Xəbər lenti

Ermənilərə qarşı türklərin yanında olmuş ilk avropalı alim, yoxsa ingilis casusu?
phrase_var_qaynar. 19:15 23.09.2020

Ermənilərə qarşı türklərin yanında olmuş ilk avropalı alim, yoxsa ingilis casusu?

Azər Turan

O, Macarıstanda "bir yəhudi Vamberger, İstanbulda müsəlman bir Rəşid əfəndi, İngiltərə və Budapeştdə protestant Vamberidir" (Akçura)...

Rəşid Əfəndinin tam və bütöv adı Məhəmməd Rəşid Əfəndidir. Orta Asiyaya Məkkədən qayıdan türküstanlı zəvvarlarla birgə daxil olub. İstanbuldan Türküstana Bahəddin Nəqşbəndini ziyarət etmək adıyla gəlib. Rəşid Əfəndi "nəqşbəndi şeyxi"dir.

Yəhudi kökənli macar Vamberi Türküstanı qarış-qarış gəzmiş ilk avropalı bilim adamıdır. Gördüyü böyük işlər, Türküstanla bağlı apardığı dərin tədqiqatlar, yazdığı yazılar sübut edir ki, o, türk millətinin Avropadakı ilk dostlarındandır.

Vamberini təəssüf ki, az tanıyırıq, yaxud tanımağa, onu dərindən tədqiq etməyə Azərbaycan alimlərinin xüsusi marağı və cəhdi yoxdur və olmayıb. Amma Vamberinin həyatı və çalışmaları öyrənilmədən pantürkizmin (və panturanizmin) mahiyyətini dəqiq təyin etmək mümkün olmayacaqdır.


Azər Turan

Vamberinin fəaliyyəti daha çox türkoloji, yoxsa bizim üçün qaranlıq qalan siyasi məzmunu ilə əlamətdardır, bilmirəm. Hər halda, Herman Vamberi, "Orta Asiya səyahətinə ya ingilislərin təşviq və yardımı ilə çıxmış, ya da bəni-israilə xas olan kəskin və praktik zəkası ilə Orta və Yaxın Doğuya dair tədqiqatların o zaman İngiltərə borsasında daha çox böyük gücdə olacağını öncədən sezmişdi" (Y.Akçura). "Bəni-israilə xas olan və kəskin praktik zəka" barədə düşünərkən, məncə, biz onun ideoloji fəaliyyətlərini, onunla bağlı casusluq suçlamalarını, (və bu kimi ehtimalları) bir tərəfə buraxmalıyıq. Əslində, hələlik bütün bunları təsdiq edəcək hər hansı ciddi bir bəlgə də meydanda yoxdur. Məncə, türk dostu olaraq "Türklük, islamlıq! Bu iki məşəl iki əlinizdə olduğu halda istiqbal yolunda, vüqarla və mətin addımlarla yürüyün! Kimsə önünüzə keçə bilməz. Türklərin gələcəyi bir çox millətlərdən daha əmindir" - deyən Vamberi ilə müqayisə etmək üçün onun çağdaşı olan digər bir avropalını təsəvvürə gətirmək çətindir. Türklərə səslənərək "Avropa təqlid edilməz, təhqiq edilər... Türklüyünüzlə iftixar edin. Sizin vücudunuzla iftixar edən milyonlarla xalq var. Başınızı çevirin, bir kərə də Asiyaya baxın... Düşünün və özünüzə güvənin! Fəqət bunun üçün Avropanın bir müstəmləkəsi olmaqdan məmləkətinizi qurtarın, gömrükləriniz avropalıların kefinə tabe olarsa, siz Avropa dövlətləriylə ayrı-ayrı ticarət müahidələri yapa bilməzsiniz, islahat deyə yapdığınız hər yeniləşmə başınıza bir fəlakət gətirər" - öyüdünü verən bir mütəfəkkir - 1885-ci ildə "Türk xalqı" kitabını yazmış Vamberi, təəssüf ki, nəzərimizdə həm də Orta Asiyaya gedib Türküstan oymaqlarını ziyarət etmiş saxta bir dərviş və missioner olaraq qalıb.

