Ermənistanın nəzarətsiz AES-i: region əhalisi təhlükədədir (ŞƏRH)

Ermənistanın nəzarətsiz AES-i: region əhalisi təhlükədədir (ŞƏRH)

Atom fizikası elmdə son yüz ilin uğurlarından sayılır. Ancaq bu sahə bəşəriyyət üçün faciələr də yaradıb. İnsanlıq 1945-ci ilin avqustunda Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombası, ondan 41 il sonra Ukraynanın Çernobıl şəhərində eyniadlı atom elektrik stansiyasında baş vermiş qəzanın faciələrini də unutmayıb. Qeyd edək ki, 1986-cı il aprelin 26-da Ukrayna SSR-in şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda qəza baş verib. Bu faciə nəticəsində ölənlərin, yaralananların və şüalananların sayı hələ də dəqiq bilinmir. Ancaq onların onlar və yüzlərlə olduğu barədə məlumatlar var. Bu hadisənin ağır və acı nəticəsi hələ də qalır. Stansiya ərazisi izolyasiya edilib. Bu faciədən 35 il ötür, ancaq izləri hələ də silinməyib. Çernobıl qəzası maddi-mənəvi ziyanına və insan itkisinə görə tarixdə ən faciəvi nüvə stansiyası qəzası sayılır. Atom Enerjisi Beynəlxalq Nüvə Hadisə şkalasında təsnifatda maksimum 7-ci səviyyəli böyük qəza sayılır. Digəri 2011-ci ildə Yaponiyadakı Fukusima AES-də baş verən fəlakətdir.



Bu günlərdə Yaponiyada "Kasivadzaki-Kariva” AES-in fəaliyyəti dayandırılıb. Bu barədə ölkənin Atom Energetikasına Nəzarət üzrə Dövlət Komitəsi qərar qəbul edib. Məlumata görə, stansiyada təhlükəsizliklə bağlı bəzi pozuntular aşkarlanıb. Belə ki, AES terrorçuların ehtimal olunan hücumundan kifayət qədər qorunmayıb. Stansiyanın sahibi "Tokyo Electric Power” energetika şirkətidir. O, "Kasivadzaki-Kariva” AES-in reaktorlarına nüvə yanacağı yükləyir. Bildirilib ki, bu tədbir Yaponiya tarixində ilk dəfədir görülür. "Kasivadzaki-Kariva” ölkənin ən güclü Atom Elektrik Stansiyası sayılır.


Atom nüvə texnologiyasına yiyələnən Azərbaycanın yerləşdiyi region dövlətlərindən biri də İrandır. Bu ölkədəki AES-in fəaliyyəti ölkə iqtisadiyyatına hələ ki elə böyük əhəmiyyət kəsb eləmir. Son zamanlar Tehran rəsmiləri uranın zənginləşdirilməsi ilə bağlı narahatedici bəyanatlar verirlər. Bu günlərdə İran prezidenti Həsən Ruhani uranı 60 faizə qədər zənginləşdirdiklərini bildirib. Son 9 ayda İranın Nətənzdəki atom elektrik stansiyasında iki qəza baş verib. Bunlardan biri 2020-ci ilin iyulunda, digəri isə 2021-ci ilin aprelində olub. Tehran rəsmiləri hər iki hadisə nəticəsində insan itkisi və radioaktiv sızıntının olmadığını bildirib. Bununla belə, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi insidenti "nüvə terrorizminin təzahürü” adlandırıb.


Deməli, AES-in tikintisi və istifadəsi üçün yüksək texnologiya və mühəndislik işi yetərli sayılmır. Son 30 ildə dünyada baş verən terror hadisələri onun təhlükəsizliyinin təmin edilməsini də əsas amillərdən edib. Çernobıl faciəsi sübut etdi ki, ölkədəki AES açıq şəraitdə mövcud olan atom bombasıdır. O zamanlar bunu keçmiş SSRİ-yə təzyiq vasitəsi kimi də tətbiq edirdilər. O zaman məlum oldu ki, sovetlər dövründə bu sahədə ölkə vətəndaşlarından gizlədilən çoxlu mətləblər var. Belə ehtimal edilir ki, SSRİ-nin dağılma səbəblərindən biri də Çernobıl hadisəsi idi. Çünki bu qəza keçmiş sovet respublikalarına insan itkisi və maddi baxımdan çox böyük ziyan vurub.


