Siyasət 15:31 04.12.2020

Ermənilər Dilqəmlə Şahbazı geri vermək istəmir? (ŞƏRH)

Ermənistanın ilk ombudsmanı, "Qanuni Özbaşınalığa Qarşı” QHT-nin sədri Larisa Alaverdyan hərbi əsirlərin "hamının-hamıya” prinsipi ilə dəyişdirilməsi barədə danışaraq maraqlı məqamlara toxunub. 

Onun sözlərinə görə, sözügedən prinsiplə əsirlərin qaytarılması Azərbaycan üçün məqbuldur. Çünki Azərbaycan Ermənistan tərəfindən saxlanılan mülki şəxsləri də geri qaytarmağa çalışacaq. Adaverdyan burada "cinayətkar" və "hərbi əsir" anlayışlarının artıq qarışıq olduğunu qeyd edib. 

Larisa Alaverdyan həmçinin qeyd edib ki, əsirlərin dəyişdirilməsi prosesində Ermənistanın iştirak etməsi onu münaqişə tərəfi olduğunu bir daha göstərmiş olur. Bu isə gələcəkdə Ermənistanın təzminat məsələsində çətin durumda qoyacaq: 

"Başa düşə bilmirəm, Ermənistan azərbaycanlıları əsir götürüb? Ermənistan məhbusların geri qaytarılması üçün qanuni məsuliyyət daşıyırsa, əslində hərbi əməliyyatlar, nəticələr və Azərbaycan tərəfinin təzminatına görə bütün məsuliyyəti öz üzərinə götürür" .

Qeyd edək ki, Ermənistanda 3 mülki azərbaycanlı şəxs əsir kimi saxlanılır. Şahbaz Quliyev və Dilham Əsgərov 2014-cü ilin iyul ayında Kəlbəcər rayonununda saxlanılaraq qondarma rejimin məhkəmələri tərəfindən Əsgərov ömürlük, Quliyevi isə 22 il həbs cəzasına məhkum edilib.  Erməni tərəfində olan üçüncü azərbaycanlı Elnur Hüseynzadə 2017-ci ildə təmas xəttinə yaxın ərazidə saxlanılıb. 

Göründüyü kimi, Ermənistan əsirlərin dəyişdirilməsində problem yaratmaq istəyir.  Əsirlərin "hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə, xüsusi ilə də Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmaq fikrində olmadığını deyir və onları "ölkənin sərhədini pozmuş diversant, casus” hesab edirlər.

Politoloq Xaqani Cəfərli Qaynarinfo-ya açıqlamasında Ermənistanın hərbi əsirləri dəyişdirməyin ona yaradacağı məsuliyyətlə bağlı deyilənləri də əsaslı saymır: 



"Əsirlərin dəyişdirilməsi humanitar hüquqla tənzimlənir. Həm də Ermənistan 9 noyabr bəyannaməsi ilə üzərinə öhdəlik götürüb. Ermənistan indiyə kimi dəfələrlə faktiki və hüquqi olaraq münaqişə tərəfi olduğunu sübut edib. Bu da Ermənistanın daşıyacağı məsuliyyəti beynəlxalq məhkəmələrdə sübut etmək üçün kifayət edir. Ermənistan əsirlərin hamısını qaytarmasa, rəsmi Bakı humanitar hüququn pozulduğunu beynəlxalq təşkilatlarda gündərə gətirə bilər. Azərbaycanın digər təsiretmə imkanları da var. Ermənistanın üzərinə götürdüyü öhdəliklərə nə qədər etsə, biz də o qədər əməl etməliyik”.

Orxan Əhmədli