"Orta Asiyadakı türk qəbilələri, bu gün belə, atalarının əski tarixlərində yazılıb qalmış həyatlarını sürməkdədirlər. Onların təbiət və əxlaqı, keçim tərzləri, ictimai nizamları hələ davam edir" - deyə yazan Vamberi, bəzən bizi bizdən yaxşı tanıyır. Onun XIX əsrdə Türküstandakı bir matəm çadırında təsvir etdiyi yas-yuğ mərasimi, az qala, XXI yüzildə Muğanın bir kəndində baş verənlərin eynisini xatırladır. Vamberi isə deyir ki, bir vaxtlar, Hunlar da belə yaparlardı və indi macarlar da belə edirlər.



Əli bəy Hüseynzadənin romantik türkçülüyü Vamberinin siyasi türkçülüyü ilə fikir toqquşmasından yaranıb. Əli bəyin məşhur "Turan" şeiri Vamberiyə xitabən yazılıb:

Sizlərsiniz ey qövmi-Macar, bizlərə ixvan

Əcdadımızın müştərəkən mənşəyi Turan.

Bir dindəyiz biz, həpimiz haqpərəstan;

Mümkünmü ayırsın bizi İncil ilə Quran?

Ümumiyyətlə, yeni çağda Turan anlayışını, çox güman ki, panslavyanizmə qarşı ideoloji və mənəvi müstəviyə çıxaran ilk mütəfəkkir, panturanizmin siyasi qurucusu Vamberidir. "Bir zamanlar dünyanı özünə baş əydirən bu böyük və qəhrəman xalq, bu gün gözlərimizin önündə geniş Asiyada səssizcə uyuyur. Bu qəhrəman xalqın yaşadığı dəvasa bölgə isə Turandır".

Bütün bunları təfərrüatına qədər öyrənmədən, yuxarıda dediyim kimi, siyasi panturanizmin, eləcə də XX yüzilin əvvəllərində Azərbaycan və Türkiyədə, Şərqi Avropada və Rusiyada gedən milli-siyasi proseslərin mahiyyətini dəqiq təyin etmək mümkün olmayacaqdır.

Vamberi Avstriya hökumətinin və Osmanlı dövlətinin təklifi ilə Bosniya böhranının tənzimlənməsində iştirak edirdi. (Şoxrat Kadırov).

Çağdaşları arasında ilk böyük alim idi ki, Asiya barədə mükəmməl bir kitab yazmışdı və bu kitab təkcə İngiltərənin deyil, Rusiyanın da diqqətini eyni dərəcədə cəlb edirdi. Çünki həmin dönəmdə Orta Asiya Xivə, Buxara, və Kokand xanlıqlarına bölünüb idarə olunurdu. Hələ Rusiya Türküstanı birləşdirib sonra da parça-parça bölməmişdi. Bəlkə də belə kitablar indinin nəzərləri ilə casusluq əsəri olaraq yorumlana bilər. Kaş ki, türkologiyanın indiki səviyyəyə çatdığı bir mərhələdə hər kəs Vamberi kimi özünün və dövlətinin maraq dairəsində olan bir məmləkəti bu şəkildə tədqiq edə biləydi. Bizim nəinki düşmənimiz Ermənistan, nəinki dindaşımız İran, nəinki qonşumuz Rusiya, nəinki mədəniyyətindən iki min ildir ki, dünya millətlərinin bəhrələndiyi Yunanıstan, heç qardaşımız Türkiyə barədə belə bir kitabımız yoxdur və yazılmayıb.

Ötənlərdə Buxarada qədim şəhər səmtində yerləşən Divanxananı ziyarət edərkən diqqətimi Buxaradan gəlib-keçmiş avropalı məşhurların Divanxanın divarına asılmış şəkilləri cəlb etdi. Bu şəkillərin arasında Türküstanı Avropa elm aləminə tanıtmaqda misilsiz olan, ilk "Buxara tarixi"ni yazmış, Buxaranı "İslam aləminin Roması" adlandıran əfsanəvi Vamberinin portreti niyə yoxdur, bilmədim...



