Foto 21:36 29.06.2020

Estoniyada su altında sərgi yaradıldı: daş ocaqları, həbsxana... (FOTOLAR)

Artıq dünyanın hər yerində sənətsevərlər muzey və sərgiləri, qalereyaları ziyarət edərkən maska taxmaq məcburiyyətində qaldıqları fikrinə öyrəşiblər. Lakin bu sərgini görmək üçünsə maskadan daha artığına ehtiyac var.
 
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, söhbət Estoniyanın şimal-qərbində yerləşən Rummu kəndi yaxınlığındakı sualtı sərgidən gedir. Bura sovet dövründə əhəng daşlarının çıxarıldığı karxana kimi fəaliyyət göstərib. Lakin SSRİ süqut etdikdən sonra tələbat azaldığından karxana bağlanıb və suçəkən nasosların da fəaliyyəti dayandırılıb. Nəticədə sadəcə daş ocaqları, ətrafda bitən bitkilər deyil, həmçinin keçmiş həbsxana da su altında qalıb. Dalğıclar üçün bu yer olduqca maraqlıdır. Məhz onları bura cəlb etmək üçün sənətçilər Maarya Memets və Rait Lohmus su altında muzey yaratmaq qərarına gəliblər.

"Sərgi "Ayda Sualtı" adlanır. Həm Yerin peykinə səyahət, həm də su altına dalmaqdır. Baxmayaraq ki, Ayda heç vaxt olmamışam. Mənə elə gəlir ki, oxşar hislərdir. Bundan başqa məhbusların illər boyu saxlanıldığı həbsxana var. Bu baxımdan bir çoxları üçün səyahət həm də mənəvi cəhətdən böyük önəm daşıyır", - deyə Maarya Nemets bildirib.

Ümumilikdə su altında 6 sənət obyekti quraşdırılıb. Hər biri fərqli yerlərdə və müxtəlif dərinliklərdədir. Bu baxımdan hamısını bir dalışda görmək mümkün deyil. Həmçinin işıq və hava da daim dəyişdiyindən şüşə heykəllər həmişə fərqli görünür. Sənətçilərin fikrincə bu dalğıcların yenidən suya qayıtmalarını təmin edir. Sərgi sentyabra qədər açıq olacaq. Lakin gələcəkdə başqa yerlərdə təşkil edilməsi planlaşdırılır.

Camal