Xəbər lenti

Çernobıl, xilaskar ata və mən
Vahid Qazi
Ölkə 10:34 11.06.2019

Çernobıl, xilaskar ata və mən

Vahid Qazi 
 
Sovet deyəndə dodağı dörd yerdən çatlayanlara təzəcə çəkilmiş ”Çernobıl” serialına baxmağı məsləhət görürəm. Müstəqillik illərində doğulan gənclərə isə baxmağı ona görə tövsiyyə edirəm ki, hansı mənəvi-siyasi irsin daşıyıcısı olduğumuzu bilsinlər. 28 ildi insan yönlü cəmiyyət qura bilməməyimizin səbəbi haqda düşünəndə bu bilgi gərəkləri olar.

”Durak” nə qədər sovetin rəsmi varisi indiki Rusiyaya güzgü tutan filmdisə, o serial da bizim bəzən xoş xatirələrlə andığımız, hərdən lap nostalji duyğular yaşadığımız, əslindəsə gerçək simasını görmədiyimiz sovetin mahiyyətini sərgiləyir.

Filmdə o dəhşətli səhnələri seyr edərkən, xüsusən də bəxtsiz sovet əsgərlərinin faciəli durumuna baxarkən istər-istəməz öz əsgərlik çağım yadıma düşdü. Atamın Çernobıldan məni necə xilas etməsini xatırladım.

Söz vaxtına çəkər, 1986-cı ilin iyun ayı idi, atam, dayım, əmim məni əsgərliyə yola salmaq üçün Biləcəriyə gəlmişdilər. Maraqlanıb öyrəndilər ki, bu günkü çağırışçıları Ukraynaya aparırlar. Bunu eşidəndə atamın düşdüyü halı kaş təsvir edə biləydim. Onun ”Çernobıla aparırlar!” nidası hələ də qulağımdadı. Atamın üzündə əvvəllər heç vaxt şahidi olmadığım bir təşviş gördüm. İki ayağını bir başmağa dirədi: ”Olmaz, ora olmaz!”

Kiminlə nə danışdıqlarını bilmədim, tək onu bildim ki, məni bir həftə sonrakı ”otpravka”ya saxladılar. Dayım dost-tanışı işə saldı, atam kiməsə görüm-baxım elədi, nəhayətdə, Kuybışevə, indiki Samara şəhərinə gedənlərin siyahısına düşdüm.

Çernobıl qəzasından iki ay keçmişdi. Oradan təzadlı xəbərlər gəlirdi. Faciənin miqyasından heç kimin xəbəri yox idi, heç atam da əslində orada nə baş verdiyini sonacan kəsdirmirdi. Amma elə bil serialdakı dərisi əriyib paltarına qaynaq olan əsgərləri gözüylə görmüşdü.

Bir sözlə, o vaxt atamın panik təkidiylə atom şüalanmasından uzaq bir yerə göndərildim. Buna nəyin ironiyası deyim, bilmirəm – Kuybışevdə təlimlərdən sonra Orenburqun Totsk deyilən səhrasında piyada motoatıcı diviziyaya düşdüm. Qışda mənfi 50 dərəcə şaxta, çöllü-biyaban, köhnə sovet tankları, bir də şəkildə gördüyünüz arıq, çəlimsiz sovet əsgəri…


Bura 1954-cü ildə atom bombası atılmış Totsk poliqonudur.

Taledən qaçmaqmı olar, illah da SSRİ kimi ölkədə!

Sonralar biləcəkdim ki, poliqonunda tank sürməyi öyrəndiyim Totskda 1954-cü ildə marşal Jukovun komandanlığı altında atom silahı sınaqdan keçirilibmiş. Dünya hərb tarixində misli görünməyən qorxunc bir təlimdən danışıram. On minlərlə atı, inəyi, donuzu, it-pişiyi, toyuq-cücəni… və 45 min əsgəri – öz vətəndaşını hərbi sınağa görə qurban verən bir dövləti gözünüzün qabağına gətirin!

Nəyə görə o seriala baxmanızı istəyirəm?

Bilirəm, Svetlana Aleksiyeviçin Nobel mükafatlı ”Çernobıl duaları. Gələcəyin xronikası” kitabını oxumağa vaxt yoxdu. Ciddi kitabların pop-kültür kölgəsində qaldığı zəmanədə yaşayırıq. Baxsanız, görəcəksiniz ki, ”Çerbonıl” mini-serialı insanı ”adam yerinə qoymayan” bir siyasi sistemdən danışır. Belə ölkələrdə vətəndaş insan yox, statistik rəqəmdən başqa bir şey deyil.

”Hər şey insan üçün” prinsipiylə qurulan cəmiyyətlərdən fərqli olaraq, insanın dəyərsiz olduğu siyasi sistemlər bir-birinə oxşayırlar. Belə sistemlər hələ də var və biz buna indi də şahidik.

Bəşər tarixinin ən dəhşətli texnogen fəlakəti haqda xəbəri kommunistlər siyasi propoqanda naminə gizlətməyə çalışdılar. Gizlədə bilməyəndə miqyasını kiçiltməyə can atdılar.


Serialdan kadr

"Çernobıl” serialının tamaşaçıya bir mesajı da odur ki, vicdanı deqradasiya uğramışları hakimiyyətə yaxın buraxmaq olmaz!

Tək Rusiya deyil, əksər keçmiş sovet ölkələri də sosializmin mənəvi varisləri, irs daşıyıcılarıdı. Serialda sadə insanların fədakarlığı, on minlərlə əsgərin, yanğınsöndürənin, şaxtaçının qəhrəmanlığı fonunda öz vətəndaşlarının taleyinə biganə ölkə rəhbərliyi də yer alıb. Xalqa, sadə insanlara keçmiş kommunistlərin münasibətini sonralar da az görmədik.

Azad cəmiyyətlərdə olduğu kimi azad olmayan ölkələrdə də adamlar bərabərdilər. Amma birində hər şeydilərsə, o birində heç nədilər!

Onda atam məni xilas etdi, əks halda o serialdakı qurbanlıq əsgərlərdən biri olmaq ehtimalım çox böyük idi.

İndi atam yaşdayam. Mən də xilaskar olmaq istəyirəm! Xilası balalar üçün insanın ən ali varlıq sayıldığı bir cəmiyyət qurmaqda görürəm.

Mənim nəslim müstəqilliyə nail olsa da, insansevər bir cəmiyyət qura bilmədi. Çünki özündən, daşıyıcısı olduğu müti irsdən azad deyildi.

"Çernobıl” serialına baxın, illah da gənclər! Ataların bir vaxt yaşadığı ölkəni görün və başınıza çarə qılın – özünüzə insan üzlü ölkə düzəldin!


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->