Xəbər lenti

Əsəd rejiminin sonu, Böyük İsrail və Böyük Kürdüstan layihəsi - Növbədə kimdir? (MÜSAHİBƏ)
Dünya 13:50 09.12.2024

Əsəd rejiminin sonu, Böyük İsrail və Böyük Kürdüstan layihəsi - Növbədə kimdir? (MÜSAHİBƏ)

53 illik Bəşər Əsəd rejimi rəsmi olaraq mövcudluğunu itirdi. Dünya mediasının baş xəbəri Suriyada yeni mərhələnin başlanması ilə bağlıdır. Əsəd rejiminin devrilməsi bu ölkədə sabitliyin bərqərar olması anlamına gəlirmi? Əsədin devrilməsi regional və beynəlxalq münasibətlərə hansı təsiri göstərəcək? 

Qafqaz Etno Sosial Araşdırmalar Mərkəzinin eksperti, şərqşünas alım, konfliktoloq Azər Hüseynov bu və digər məsələlərlə bağlı Qaynarinfo-nun suallarını cavablandırıb.
 
"Regionun məzhəb zəmnində yenidən xaosa sürüklənməsi riski yüksəlir"

- Bəşər Əsədin devilməsi və İranın Suriyadakı mövqeyinin zəifləməsi regionda ciddi geosiyasi nəticələrə səbəb olacaqmı?

- Şübhəsiz. 2010-cu ildə Suriyada başlayan hadisələr İran və Suriya arasında əməkdaşlığın yeni bir mərhələsinin başlanğıcına səbəb oldu. İran Əsəd rejiminə qarşı silahlı mübarizə aparan qruplara, xüsusən İŞİD-ə qarşı mübarizədə fəal iştirak edirdi. Bu fəaliyyət hərbi-siyasi emisarlar, İŞİD-ə qarşı səfərbər edilmiş şiə qrupları və "Hizbullah" vasitəsilə həyata keçirilirdi. Bu kontekstdə, Əsəd rejiminin devrilməsi İranın regiondakı təsir mexanizmlərini əhəmiyyətli dərəcədə zəiflədə bilər. 
 


Əsədin hakimiyyətdən salınması Livanda, xüsusilə İsraillə hazırda atəşkəs rejimində olan "Hizbullah"ın təchizatını faktiki olaraq dayandıracaq və İranın Yaxın Şərqdəki, o cümlədən Fələstin məsələsindəki iştirakını məhdudlaşdıracaq. Bunun nəticəsi olaraq, İsrailin regiondakı strateji mövqeyi və təsir dairəsi genişlənəcək. İsrail baş naziri Benyamin Netanyahunun bəyanatları bu  perspektivi təsdiqləyir. Netanyahunun  sözlərinə görə, Əsədin devrilməsində İsrailin "Hizbullah" və İrana qarşı həyata keçirdiyi strateji zərbələr mühüm rol oynayıb. Baş nazir bu hadisəni  "tarixi bir gün" kimi  qiymətləndirib. İsrail mediasında məsələ ilə bağlı çıxış edən ekspertlər durzilər və kürdlərin arxa planlarda İsraildən yardım və dəstək istədiklərini vurğulayırlar, bu yardımın göstərilməsinin strateji əhəmiyyət kəsb etdiyini qeyd edirlər. Sanki bu çıxışların əməli cavabı olaraq İsrail ordusu Qollan təpələrində silahsızlaşdırılmış bölgəni keçərək Kuneytrada möhkəmlənib. Netanyahu isə 1974-cü il təmas xəttinin silahsızlaşdırılması anlaşmasının qüvvədən düşdüyünü elan edib. "Hizbullah" məsələsinə gəldikdə isə, İranla logistika əlaqəsi kəsildikdən və təşkilatın liderləri zərərsizləşdirildikdən sonra "Hizbullah"ın tamamilə sıradan çıxarılması prosesi başlaya bilər. Bu prosesdə böyük ehtimalla Heyət Təhrir əş-Şam (HTŞ)  iştirak edə bilər. Belə bir inkişaf regionda məzhəb qarşıdurması riskini artıracaq. İran əvvəllər olduğu kimi, yenidən öz mövqelərini bərpa etməyə çalışacaq. Bununla belə, ilkin mərhələdə bu imkanlar məhdud olacaq. İranın bölgədə kürdlər və müxalif qüvvələr arasında və ya müxalifət daxilində yaranacaq ziddiyyətlərin dərinləşməsindən istifadə edərək şiə qruplarını yenidən səfərbər etməyə çalışacağı ehtimal edilir. Bu cəhdlərə cavab olaraq, HTŞ ətrafında məzhəb əsaslı qüvvələrin birləşməsi ehtimalı artır. Nəticədə, regionun məzhəb zəmnində yenidən xaosa sürüklənməsi riski yüksəlir. 