Son günlər Ermənistanda yeni atom elektrik stansiyasının tikiləcəyi ilə bağlı bəyanatlar verilir. Ölkənin baş naziri Nikol Paşinyanın bu yaxınlarda Moskvaya səfəri zamanı da Rusiya rəsmiləri ilə yeni AES-in tikintisi müzakirə edilib. Ancaq erməni ekspertlər bunun texnoloji və s. cəhdlərini kənara qoyub daha çox maliyyə tərəfini təhlil edirlər. Onların qənaətincə, bu stansiyanın inşasına 5-7 milyard ABŞ dolları məbləğində maliyyə vəsaiti tələb edilir. Bununla belə Ermənistandakı mövcud Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün təhlükə mənbəyi olaraq qalır. Qeyd edək ki, 2014-cü ildə Rusiya ilə Ermənistan arasında AES-in 2026-cı ilədək istismar müddətinin uzadılması üzrə hökumətlərarası razılaşma imzalanıb. 2015-ci ilin fevralında isə 270 mln. ABŞ dolları həcmində dövlət krediti və 30 mln. ABŞ dollarının təqdimatına dair razılıq əldə edilib. Bildirilib ki, stansiyanın radioaktiv tullantılarının daşınmasında da problem yaranıb. Tullantının miqdarı çox olduğundan onun ölkə ərazisindən çıxarılaraq Rusiyaya daşınması əsas məsələ olaraq qalır. Tullantıların təyyarə ilə daşınması mümkün deyil. Gürcüstan üzərindən quru yolla daşınması bir sıra səbəblərə görə reallaşdırmaq olmur. Ona görə də tullantılar ölkə ərazisindəki keyfiyyəti məlum olmayan quyularda saxlanılır. Bu isə bölgə dövlətləri üçün təhlükə yaradır.


Yeri gəlmişkən, Metsamor stansiyası Türkiyə sərhədindən 17,5 km, İran sərhədindən 60 km, Azərbaycan sərhədindən isə 75 km məsafədə yerləşir. Ermənistanın hazırkı böhranlı vəziyyətində stansiyaya qulluq etmək üçün maliyyə vəsaiti çatışmazlığı istisna edilmir. Bu isə onun təhlükəsiz istismarının mümkün olmadığı ehtimalını artırır. BMT-nin energetika məsələləri üzrə eksperti Ara Mərcanyan bu günlərdə bildirib ki, Ermənistandakı Atom Elektrik Stansiyasının təmiri ən azı 2-3 il gecikib. Hələ bir neçə il qabaq ABŞ dövlət katibi müşavirinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubinin sədrlik etdiyi iclasda bu stansiyanın fəaliyyəti də müzakirə olunmuşdu. Onda Ermənistan stansiyanın fəaliyyətini dayandıracağına dair sənəd imzalamışdı. Sənədi Ermənistan tərəfdən o vaxtkı energetika naziri Armen Movsisyan, ABŞ tərəfdən isə Ermənistandakı keçmiş səfir Con Heffern imzalamışdılar. Onda səfir bildirmişdi ki, ABŞ Avropa İttifaqının atom stansiyasının 2016-cı ilədək dayandırılacağı barədə mövqeyini bölüşür. Göründüyü kimi, Ermənistan hakimiyyəti AES-in fəaliyyətini dayandıracağı ilə bağlı öhdəliyi yerinə yetirmir. Bu isə Metsamordakı stansiyanın beynəlxalq ictimaiyyətin nəzarət və icazəsi olmadan istismar edildiyi deməkdir.


Beləliklə, Cənubi Qafqazda nüvə təhlükəsi var. Bölgə əhalisinin həyatını Ermənistan nəzarətsiz, müddəti keçmiş, radioaktiv tullantısını basdıra bilməyən AES-in fəaliyyəti ilə təhdid edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və atom-nüvə texnologiyasından istifadəyə xeyir-dua verən dövlətlər - ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Çin Metsamorun ziyanlı fəaliyyətinə göz yumur. İranın bu istiqamətdə fəaliyyəti beynəlxalq ictimaiyyəti narahat etdiyi halda Ermənistandakı stansiyanın istismarına etinasız yanaşırlar. Belə çıxır ki, beynəlxalq ictimaiyyət başqa məsələlərdə olduğu kimi, Ermənistanın atom-nüvə texnologiyası sahəsindəki ziyanlı və zərərverici fəaliyyətini görməzliyə vurur. Onlar 30 ilə yaxın idi ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla beynəlxalq hüququ pozur, işğala son verməsinə dair imzaladığı sənədlərə məhəl qoymurdu. Ancaq Azərbaycan Ordusu 44 gün ərzində onlara yerini göstərdi. Görünür, Ermənistan ancaq zor və güc tətbiqi ilə reallığı qəbul edir. Odur ki, nüvə texnologiyasından istifadə ilə bağlı beynəlxalq normaları saymadığı üçün Ermənistana sanksiyanın tətbiq edilməsinin vaxtı çoxdan çatıb. Sanksiya tətbiq edilmədiyindən ölkə rəhbərliyi, ermənilərin sponsorları və beynəlxalq ictimaiyyət ("altılıq”) Cənubi Qafqazdakı 16 milyon 711 min 809 nəfərin həyatını, sağlamlığını təhlükə altına qoyub.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR