Xəbər lenti

Ermənistanın yeni rəhbərliyi müharibə istəyir?
Siyasət 23:30 20.06.2018

Ermənistanın yeni rəhbərliyi müharibə istəyir?

Son dövrlərdə Ermənistanın yeni rəhbərliyinin fəaliyyəti rəsmi Yerevanın Dağlıq Qarabağ münaqişəsinin həllində nəinki maraqlı olmadığını, hətta vəziyyəti gərginləşdirmək istədiyini göstərir. Nikol Paşinyanın baş nazir seçilən kimi ilk səfərini Azərbaycanın işğal olunmuş ərazilərinə etməsi, ardınca Ermənistan prezidenti Armen Sarkisyanın işğal altındakı Kəbəcər rayonuna gedişi də belə düşünməyə əsas verir.

Paşinyanın erməni işğalı altında olan torpaqlarımızı, qoşunların təmas xəttini, belə demək mümkünsə, su yoluna döndərməsi, bir az da irəli gedərək qondarma rejimin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlarda tərəf kimi iştirak etməli olduğunu bəyan etməsi onun əsl məqsədinin diqqəti baş nazir seçilmək üçün küçələrdə etiraz aksiyaları keçirdiyi vaxt xalqa verdiyi, lakin indi yerinə yetirə bilmədiyi boş vədlərdən, ümumilikdə isə ölkədəki ağır vəziyyətdən münaqişəyə cəlb etmək olduğunu aşkara çıxarır. Bu, əslində köhnə taktikadır. Azərbaycan tərəfi Serj Sarkisyan hakimiyyətinin də belə uğursuz, yeknəsəq taktikalarını az görməyib. Lakin görünən budur ki, Paşinyan bu məsələdə sələfini də ötüb keçmək istəyir.

Rəsmi Bakı erməni rəsmilərin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini haqlı olaraq təxribat, status-kvonun saxlanılması üçün atılan addım və müharibəyə çağırış (!) kimi qiymətləndirir. Ermənistan rəhbərliyinin bu davamlı siyasəti regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyur.

Artıq erməni mətbuatı da təxribat xarakterli, cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yönəlmiş məlumatların sayını artırıb. Bu yaxınlarda Xankəndi üzərində guya Ermənistana məxsus qırıcı təyyarələrin uçuşlar keçirməsi ilə bağlı yayılan məlumatlar da buna xidmət edir.

Azərbaycan Müdafiə Nazirliyi isə iyunun 16 və 17-də xüsusi vasitələrlə çəkilmiş Xocalı aeroportunun foto və video görüntülərində hər hansı bir qırıcı təyyarənin müşahidə olunmadığını bəyan etdi. Qalxma-enmə zolağı yaxınlığında yalnız köhnə istehsal olan, uzun müddət uçuşlara cəlb edilmədən orada saxlanılan 1 ədəd L-39 təlim, 2 ədəd Yak-52 təlim-məşq, 1 ədəd CH-701 yüngül gəzinti təyyarəsi və 1 ədəd çoxməqsədli Mi-8 helikopteri müşahidə olunur.

Ermənistanın yeni rəhbərliyinin köhnə hakimiyyətdən də bərbad siyasət yürütməsi əslində ölkənin vəziyyətini daha da qəlizləşdirəcək. Serj Sarkisyanla qısamüddətli görüşündə "cənab Sarkisyan, siz həqiqətən də ölkədə vəziyyətin ciddi olduğunu anlamırsınız” deyən Paşinyanın baş nazir seçilməzdən əvvəl qabartdığı problemlərlə məşğul olmaq əvəzinə, daha çox qondarma rejimə diqqət ayırması onun siyasi səbatsızlığını sübut edir.

Bəlkə doğrudan da Paşinyan müharibə qığılcımlarını alovlandırmaq istəyir? Məgər 2016-cı ildə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan aprel döyüşləri ermənilərə dərs olmadımı? Halbuki Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizi azad etməyə hər an hazır olduğunu, Ermənistan qoşunlarından qat-qat güclü olduğunu, daha müasir silahlarla təchiz edildiyini rəsmi Yerevan da çox gözəl bilir.

Təbii ki, Paşinyanın tutduğu bu siyasi kurs çox davam edə bilməz. Populist çıxışlarla, görüntü xətrinə fəaliyyətlə nəticə əldə etmək olmaz. Bu gedişlə yeni rəhbərliyin aqibəti qaranlıq görünür. Necə deyərlər, hay-hayla gələn vay-vayla gedər.(trend.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->