Bununla yanaşı, perspektivdə İranın Türkiyə ilə mümkün əməkdaşlıq yollarını araşdırmağa çalışacağı ehtimalı da diqqətdən kənarda saxlanmamalıdır. Burada onu demək lazımdır ki, bir sıra hallarda diametral fərqlərə baxmayaraq, Türkiyə və İran arasında məsələ ilə bağlı intensiv diplomatik ünsiyyət mövcuddur. Hər halda, bölgədə gələcəkdə məzhəb zəminli münaqişəsinin başlaması region ölkələri olan Türkiyənin də, İranın da maraqlarına uyğun deyil. Çünki onun arxasında etnik zəminli münaqişələr də başlaya bilər. Bölgənin müsəlman dövlətlərinin bölünməsi olduqca təhlükəlidir. Hesab edirəm, bunu Türkiyə də, İran da nəzərə almalıdırlar ki, cərəyan edən proseslər daha sonra onlara, regionun əhalisinə qarşı bumeranq effekti verməsin. Əsədin devrilməsi ilə İran XİN-nin verdiyi açıqlama da maraq doğurur. İran Suriyanın gələcəyinin Suriya xalqının işi olduğunu vurğulamaqla gələcəkdə özü üçün diplomatik manver imkanları saxlamaq istəyir. Bura bir məsələni də əlavə etmək istərdim ki, İranın geosiyasi mövqelərinin zəifləməsinə ilk reaksiyalardan biri də ABŞ-dən gəldi. Tramp bunu İsrailin uğuru və İranın zəifləməsi kimi şərh etdi. Zənnimcə, dünyanın hər bir yerində cərəyan edən proseslərə ABŞ-ın təmkinli və tələsik olmayan yanaşması da diqqəti cəlb etməlidir.
 

 
"Türkiyənin Suriya müxalifətinə dəstək verməsində əsas məqsəd gələcəkdə öz sərhədlərinin yanında kürd dövlətinin qurulmasının qarşısının alınmasıdır"
 

- Proseslərin gələcək gedişatında Türkiyənin mövqeyi nədən ibarət olacaq? Bir sıra Qərb mətbuatı iddia edir ki, artıq Böyük İsrail və Böyük Kürdüstanın yaranması an məsələsidir...

- Bu suala cavab vermək üçün məsələni daha geniş şəkildə şərh etmək lazımdır. Türkiyə dövləti öz liderlərinin dilindən nələrdən ehtiyat etdiyini açıqlayır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda çıxışında belə bir ifadə işlətdi ki, İsrail dini əsaslarla hərəkət edir, Fələstin və Livan torpaqlarından sonra Türkiyə torpaqlarına iddialıdır. Məlumdur ki, Qəzzadakı proseslərin gedişində Türkiyə ilə İsrailin münasibətləri sıfır həddinə gəldi. Buradan görünən odur ki, Türkiyə siyasi rəhbərliyi tez-tez səslənən, müxtəlif məqamlar tərəfindən iddia edilən Böyük İsrailin qurula bilməsi ehtimalına real baxır. Buna hansı əsaslardan qənaət gətirir? Bizim Azərbaycan mediasında da ifadə edildiyi kimi İsrailin maliyyə naziri Bezalel Smotriç "Vəd edilmiş torpaqlar” məqsədindən danışarkən hədəf ölkələri bir-bir sadalayıb. Smotriç ölkə sərhədlərini Türkiyəyədək genişləndirmək istəyində olduqlarını bildirib. Nazir sərhədləri İordan çayının o biri tərəfinə qədər uzanacaq Böyük İsraili təsvir edib. Rejissor Jerem Seskenin çəkdiyi "İsrail: Xaos nazirləri" adlı sənədli filmdəki çıxışında Smotriç bildirib ki, İsrailin suverenliyi altında olan sərhədlər indiki vəziyyətlə məhdudlaşmayacaq. Belə bəyanatların sadə bir şəxsin deyil, məhz nazirin dilindən ortaya gəlməsi Türkiyə rəhbərliyində ciddi narahatlığa səbəb olub. 

