Lalə Niftaliyeva
Bir neçə dəfə qarşıma jurnalistlərin xalqın dili ilə desək, əxlaqsız qadınlarla bağlı köşə yazıları və reportajları çıxıb. Hər birində xanımların hüzünlü həyat hekayələri ilə rastlaşımışam. Uşaq evində böyüyən, valideynləri tərəfindən tərk edilən və bu kimi hüzünlü hekayələr...
Bu dəfə də mövzu onlardı, amma mən nə fahişəxanaya getmişəm, nə də onların həyat hekayəsini dinləmişəm. Sizə təqdim etməyə, vaxtınızı almağa əsaslı səbəbim olub-olmamasını da bilmirəm. Amma "Facebook"da oxuyacağınız üç mənasız paylaşıma ayıracağınız vaxtınız varsa, demək bu yazını da axıra kimi oxuyub "qabınıza çəkib nuş edcəyiniz" bir şeylər mütləq tapılacaq.
Uzun zamandı dərd-ələm yapışıb ətəyimdən, əl çəkmir. Travmalardan əziyyət çəkən insanlar ağrımayan başlarına dərd açmağa pərgardır axı. Mən də onlardan biri. Yox, sizə öz dərdimi danışası deyiləm. Onsuz da öz dərdiniz özünüzə bəs edir, hələ sizi aşıb keçir də. Bu ağır günlərdə nə işə sığışır adam, nə evə. Vallah nə yalan deyim, heç yatanda iki nəfərlik çarpayıma da sığışmıram.
Yenə fəhlə kimi bütün yükü çiynimə yükləyib iş saatını bacardığım qədər çəkə-çəkə sonlandırıb, evə yola düşdüm. Hamının məni tərk etdiyi, sevmədiyi yetkinlik dövrümə qayıtmışdım elə bil. Bir az şairanə ifadə etsəm, gözlərimdə neçə gündü dolmuş buludlar leysan kimi yağmağa başlamışdı. Bir az da intihar üçün yollar axtarırdım. Əşi elə bilməyin zəif adamam, yox qətiyyən. Bu yorğunluqdan da deyil. Ramiz Rövşən sayağı desək, adamlar iki cür olur, atam balası. Uğradıqları haqsızlıqdan hisslərini itirən soyuqqanlı insanlar, bir də təkrar-təkrar inanmaqdan zövq alanlar. Mən hələ də inanıram. Nə bilmək olar, bəlkə biz hələ də Allahın bizim babamız olduğuna və göyün yeddinci qatında yaşadığına inanırıq... Elə təsəvvür edin ki, evinizə oğru girib sizə deyir ki, "mən sənin bütün sərvətini oğurlayacam, lakin mən yaxşı adamam". Siz də ona inanırsınız. Üstəlik gizlətdiyiniz bütün sərvətin yerini də oğruya göstərirsiniz ki, qoy ona rahat olsun. Yox, bu axmaqlıq deyil. Səhv anlamayın. Bəzi insanlar qorxu hissindən məhrum olur. Deyirlər ki, itirməyə bir şeyi olmayan insanlar təhlükəli insanlar olur. Belə deyimlərə çox inanmayın. Ona görə mənim intiharım elə-belə qorxu hissindən məhrum olan birinin saf istəyindən başqa bir şey deyil. Mən danışsam, bu mövzu uzanacaq. Yaxşısı budur belə mövzuları ekran arxasında yox, çay süfrəsində üzbəüz müzakirə edək.
İndi isə qayıdaq mənim işdən çıxıb hüzünləndiyim həmin o vaxta. Dediyim kimi, hündür binalar mənə "gəl burdan üzü aşağı quş təki süz" deyə, yalvarırdı elə bil. Hələ bir dostuma da yazdım ki, intihar edəcəm, çox güman. Sevdiyim insanları narahat etmək keçmiş peşəmdir. Atamın məni ərköyün etməyinin fəsadlarıdır (hər gün səhər boynumun arxasından öpüb deyərdi ki, "Mənim qızım ərköyün olacaq"). İntihar edəcəyimi dediyim rostum da sağ olsun, təlaşlandı.
Metro stansiyalarından birinin yanında kiçik bir park var. Məqsədsiz şəkildə orda əyləşdim. Mənim üçün heç bir mənsubiyyət, yol, din, heç nə, amma heç nə mövcud deyil. Ancaq və ancaq hisslərim mövcuddu. Onlar nə hiss etdirsə, onu deyir, onu da yaşayıram. Və sizin səhv-düz dediyiniz anlayışın da anasını ağlatmış oluram. Bunu niyə qeyd etdim, ona görə ki, cəmiyyətin əxlaqsız qadın adı verdiyi insanlara alternativ ad tapa bilmədim. İcazənizlə bu köşəmdə mən onları sadəcə qadın adlandırım və siz də etiraz və iradınızı mənə bildirin.
