Jalə İSMAYIL
Bu yaşıma qədər həyatdan aldığım ən böyük dərs əsəblərimi qorumağın vacibliyi oldu. Amma bunu öyrənəndə artıq gec idi.
Əsəb-filan qalmamışdı.
Sevdiklərim, sevmədiklərim, gördüklərim, görə bilmədiklərim yeyib bitirmişdilər əsəbi.
Əsəbilik həqiqəti görməyə mane olur.
Əsəbilik adamın fiziki və mənəvi gücünü tükəndirir.
Əsəbilik genlərin səxavətlə verdiyi zəngin folklor boğçasının ağzını açır.
Əsəbilik münasibətləri korlayır.
Əsəbilik dözümü əlindən alır.
Əsəblərə ciddi nəzarət lazımdır.
Dözmək lazım olan yerdə tapa bilmirsən.
Dözmək istəmədiyin yerdə maşara pişik kimi dirəşib üzə çıxmır.
Amma boş yerə dözümsüzlük göstərməyin də mənası yoxdu.
Heç nə edə bilməyəcəyin yerdə niyə əsəbiləşirsən?
Əgər əzilməyindən əsəbiləşib qəfildən əliyalın tank qabağına çıxmayacaqsansa, əsəbiləşib varını-yoxunu atıb cəbhəyə getməyəcəksənsə, əsəbiləşib səni ayaqaltı edənləri yıxmayacaqsansa, əsəbiləşməyinə bir quş.
20 ildi bizim fasiləsiz olaraq əsəbiləşməyimizin faydalı iş əmsalı yoxdur. Tez bir zamanda əsəbiləşmələri FİƏ-yə çevirmək lazımdır. Səsini başına atıb qarqarada atılıb-düşən it dünyanın ən zavallısıdı.
Çalışaq, əsəblərimizi boş yerə xərcləməyək. Əsəblərimizi qoruyaq. Rasim Balayevi də əsəbləri yarı yolda qoydu. Başqa heç nə.
Mövzuya dəxli olmasa da: Min illərin inancları dəyişdiyi yerdə sən kimsən axı dəyişməyəsən? Artıq toyuğun bir dərisi, bir gerisi deyil, nə dərisi, nə gerisidi.
Şərhlər