Türkiyəni narahat edən digər məsələ də məhz Suriyada gedən proseslərlə bağlıdır. Suriyada fəaliyyət göstərən YPG-nin İsrailin vəzifəli şəxsləri ilə sıx əlaqələri mövcuddur. Türkiyə prezidenti çıxışlarının birində PKK-nın da, YPG-nin də arxasında İsrailin olduğunu ifadə etdi, bunların bir vasitə olduğuna diqqət çəkdi. Məhz buna görə də bir sıra analitiklər hesab edir ki, Türkiyənin Suriya müxalifətinə dəstək verməsində əsas məqsəd gələcəkdə öz sərhədlərinin yanında kürd dövlətinin qurulmasının qarşısının alınmasıdır. Ankaraya görə Böyük Kürdüstan Böyük İsrailin qurulmasının tərkib hissəsidir. Ankaranı narahat edən məsələ Türkiyənin parçalanması ehtimalıdır. Bununla belə, Türkiyə daxilində bəzi müxalif qüvvələr Türkiyənin Suriyadakı prsesdə iştirakının tam da İsrailin maraqlarına oynayacağını, sonra kürd məsələsinin yenidən qalxacağını və Türkiyənin özünün parçalanma təhlükəsi altında qala biləcəyi fikirlərini ifadə edirlər. Bütün bunlar təbii ki, mövqelərdir. Real olan odur ki, Türkiyə bu prosesə girdi. Türkiyə XİN başçısı Hakan Fidan Əsədin Türkiyənin uzatdığı əli geri çevirdiyini bildirib, son hadisələri bununla bağladı. Diqqətimi çəkən Hakan Fidanın Əsədin getməsindən sonra işlətdiyi ifadələrdir. Yeni Suriya qonşuları üçün təhdid olmamalıdır. Bu ifadənin təfislatından Türkiyə xarici siyasətinin nə qəsd etdiyini zaman keçdikcə anlayacağıq. Burada Suriya ərazisində hər hansı bir yeni muxtariyyətin yaranması, Suriyanın federallaşma təhlükəsinin qarşısının alınmasımı nəzərdə tutulur, bu sual açıq olaraq qalır. Ola da bilər ki, bununla İsrail daxil yeni keçid hökumətinin bütün qonşularına güvənc verdiyi də ifadə edilir. Hər halda bunu proseslərin gedişində görə biləcəyik. Türkiyə gələcəkdə nə etməyə çalışacaq? Öncə çalışacaq ki, öz daxilində separatçılığı təşviq edəcək hər hansı bir məsələ olmasın. Daha sonra Türkiyə Qəzza məsələlərinə, Fələstin probleminə dönəcək.
 


"İranla Türkiyənin Qəzzanın gələcəyi və HƏMAS ilə bağlı yanaşmaları çox fərqlidir"
 

- Maraqlı yanaşmadır. Dedikləriniz özünü doğruldarsa, belə bir suala da cavab tapmaq lazım olacaq - Suriyadakı proseslər "Qəzza düyünü"nü həll edə biləcəkmi?

- Son bir ildə Qəzzada bir humanitar fəlakət yaşanır. Bu humanitar fəlakətin aradan qaldırılması çağırışı ilə bir çox ölkələr, o cümlədən Azərbaycan da çıxış edir. Yeri gəlmişikən, Azərbaycan Şərqi Qüds paytaxtı olan Fələstin dövlətinin olmasının zəruriliyini daim ifadə edir. Dediyiniz sual hamını düşündürür - bundan sonra Qəzzada nələr yaşanacaq? Öncə bunu açmaq lazımdır. Qəzzada İsraillə HƏMAS qarşı-qarşıyadır. Bu təşkilatın liderləri İsmail Haniyyə, daha sonra isə İsrailə qarşı sərt mövqeyi ilə seçilən Yəhya Sinvar öldürüldü. Buna baxmayaraq, HƏMAS hələ də müqavimət göstərir. Suriyada Əsədin düşməsindən sonra HƏMAS müqaviməti davam etdirə biləcəkmi? Hər nə qədər Əsədlə əlaqələri oynaq olsa da, İranın Suriya vasitəsi ilə ona etdiyi yardımlardan HƏMAS istifadə edirdi. Ancaq indi durum dəyişib. Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsi də "Hizbullah"a ciddi təsir etdi. Bəzi iddialara görə, HƏMAS-ın siyasi qanadı Türkiyəyə, hərbi qanadı isə İrana yaxınlığı ilə bilinir. Məhz buna görə də sünni dünyasında HƏMAS-ı tənqid edənlər kifayət qədər çoxdur. 

