Xəbər lenti

Siyasət 19:25 08.01.2021

Ermənistanın Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etməsi... - Partiya sədrlərinin şərhi

"Fikrimcə, erməni tərəfi bununla gələcəkdə Qarabağın dağlıq hissəsində Azərbaycan vətəndaşı olaraq yaşayacaq ermənilərin Ermənistana vizasız gedib-gələ bilməsi üçün hüquqi zəmin hazırlayır".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Ermənistana vizasız gedib-gəlməyə icazə verilən xarici ölkələr arasında Azərbaycanın da adının yer almasını şərh edərkən deyib. Partiya sədri bildirib ki, Azərbaycan bu məsələdə qəti qərarını açıqlayıb:



"Bu qərar ondan ibarətdir ki, Qarabağda yaşamaq istəyən ermənilər yalnız bizim Azərbaycan vətəndaşı olaraq yaşaya bilərlər. Görünür Azərbaycan qanunvericiliyində ikili vətəndaşlığın qadağan olunduğunu, həmçinin bölgədə yaşayacaq erməni əhalinin yaşadığı ölkənin vətəndaşlığını qəbul etməsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyini bilən erməni tərəfi belə qərar verib".

AĞ Partiyanın başqanı Tural Abbaslı isə bildirib ki, Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb:



"Bu adi bir məlumatdır. Azərbaycanın adının o siyahıya salınması o demək deyil ki, Ermənistana gedəcəyik, yaxud da ora gediş-gəlişimiz sərbəst olacaq. Düşünmürəm ki, yaxın zamanlarda bu reallaşsın. Azərbaycanın adınının həmin siyahıya salanması münasibətlərin düzəlməsinin göstəricisi deyil. Diplomatik münasibətlərin bərpa olunması haqqında saziş imzalanmayıb. Ola bilsin ki, bu protokol yanaşma, yaxud da birinci addımdır".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->