Yəhudi əsilli macar professoru, şərqşünas Herman Vamberi 1832-ci il martın 19-da Macarıstanda Karpat dağlarının ətəklərində və Dunay çayının sahilində yerləşən Presburq şəhəri yaxınlığında dünyaya gəlib. 81 il yaşayıb. 15 sentyabr 1913-cü ildə Budapeştdə dünyasını dəyişib. Vamberi dədə-babaları Macarıstana köç etmiş bavariyalı bir musəvi ailəsinin övladıdır, valideynlərini erkən yaşlarında itirib. Bir meyxanəçinin ögey oğlu olaraq böyüyüb. Türk dilini iyirmi yaşında öyrənib. Ali təhsilini Budapeştdə alıb. 1857-ci ildə İstanbula səfər edən Vamberinin osmanlıdakı ilk dostları əvvəlcə türk aydınları olub. İstanbula ikinci gəlişində (1890) II Əbdülhəmidlə şəxsi münasibətlər qura bilən Vamberiyə sultan aylıq maaş ayırmış, onu ordenlə təltif etmişdi. Vamberi bir müddət İstanbulda yaşamalı olmuşdu. "Əbdülhəmid də məni sevərdi. Hətta Yıldız sarayında müsafiri belə oldum. Hüzuruna girdiyim zaman mənə öz əlləriylə siqaralar ikram edərdi. Mən ingilis siyasətilə, sabiq sultanın politikasını birləşdirmək istədim. Çalışdım. Əbdülhəmid də sözlərimi dinlədi...".

Vamberi Erməni məsələsində türk dünyasının yanında olmuş ilk avropalı alimdir. Zamanında Avropa mətbuatında erməni yalanlarına qarşı ən sərt mövqe sərgiləyən tək alim odur. 1894-cü ilin 4 iyununda İngiltərənin xarici işlər nazirinə yazırdı ki, "Mən bir Erməni Dövlətinin qurulmasına yönəlik hər addımı İngiltərənin çıxarlarına yönəlmiş bir təcavüz olaraq dəyərləndirirəm. Bu səbəblə, istər mühafizəkar olsun, istər liberal İngiltərənin bütün vicdanlı dövlət adamları ermənilərin bu xam xəyallarına "dur!" - demək zorundadırlar".

Təəssüf ki, II məşrutiyyətdən sonra Gənc Türklər Vamberini yəhudi, yaxud ingilis olduğuna görə yox, yalnız II Əbdülhəmidin dostu olduğu üçün türk iltifatından məhrum etdilər, maaşını kəsdilər və bütün həyatını türklüyə xidmətdə keçirmiş, Macarıstanda və İngiltərədə erməni yalanlarına qarşı geniş ideoloji cəbhə açan və türk milləti uğrunda çalışmağı özünə vicdan borcu bilən belə bir Vamberinin gündəlik məişət təminatı məhdudlaşdırıldı, Məclisi-Məbusanda əleyhinə fikirlər səsləndirildi və türk dostu Vamberi ingilis casusu olaraq sıra dışı edildi.

Mim Kemal Öke onu "dövlətlərarası casus" adlandırır. Əslində, Vamberi tarixdə nadir təsadüf olunan o "xəfiyyələrdəndi" ki, sanki eyni zamanda iki tərəfə - həm Osmanlı sultanlığına, həm də İngils Krallığına xidmət göstərmişdi. Amma görünən odur ki, Vamberi yaxınlaşdırmaq istədiyi iki qütbün arasındadır. İstanbul sarayındakı münasibətləri yazılı şəkildə İngiltərə hökumətinə yetirir. İngilis siyasətinin atacağı addımları Sultan Əbdülhəmidə söyləyir. İstanbulda olduğu sıralarda Nuri-Osmaniyyə səmtlərindəki mədrəsələrə, az qala, hər gün gedir. İslamı öyrənir. Hətta Səmərqənddə, Buxarada, Xivədə hörmətlə qarşılanan bir Nəqşbəndi şeyxi olur. Öldüyü gün əlində "Tövrat" var imiş. Ancaq son nəfəsinədək ateist olduğunu söyləmişdi...

