının diqqət mərkəzində qalır.
Aydın
Şərhlər