Xəbər lenti

Yaddaşı silinmiş şəhər
Vahid Qazi
Ölkə 14:17 21.07.2023

Yaddaşı silinmiş şəhər

İki il yarım qabaq "Güvən mənə, inanım sənə” yazısında demişdim: Azərbaycanın ən böyük dərdi dövlətlə vətəndaş arasında qarşılıqlı inamın, etimadın olmamasıdır. İndi də problemlərimizin qaynağını sovetin bu mirasında görürəm. "Dövlət vətəndaşına arxalanmalı, onunla açıq dialoqda olmalıdır… Güclü dövlət, azad cəmiyyət və firavan həyat yalnız dövlətlə vətəndaşın qarşılıqlı etimadı yarananda, onlar bir-birinə güvəndiyi zaman qurulacaq. Güvən mənə, inanım sənə, dövlətim!” yazmışdım.

23 iyul doğulub böyüdüyüm Ağdamın işğal günü kimi hopub içimə. 30 il əvvəlki o məşum gündən çox yazmışam, bir də təkrar dönmürəm. Bu gün yazacağım başqadır.


Dövlətin vəzifəsi vətəndaşın təhlükəsizliyini təmin etmək, əmlak hüququ daxil bütün haqlarını qorumaqdır. Vətəndaş dövləti ona görə qurub ki, onu hər təhlükədən qorusun. Bəzən dövlətin özü vətəndaş üçün böyük təhlükəyə çevrilir, ondan danışmıram bu yazıda. Ondan danışıram ki, 1993-cü ilin yayında dövlət öz torpağını, vətəndaşını qoruya bilmədi. Bir neçə ayın içində 6 rayon işğal olundu, yüz minlərlə insan qaçqın düşdü, 30 ilə yaxın məşəqqətli həyat yaşadı. Hələ də tam bitməyən məşəqqət!

İndi o bölgələr azad olunub, yenidən qurulur. Görünən odur ki, bu işdə də dövlət-vətəndaş birliyi yoxdur. Dövlət vətəndaşın rəyini, istəyini nəinki soruşmur, heç deyilənə əhəmiyyət də vermir. Vətəndaş dövlətinə inanmır, dövlət də ona güvənmir.

***

Müharibə zamanı tam dağılmış şəhərlərin bərpa olunmasına aid çox nümunə var. Bu nümunələrdən çıxış edərək şəhərləri bərpa edən dövlətləri iki qrupa bölərdim: tarixinə, vətəndaşına, onun əmlak hüququna sayğı göstərən və göstərməyən.

İkinci Dünya müharibəsindən sonra dağılmış Avropa şəhərlərinin bərpasına bu cür ikili yanaşma oldu. Çox yox, üç şəhərdən misal deyim: Drezden, Varşava, bir də Minsk.

İlk iki şəhərin mərkəzi tarixi hissəsi olduğu kimi tikilib. Tarixi abidələrin bərpası on illər boyu davam edib. Drezdendə bəzi bərpa işlərinə hətta Almaniya 1990-cı ildə birləşəndən sonra başlanıb. Varşavanı bərpa edəndə tək arxitekturanı yox, binaların əvvəlki rəngini də saxlayıblar. Bu öz tarixinə, tarixi yaddaşına hörmət edən dövlətin davranış mədəniyyəti idi.

Minskdə isə belə olmadı. Şəhəri dairəvi sistem üzrə, bir növ Moskvaya bənzədərək yenidən tikdilər. Əvvəlki Minskdən heç bir əsər-əlamət qalmadı. Şəhərin qədim küçələrinin yerində geniş prospektlər çəkildi, tarixi binaların əvəzinə stalinçi neoklassizm stilində meydanlar salındı, evlər tikildi.

Yaşlı belorusdan eşitmişdim, deyirdi kommunistlər Minskin yaddaşını sildilər.

***

Baş plana görə, yeni Ağdam əvvəlki şəhər və ətrafındakı 8 kəndi əhatə edəcək. Deyirlər 100 minlik bir şəhər olacaq. Yaxşı fikirdir. Amma istəməzdim yeni tikiləcək şəhərlərimiz ənənəvi standart, qutuya bənzəyən dördkünc, zövqsüz evlərdən ibarət olsun.

Şəhərimiz işğaldan azad olunan gündən onu xəyalımda bir başqa cür qururam.

Mənin xəyalımda saldığım şəhərin mərkəzi hissəsi dövlət idarələri və şəxsi evlərdən ibarətdir. Mərkəzi hissə deyəndə bir ucu köhnə 50 nömrəli peşə məktəbindən "Abidə”yə qədər, o biri yandan da Sarıtəpədən başlayıb Muradbəyliyəcən olan hissəni nəzərdə tuturam.

Tarixi abidələr, inzibati binalar öz yerində, mənim "baş planımda” hər kəsə ata yurdunda ev tikməyə imkan yaradılır. Dövlət əhaliyə çoxsaylı ev çertyojları təqdim edir ki, özfəaliyyət olmasın, şəhərin arxitekturası pozulmasın. Evin smetası tutulur və elan edilir. Hər ailə üçün ümumi məbləği, təxmini qiymət deyirəm, 100 min manat olan 3 otaqdan ibarət kürsülü ev tikilir. Amma təqdim olunan başqa layihələrdə 5, 7 otaqlı, yaxud 2, 3 mərtəbəli evlər də olur, məsələn, 150, 200 min manat dəyərində. Daha böyük, yaraşıqlı ev tikmək istəyən sakin dövlətin verdiyi 100 min manata öz əlavəsini edib istədiyi evi tikə bilir. Hər kəs zövqünə, imkanına uyğun ev tikdirir.

Mərkəzi hissədəki küçələr olduğu kimi qalır. İnsanlar sağ qalan qonşularla yenidən bir məhəllədə yaşamağa davam edir. Burada hər kəs öz torpaq sahəsinin müəyyən qədərini şəhərin ümumi ehtiyaclarının həllinə güzəşt edər. Məsələn, mən 6 sot həyətimdən bir sotunu, lap iki sotunu verərəm ki, daha geniş küçəmiz olsun, yaşıl, gül-çiçəkli parklar salınsın, məhəllələr arasında idman meydançaları, istirahət mərkəzləri tikilsin. Əminəm, hər kəs şəxsi torpağından pay verər.

İstər şəhərin mərkəzi olsun, istərsə ətrafı, bütün yerlər öz adları ilə çağırılır. Ətraf kəndlərin adı şəhərin ərazi adları kimi qalır: Ağdam şəhərinin Seyidli, Ətyeməzli, Qiyaslı, Xıdırlı və sair rayonları…

Şəhərin, kəndlərin məhəllə adlarını da saxlamaq mümkündür – avtobus dayanacaqlarında: "İmarət”, "Hamam məhləsi”, "Molla Qurbanlılar”, "Lahıclar”, "Təpə Məhlə”, "Çuxur məhlə”, "Ayağıyalınlar” dayanacaqları kimi.

"Dostluq kinoteatrı”, növbəti dayanacaq "Beşmərtəbə!”

Tarix silinməsin, şəhərin yaddaşı silinməsin deyə!

Bəs işğaldan azad olunmuş Qarabağ şəhərlərini realda necə bərpa edirik? Bu bərpa işlərini dövlət vətəndaşla birgə aparırmı?

Belə görünür ki, bu işdə də sovet mirası özünü göstərir. Yaşlı belorusun sözü olmasın, yaddaşı silinmiş şəhərlər tikirik?

Vahid Qazi

21 iyul, 2023

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->