Humanitar olaraq Qəzzada bir faciə var. Mülki insanlar, uşaqlar, qadınlar ölür, şikəst qalır. İranın və Türkiyənin hər ikisi də HƏMAS-ı dəstəkləyir. Amma onların Qəzzanın gələcəyi və HƏMAS ilə bağlı yanaşmaları çox fərqlidir. Türkiyə HƏMAS-ın siyasiləşməsini, lazım gələrsə, FƏTH-lə əməkdaşlığını, hətta Qəzzanın FƏTH-ə verilməsini istəyə bilər. Buna real ehtimal kimi baxıram. Bir qism analitiklər hesab edir ki, Qəzzanın FƏTH-ə verilməsi onun İsrailin  nəzarətinə keçməsi ilə eynidir. Bir sıra Qərb medialarında iddia edilirdi ki, ABŞ-ın təzyiqi ilə İsmail Haniyə Türkiyədən çıxmağa vadar edildi. İran isə bu gün faktiki olaraq HƏMAS-a dəstək verə biləcək gücdə deyil. Artıq HƏMAS-ın savaşçı liderləri də yoxdur. Daha doğrusu, HƏMAS-ın Türkiyəni dinləmə ehtimalları çoxdur. Belə bir ortamda onun Qəzzada nəzarəti itirəcəyi ehtimalları artır. İdarəçiliyin FƏTH-ə veriləcəyi ehtimalı da çoxdur. Buna Fələstin xalqının münasibəti necə olacaq, onu zaman göstərəcək.
 


"Çinin güclənməsi Rusiyanın da marağında deyil, Pekin gələcəkdə Amur boyuna iddia edə bilər"
 

- Məni ən çox düşündürən odur ki, Rusiya nə üçün Əsədin arxasından çəkildi? Putin faktiki olaraq Əsədi qurban verdi. Rusiyanın səssiz qalması ilə 53 illik Əsəd hakimiyyəti sona çatdı. Putin Ukrayna məsələsinə görə Suriyanı itirməyə göz yumdu, ya burada başqa səbəb var? Putin hansı oyunu oynayır?

- Sizə bir misal çəkim. 1945-ci ildə Sovet ordusu İrana girdi və orada ilk mərhələdə Pişəvərini dəstəklədi. Qərblə Avropanın bölünməsində razılıqlar prosesi başlayanda Sovet ordusu 1946-cı ildə İranı tərk etdi. İranı ABŞ və Britaniyaya güzəştə getdi. Bunun müqabilində daha sonra Şərqi Avropada nəzarəti tam ələ aldı, sosialist blokunu qurdu. Şərqi Avropa Rusiyanın tarixi maraq və təsir dairəsidir. Yaxın Şərq isə ehtiyat fəaliyət məkanıdır. Ona görə də, Ukraynada ABŞ-ın onun təsirini tanımasının, müharibənin öz maraqlarına uyğun bitməsinin və hətta gələcəkdə Zelenskinin gedə bilməsinin əvəzində Rusiya Suriyadan çəkildi. Rusiyanın mövqeyi siyasi rəhbərliyinin dilindən ifadə edildi: "Suriyalılardan çox suriyalı ola bilmərik”. 

Digər tərəfdən, qarşıda Tramp dövrü gəlir. O, Rusiyaya münasibətində Bayden qədər aqressiv deyil. Hətta Rusiya ilə ABŞ arasında isinmə ola bilər. ABŞ bu isinməni Çinə qarşı istifadə edə bilər. Çünki Çin artıq ABŞ üçün problem olmağa başlayır. Bir zaman dünyanın ucuz işçi qüvvəsi yeri olan Çin artıq dünya iqtisadiyyatının əsas hissələrindəndir. Çinin güclənməsi Rusiyanın da marağında deyil. Çin gələcəkdə ehtimal edilən proyeksiyada Rusiyanın Amur boyuna iddia edə bilər. Eyni zamanda, Çin iqtisadi cəhətdən Rusiyanı nəzarətə götürə bilər. Məhz bunları əsas alaraq Rusiya ABŞ-la Suriya məsələsində razılığa gələ bilər. 