***

1861-ci ildə Həcc ziyarətindən qayıdan türküstanlı zəvvarlarla birgə İstanbuldan nəqşbəndi təriqətinə mənsub şeyx qiyafəsində Orta Asiyaya girən Vamberinin bu tarixi səfəri türk-islam aləminə çox elmi dəyərlər qazandırsa da, buna rəğmən, Yusuf Akçuranın yazdığı kimi, bu tarixi səfərdən sonra "Avropa dövlətlərindən, xüsusən, İngilis hökumətindən böyük qayğı görmüşdür. Messaroşun bildirdiyinə görə, Vamberi "doğu dillərini və idarə tərzini tanımasına görə İngiltərəyə böyük xidmətlər etdi. Beləliklə, çalışqanlığı və zəkası sayəsində böyük sərvət sahibi oldu. Bu sərvəti ilə ömrünün sonunda maddi bağımsızlığa nail oldu".

Akçura onu da əlavə edir ki, Vamberi bir gün mənə də Yavuz bəyə ("Gülüstan və Xaristan" yazarı, Osmanlı imperatorluğunun Budapeştdəki Baş konsulu mərhum Əhməd Hikmət bəyə) söylədiyini təkrar etmişdi: "İngilislər məni sevərlər. Çünki onlara Asiyanı tanıdan ilk adam mən oldum. Onlar məni dinlədilər. Hətta İngiltərə kral xanədanının ayrı-ayrı üzvləri ilə dost oldum. Onların iltifatını gördüm". (Yusuf Akçuranın "Türkçülüyün tarixi"ndə qələmə aldığı bu fikirlər eynilə Əhməd Hikmət bəyin "Müstəşrik Vamberi" məqaləsində də təkrarlanır).

Nazim Özen "Turançı hərəkatlar. Macarıstan və Türkiyə" adlı çox dəyərli araşdırmasında Vamberinin 1868-ci ildə Budapeştdə dərc etdirdiyi məqalələrinə istinad edərək bildirir ki, "Turanı bir etnoqrafik termin olaraq macar cəmiyyətinə tanıdan Herman Vamberi olmuşdur. Vamberi daha da irəli gedərək Turan irqi anlayışını da işlətməkdən çəkinməmişdir".

Zəki Vəlidi Toğana görə, "Pantürkizm" fikri də macar Vamberi tərəfindən 1868-1874-cü illər arasında irəli sürülmüş olub İngiltərə hökuməti tərəfindən də Osmanlı imperatorluğunu Orta Asiyada ruslara qarşı kəndisiylə müttəfiq bulundurmaq məqsədiylə bir müddət dəstəklənmişdir".

On iki dil bilən "Vamberi Türklərin moğolların, hunların, macarların yəni Turan topluluqlarının əqrəbası olduğunu savunmuşdur... Türkistanda İngiltərə və Rusiya arasındakı politik düşmənlikləri anladan məqalə və yazılar yazmışdır. Ayrıca türk dili və kültürü üzərinə çeşidli yazılar yazmışdır". (David Kuşner).

Əsərlərini alman, macar və ingilis dillərində yazan Vamberi Turan düşüncəsini Avropaya təlqin edən ilk alimdir.

Herman Vamberi bir sıra tədqiqatlarda, dediyim kimi, dövlətlərarası bir casus olaraq tanıtdırılır. Eyni aqibəti bir qədər fərqli şəkildə Seyid Cəmaləddin Əfqani də yaşamışdı. Seyid Camalla Vamberinin arasındakı fərq burasındaydı ki, yəhudi əsilli Vamberi Rusiyaya qarşıdır. Cəmaləddin Əfqani isə təhlükə hansı tərəfdən gəlirsə, mübarizəni həmin istiqamətlərdə aparır. Cəmaləddin Əfqani Nəsrəddin şahı qətlə yetizdirir, Vamberi isə rus çarının süqutuna çalışır...

"Beynəlmiləl casus" Vamberi, özünün də etiraf etdiyi kimi, Türk dünyası üzərinə araşdırmalarını ingilislərin, yaxud yəhudilərin nəfinə aparmayıb: "İnkar etmirəm, mən səyahətimi, şöhrətimi, təcrübələrimi o zamanın Osmanlı dövlət adamlarına borcluyam... Bütün Asiya əqvamının ruhlarında, qəlblərində nə böyük mövqeyiniz olduğunu heyrətlə öyrəndim. Fəqət İstanbula dönərkən bu müjdələrimdən istifadə edilmədi. Çünki gətirdiyim xəbərlərə kimsə əhəmiyyət vermirdi. O vaxt üçün gözünüz Avropaya, Dunay sahillərinə dikilib qalmışdı. Asiya çöllərindən gələn sıcaq salamlardakı ləzzəti təqdir etmirdiniz... Bu surətlə səyahətim Türkiyə hesabına ikən İngiltərə mənfəətinə nəticələndi. Halbuki mən macarların əcdadını aramağa çıxmışdım".