Ərəb turistlərin axınından sonra mərkəz küçədə bu qadınların ərəblərlə olan alış-verişini ötəri müşahidə etsəm də, həmin an çox diqqətimi çəkməmişdi. Bu dəfə isə hər şey fərqli oldu. Parkda adətim üzrə skamyada yox, sürahilərin birində əyləşib öz aləmimdə musiqi dinləsəm də, parka daxil olan bu 3 qadın gözümdən yayınmadı. Üst-başı çox çirkli, nimdaş paltarlarda 30 yaşı keçməyən kobud mimika və davranışa malik olan qadınların hərəsi parkın bir tərəfində gəzişməyə başladı. Qadınlardan biri hər gün eyni məkana yığılan 5-6 kişiyə yaxınlaşdı. Söhbətlərini eşitməsəm də, qadının onlardan israrlı şəkildə nəsə istədiyini anladım. İstədiyi siqaretmiş, sən demə. Yandırdı və parkda gəzişməyə başladı. Sonra 3-ü də gəlib mənə yaxın olan sürahidə əyləşdilər. Nəhayət ki, mən də qulaqcıqları çıxarıb onları dinləməyə qərar verdim. Onlardan kənarda daha baxımlı olan başqa bir qadından danışırdılar. Onların danışıqlarını təhrif edib, təqdim etməyimi, üzürlü sayın:
- Bizim bazarımızı tamamilə öldrür. Hə... Çox demirəm, 3 işim olsa, bu gün bəsimdi. Allahdan ümid kəsilməz...
- Əclaflar gəlirlər ki. Amma o da baha danışır qiyməti. Ona görə narahat olma. Bir azdan yenə bizə möhtac qalacaqlar. Yaxşı görünməklə deyil ki.
Sizin üçün adi gələn bu cümlələrin içindən məni silkələyənlər oldu. "Allahdan ümid kəsilməz", "yenə bizə möhtac qalacaqlar"...
Mən özümü nə sayıram sayım, bu qadınlar məndən daha müdrik həqiqətlərə çatıblar. Bəli, bütün ağrılarımızda günhakar bildiyimiz "O kişi"dən ümidini kəsməyən milyonlarla fərqli inam və bütün sosial problemlərin səbəbkarı olan "möhtac qaldığımız" o hisslər.
Həmin o pislədikləri qadınla alış-veriş edib razılaşmayan (görünüşünü təsvir etmək istəmədiyim) o kişi dedikləri kimi onlara yaxınlaşdı:
- Neçə manat?
- 12 verərsən, burda tanıdığım yer də var. Gedək ora.
- 12 verirəm, amma iki dəfə üçün.
- Yox olmaz elə.
- (Təhqir)... Sən bilirsən mən kiməm?
Bu sözü deyən kimi qadın bildiyi və mənim yeni öyrəndiyim bütün söyüşlərlə o kişini söyməyə başladı və mən o söyüşlərin arasında göydə uçuşan o təsirli cümlələri sizə təqdim edəcəm:
- Mənim üçün nə fərqi var ki, sən kimsən? Qorxağın birisən və mənə ehtiyacın var, amma indi sən yalvarsan da, səninlə bir yerə gedəsi deyiləm. İndi bax gör, sən kimsən, mən kiməm.
Qəribə də olsa, hər kəsin bədbəxt, rəzil adlandırdığı bu qadın xoşbəxt idi. Çox heyif, özünün bundan xəbəri yoxdu. Hakimiyyət hiss edirsinizsə, demək sahib olduğunuz nələrsə var. Və o qadının 12 manatlıq hakimiyyəti var idi. Və o hakimiyyətdən asılı nə qədər kişi. Burda bir balaca mövzudan kənara çıxıb çox böyük hərflərlə fahişələri təhqir edən bütün kişilərin qulağına qışqırmaq istəyirəm: "Siz də onların hakimiyyəti altındasınız!!!"
Bütün bu gördüklərimi danışmaqda cəmi bircə məqsədim var idi. Hər fərd hakimdi. Sadəcə olaraq sahib olduğunuz o nəsnəni tapana qədər, bir az dərd-ələm ətəyinizdə fırlanacaq. Elə bir də gördünüz ki, hakimi olduğunuz yeganə şey də odur.
Qaynarinfo.Az
Şərhlər