Ekonomiks 11:54 01.08.2020

Əyləncə sahəsi və restoran biznesi yeni şəraitdə necə olacaq? (ŞƏRH)

"Hesab edirik ki, ictimai iaşə sektoruna və turizm sənayesinə yeni yardımlar lazımdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi əyləncə sahəsi və restoran biznesinin sərt karantin rejimindən sonrakı fəaliyyətlərinin təşkilini şərh edərkən deyib. Sədr assosiasiyanı həyəcanlandıran, maraqlandıran bir sıra sualların olduğunu vurğulayıb:

"Assosiasiya elə bir qurumdur ki, bir çox sahibkarlar, biznes adamları müraciət edirlər. Təbii ki, bu günə kimi yaratdığımız platformalar əsasında biz vaxtaşırı müzakirələrimizi aparırıq. Hələ mart ayının sonunda bir bəyanatla çıxış etdik. Orada sənaye nümayəndələri ilə görüşlərimiz əsasında 12 gün ərzində olan problemləri açıqladıq. O cümlədən post-pandemiya dövründən ziyansız çıxmağımızla bağlı bir neçə təkliflərlə çıxış etdik. Hamıya aydındır ki, bir neçə iri şəhərdə uzun sürən karantin dövrü oldu və bu gün də davam edir. İctimai iaşə müəssisələri, restoranlar, kafelər, yeməkxanaların işinə müəyyən məhdudiyyət qoyuldu. Karantin yumşalanda qısa müddətə onların işi bərpa olundu, yerində müştərilərə xidmət göstərmək imkanları əldə olundu, amma ondan sonra yenidən qadağa olundu. Hazırda çatdırma və yerində xidmət ilə müştəridən sifariş götürə bilirik. Kimlərsə bu üsülla bacardısa işlərini qurdu, bəziləri isə bu servisdən istifadə edə bilmədi. Onların işi tamam dayandı".


Samir Dübəndi 

Samir Dübəndi bazarlarda bəzi dəyişikliklərin müşahidə olunduğunu qeyd edib: 

"Görürük ki, şəhərin mərkəzində olan bir çox restoranlarda turist yoxdur, işləri tam dayanıb. Onların işi turistlər üçün istiqamətlənmişdi, daha çox zərbə aldı və əziyyət çəkən müəssisələrdən oldu. Turist yoxdur, bunun da səbəbləri var, sərhəd bağlıdır, beynəlxalq çıxışlar yoxdur. Son dövrdə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra metodik göstərişlər dərc olunub. Biz də onların yayılmasında, tanıdılmasında, sənayeyə çatdırılmasında iştirak edirik. Konfranslar keçirib sənaye rəhbərlərini məlumatlandırırıq ki, bu qaydaların tərəfləri nədən ibarətdir. Burada məsafə, əlavə dezinfeksiya işləri, adam başına düşən ərazinin məhdudiyyəti və s. kimi işlər var. İşlərdə bir qədər dəyişiklik gözlənilir. Qəbul olunan müştəri sayından 50% aşağı tövsiyə olunur. Təbii ki, bunlar resatoranların qəbuletmə dövriyyəsinə təsir edən məsələlərdir".

Sədr bildirib ki, problemlərlə bağlı təhlillər aparıb bir sıra sualları əhatə edən məktubla dövlətə və dövlət başcısına müraciət edilib: 

"Biz gördüyümüz problemləri açıqladıq. Hesab edirik ki, ictimai iaşə sektoruna və turizm sənayesinə yeni yardımlar lazımdır, bu sahə üçün daha ixtisaslaşmış yardım paketləri təklif olunmalıdır. İlk öncə biz sənayeni xilas etməyin yollarını düşünməliyik. Ona görə ki, bir çox məkanların vəziyyəti yaxşı deyil. Bir çox müəssisələr xidmət üsülünu dəyişərək çatdırma üsülü ilə çalışırlar. Metodik göstərişlərin yeni tərəfləri və bunların əsasında hər bir müəssisənin əlavə xərcləri ortaya çıxır. Qoruyucu vasitələr, maskalar, əlcəklər və s. Məqsədimiz bunların ən azından topdan satış qiyməti ilə realizə olunmasını təşkil etməkdir. Bu vacib məsələdir. Ona görə ki, hər bir müəssisə metodiki göstərişlərə riayət etməlidir. Amma buna əməl etmək üçün əlavə xərclər ortaya çıxır".

Bahar Rüstəmli