Bu sözlərin müəllifinə casus deməyə adamın dili gəlmir.

Vamberinin türkoloji və türk düşüncəsi qarşısındakı xidmətləri çoxdur. Avropada panturanizmin ideoloji qurucusu olan bu dərviş Türküstanda olduğu müddətdə şaman qaynaqlarına enir, "Koroğlu" dastanını elmi müzakirələrin predmetinə çevirir, Macarıstan Elmlər Akademiyasının müxbir üzvü seçilməsinə səbəb olan cağatay ləhcəsi barədə tədqiqlər aparır, Azəri türkcəsi barədə nəzəri mülahizələr irəli sürür, türk mifoloji qaynaqlarına enir... 1870-ci ildən etibarən Balasaqunlu Yusif də, Əhməd Yəsəvi də, "Qutadqu Bilik" də, "Divani-Hikmət" də, Nəsimi də, Məhtimqulu da Avropada ilk dəfə onun tədqiqləri ilə tanınır.

1870-ci ildə "Qutadqu Bilik"in minə yaxın beytini tərcümə və transkripsiyası" ilə Budapeştdə nəşr etdirir.

Əmir Teymur barədə yazılmış və bu günə qədər elmi əhəmiyyətini itirməyən ən maraqlı əsərlərdən biri də fiziki baxımdan elə Əmir Teymur kimi axsaq olan Vamberinin qələminə məxsusdur.

Vamberi "Orta Asiyaya səyahət" əsərində "Divani-hikmət"in əldə etdiyi orijinal bir nüsxəsini Avropaya apara biləcəyindən böyük məmnunluqla danışır və əsəri tərcümə edəcəyini də vəd edirdi. Məhəmməd Salehin "Şeybannamə"sini Vyanada nəşr etdirən də, Məhtumqulunun 48 şeirini tapıb onları 1879-cu ildə Leypsiqdə nəşr etdirən də odur.

Türküstandakı "bir ingilis casusu"nun tapıb dünyaya faş etdiyi şeirə baxın:

Ya Həbib, haq Rəsulsan.

Çün candan sevmişəm səni.

Dərvişlər qədir gecəsini

Sevəntək sevmişəm səni.



Daha casusluq bu adamın nəyində qaldı? Xarakterinin, zəkasının hansı əlamətində göründü? Məsələni Fateh Kərimi daha dürüst və dəqiq ifadə etmişdi: "Vamberi türk dostu, ingilis tərəfdarı, Rusiya düşməni idi. Buna görə onun adı Rusiya Çarlıq dövründə məqbul sayılmayan adamların sırasında çəkilirdi".

Zamanında Vamberi Azərbaycan aydınlarının da sevimlisi olub. 1911-ci ildə "Yeni Füyuzat" dərgisinə yazdığı məktub Vamberinin Azərbaycan barədə qənaətini ifadə etməkdədir: "Əlli sənədən əvvəl qövliniz türklərin şu qədər irəli gələcəklərini heç xəyal etməzdim. Lakin həmd olsun ki, oyanmalarını görməyə müvəffəq oldum".

