Siyasət 13:16 21.11.2020

Erməni professor: "Qarabağ ermənilərinin siyasi gələcəyi yoxdur"

"Ermənistan Türkiyə və Azərbaycanla vasitəçilərlə deyil, birbaşa əlaqə saxlamalıdır”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Türkiyənin "Ahval” ingilis dilli saytına müsahibəsində tanınmış erməni tarixçisi və siyasətçisi, ABŞ-ın Miçiqan universitetinin Tarix bölümünün rəhbəri, professor Jirar Libaridyan deyib.

Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev erməni professorun müsahibəsinin əsas tezislərini qeyd edib:

-Rusiyanın Qarabağdakı davranışı Türkiyəni ABŞ və NATO-dan uzaqlaşdırmaq, Azərbaycanla birlikdə özünə daha da yaxınlaşdırmaq məqsədi güdən diplomatik səylərdir.

-Öz növbəsində Türkiyə Rusiyanın ənənəvi təsir dairəsi sayılan regionda nüfuzunu qüvvətləndirir. Türkiyə bölgəyə hərbi gücləri ilə gəlir və kimsə bunun qarşısını ala bilməz.

-Laçın dəhlizinə nəzarəti ələ keçirməklə Rusiya regiondakı təsirini daha da artırır. Eyni zamanda həm Azərbaycan, həm də Ermənistan üçün problem yaratmaq imkanı qazanır.

-Rusiya ermənilərin Dağlıq Qarabağa qaytarılması məsələsində maraqlı olacaq, əks-təqdirdə rus sülhməramlılarının regiondakı fəaliyyətinə lüzum qalmır.

-əvvəllər Dağlıq Qarabağ erməniləri Ermənistandan idarə olunurdu. İndi isə onlar təxminən Türkiyə erməniləri ilə eyni vəziyyətə düşəcəklər: yəni dillərini, məktəblərini, kilsələrini qoruyub saxlayacaq, lakin siyasi gələcəklərini itirəcəklər.

-ermənilər Türkiyə və Azərbaycanla beynəlxalq güclər vasitəsi ilə deyil, birbaşa əlaqələr yaratmalıdırlar”.

Aydın