"Azərbaycanın balanslı davranışlarının da doğru qərarlar silsiləsi olduğunu görmək olur"
 

- Bununla belə, Rusiyanın bölgəyə qayıdışı mümkündürmü? 

- Bəli. Çünki hələ proseslərin hansı istiqamətə yön alması tam aydın deyil. Rusiya XİN bəyan edir ki, müxalifətin bütün qanadları ilə ünsiyyət saxlayır. Ən maraqlısı odur ki, hakimiyyətin təhvil verilməsində Rusiya iştirak etmədiyini deyir. Bu isə həmin siyasi qərarın de-fakto qəbul edildiyini ifadə edir, de-yure Rusiyanın tam mövqeyinin prosesin gedişatında formalaşacağını göstərir. 

- Yaxın Şərqdəki proseslərin MDB məkanına təsiri nə dərəcədə mümkündür? 2005-ci ildə ABŞ Kəşfiyyat Şurasının qarşıdakı 20 il üçün açıqladığı proqnozda göstərilirdi ki, MDB-də demokratikləşmənin 3-cü dalğası 2025-ci ilə başlanacaq. 20 il əvvəl verilən bu proqnozlardan "ərəb baharı", İŞİD, pandemiya artıq gerçəkləşib. Proseslərə diqqət etsək, görərik ki, Gürcüstan və Moldovada sabitlik artıq pozulub. Nə gözlənilir? 

- Mümkün olmayan heç bir ehtimal yoxdur. Bu arada müxtəlif dünya regionlarında baş verən hadisələr, bura Gürcüstandakı proseslər, Suriyada olanlar, Cənubi Koreyadakı məsələlər əslində dünyada bir çalxalanma olduğunu göstərir. Məhz bu baxımından, təhlükəsizlik meyarlarını nəzərə alaraq, Azərbaycanın quru sərhədlərinin hələ açılmaması olduqca anlaşılandır. Bir ölkədə stabillik və təhlükəsizlik çox önəmlidir. Çünki stabillik və təhlükəsizliyin ortadan qalxması digər həyat sahələrində əldə edilən uğurların yoxa çıxmasına gətirib çıxarda bilər. Proseslərin MDB məkanına təsir edə biləcəyi ehtimalını diqqətə gətirərək, Azərbaycanın balanslı davranışlarının da doğru qərarlar silsiləsi olduğunu görmək olur. Azərbaycan II Qarabağ müharibəsi zamanı İsraillə dövlət maraqlarının reallaşdırılması istiqamətində tərəfdaşlıq etdi və bu tərəfdaşlığı indi də davam etdirir. Eyni zamanda, region dövlətlərinin heç birinə qarşı onun ərazisindən istifadə edilə bilməyəcəyini bəyan edir, İranla ziqzaqvari münasibətlərin olmasına baxmayaraq, zaman-zaman birgə hərbi təlimlər də keçirir, Türkiyə ilə isə müttəfiq və qardaşdır. Rusiya ilə də rasional münasibətləri inkişaf etdirərək dövlət suverenliyinin və təhlükəsizliyinin qorunması istiqamətində hərəkət edir.
 


"Suriyada və dünyada cərəyan edən proseslər onu deməyə əsas verir ki, Zelenskini də Əsədin taleyi gözləyə bilər"
 

- Dediklərinizdən belə çıxır ki, Zelenskini də Əsədin taleyi gözləyir?

- Hadisələr onu deməyə əsas verir ki, Zelenskinin də aqibəti heç yaxşı görünmür. Çünki Suriyada və dünyada cərəyan edən proseslər onu deməyə əsas verir ki, Zelenskini də Əsədin taleyi gözləyə bilər. Əgər Suriyada ABŞ və Rusiya razılaşıbsa, onda Zelenski üçün də yolun sonunun göründüyünü ehtimal edə bilərik. Zelenski öz ölkəsini potensialı davam gətirə bilməyəcək bir hala gətirdi, Rusiya ilə diplomatik tənzimləmə yolunu deyil, silahlı münaqişəni seçdi və Ukrayna ərazisinin bir hissəsi itirildi. Zelenskini bir zaman alqışlarla dəstəkləyənlər bu gün onun iflasına imza atacaq potensiala sahibdirlər.

Azər Rəşidoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->