Böyük Fateh Kərimi haqlıdır. Vamberi türk dostudur. Məncə də türk dostudur. Bəni-israil qövmündəndir (bəlkə də musəvi xəzərlərdəndir), özünü, az qala, türk zənn edən, türk dünyasının tədqiqinə çalışan türk dostudur. "Tatarların mədəni tərəqqisi" adlı kitabında İsmayıl bəy Qaspıralı barədə yazdığı sözlər Vamberinin türkdən ayrı olmadığına, türk üçün çalışdığına, türklə qürur duyduğuna dəlalət etmirmi? "Tatarların mədəni devrimində birinci hərəkət və zərbə, mükəmməl təhsil görüb, hizmətindən əsla yorulmamış həmiyyət sahibi İsmayıl bəy Qasprinski tərəfindən meydana gətirilmişdir. 1883-cü ildə, Baxçasarayda "Tərcüman" qəzetəsinin yayınıyla tatarların fikrini oyandırdı. O zamandan bəri bu qeyrətli zat, sosial həyatın iyiləşdirilməsi, yeni təhsilin yayğınlaşdırılması üçün çox qeyrətlər sərf edib, tatarların təhsil və mədəniləşmə dərəcələrinin yüksəldilməsinə səbəb olmuşdur. İsmayıl bəy iş görmənin yolunu bilən bir insan olduğundan, mühafizəkar və cahil mollaların hər cür hücum və müqaviməti onu ürkütmədi. Əksinə, o, mollaların yeni elmlər və fənlərdən, zamanın fikirlərindən xəbərsiz olmaları səbəbilə, millətinin vücuduna pək qorxunc yaralar açılacağını anladaraq mollaların özlərini yeniləşməyə, mədəniləşməyə dəvət etdi...".

Hələ üstəlik, Vamberini Sultan II Əbdülhəmid dəyərləndirirdi: "Professor Vamberini çox əlaqə çəkici bilirəm. "İslamiyyəti mədəniyyətə düşmən kimi göstərmək ancaq cahillərə və ya qəlibləşmiş təəssübü olan xristianlara xasdır" - deyir. "İslamiyyəti mədəniyyət düşməni olaraq göstərən fikirlərə ciddi olaraq cavab verməyə belə dəyməz" - deyə haqlı olaraq əlavə edir. Ortaçağda müsəlmanlar, sənət və elmdə o qədər böyük əsərlər vermişlər ki, indi dinimizin tərəqqiyə mane olduğunu söyləmək gülüncdür və həqiqətlərə gözünü qapamaq deməkdir".

***

Budapeşt Universitetində 1870-ci ildə türkoloji kafedranı o qurmuşdur.

Vamberi 1908-də Budapeştdə qurulan Türk Ədəbiyyat Cəmiyyətinin fəxri başqanı olmuşdu.

1910-cu ildə Macarıstanda qurulan Turan Cəmiyyətinin fəxri rəhbərliyinə Vamberi və sonralar Macarıstanın baş naziri olmuş Kont Pal Teleki gətirilmişdi.

Ömrünün böyük bir qismini İngiltərədə yaşadı. Türkoloji sahəsindəki uğurlarına və İngiltərə hökuməti qarşısındakı xidmətlərinə görə "Koroleva Viktoriya" ordeni ilə təltif olundu.

***

Vamberi barədə yazımı onun türk tarixinə ehtiram dolu sözləri ilə bitirmək istəyirəm: "Türklərin əsgər, siyasi, hakim və cahangir bir millət olduqlarını inkar edən tapılmazsa da, bəşəriyyətin mədəniyyətə təkamül və tərəqqisində mühüm və şərəfli bir hissələri olduğuna şübhə edənlər az deyildir. Lakin bu şübhə də sırf bilməməkdən, türklərin tarixinin dərindən öyrənilməmiş olmasından irəli gələr".

Vamberi Avropada türk tarixinin dərindən öyrənilməsinə cəhd edənlərin, bəlkə də, birincisiydi...

P.S. Vamberi barədə dünən gecə yazdığım bu yazını bu gün redaksiyadakı iş otağımda nəzərdən keçirirəm. 40 illik dostum Firudin Qurbansoy içəri girir. Söhbət əsnasında əlindəki bağlamanı mənə uzadır və deyir: "Sənə bir hədiyyəm var. Budapeşt Universitetinin Şərq dilləri və ədəbiyyatı professoru Vamberinin "Buxara tarixi" kitabının 1872-ci ildə Ştutqartda çıxmış ilk nəşridir".

Matım-qutum qurudu. Bu nə idi? Yoxsa haqqında yazmağım "saxta" dərviş Vamberinin ruhuna əyan olmuşdu? Gəl indi mistikaya inanma. Və bir daha inandım ki, Vamberinin qərib ruhu və obrazı Azərbaycan türkologiyasına qayıtmalı və şükranlıqla anılmalıdır.

16 sentyabr 2020

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->