Ölkə 18:16 06.08.2020

“Ermənistan təlimlərdəki müasir silahlardan döyüşlərdə istifadə edəcəyimizə görə narahatdır”

"Türkiyənin istifadə etdiyi məhsulların bizim üçün əlçatan olması heç kim üçün sirr deyil, olmamalıdır da”.

Qaynarinfo xəbər verir ki, bunu "MediaPost”a açıqlamasında "Ordu.az” saytının hərbi eksperti Ədalət Verdiyev deyib.

Onun fikrincə, belə genişmiqyaslı təlimlərdə bölmələrin döyüşə hazırolma qabiliyyəti yoxlanılaraq qiymətləndirilir:

"Bu təlimlərdə təbii ki, son baş verən hadisələrin ssenariləri də daxil olmaqla, Azərbaycanın yeni əldə etdiyi silah-sursatların, yeni döyüş taktiki fəndləri sınaqdan keçirəcəyi şübhəsizdir. Diqqət etsəniz, 2015-ci ilin sentyabrında da böyük təlimlər keçiriləndə Azərbaycanın əldə etdiyi müasir silah sistemləri sınaqlardan keçirildi. Bundan sonra Aprel döyüşlərində həmin təlimlərdə iştirak edən yeni silahlar, yeni metodlar və s. istifadə olundu. Ermənilər də bu perspektivdən narahatdırlar”.

Hərbi ekspert bildirib ki, Ordumuzun döyüş potensialı real hərbi təhdidlərin aradan qaldırılmasına imkan verir: 

"Hazırda Azərbaycan Ordusu bütün təxribatların qarşısını almağa qadirdir. Təkcə ordu yox, eləcə də Azərbaycan cəmiyyəti də milli ruha köklənib. Bu gün Azərbaycanda 60 min insan hərbi komissarlıqda qeydiyyatdadır, siqnal gözləyir. Ordumuzun arsenalında çoxlu müasir silah sistemləri, döyüş sursatları, texniki vasitələr, hərbi texnikalar mövcuddur. Türkiyənin istifadə etdiyi məhsulların bizim üçün əlçatan olması heç kim üçün sirr deyil, olmamalıdır da. Necə ki, Azərbaycan nefti, qazı Türkiyəyə əlçatandır, eyni qədər də Türkiyənin texnologiyası Azərbaycana əlçatandır. Bəllidir ki, artıq dünyada Türkiyə silahı on milyardlıq ixrac ilə Rusiyaya yaxınlaşmaq üzrədir. Rusiyanın satdığı silahlar içində qırıcının biri 50-70 milyon ABŞ dolları arasındadırsa, Türkiyənin satdığı daha ucuzdur. Satdığı silahlar innovativ, müasir modellərdir. Buna görə də, qısa müddətə on milyardlıq səviyyəni əldə etmək ciddi göstəricidir”.