Xəbər lenti

Şeyx Əbdüllə AKİ arasında qalmaqal böyüyür: Əli İsa Cabbarovdan ağır sözlər
Ölkə 14:28 05.02.2026

Şeyx Əbdüllə AKİ arasında qalmaqal böyüyür: Əli İsa Cabbarovdan ağır sözlər

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) arasında qalmaqal böyüyür.

Hazırda xəstəxanada müalicə olunan aktyor Qaynarinfo-ya açıqlamasında səhhəti ilə maraqlanmadıqları üçün AKİ-nin sədr müavini Əli İsa Cabbarov və Xalq artisti Şəfiqə Məmmədovanı ittiham edib:

"İttifaqın işi kino xadimlərinə xidmət etməkdir. 5–10 hazıra-nazirin kef etməsi üçün yox, yaşlı, xəstə, ömrünü-gününü kinoya fəda edənlərə xidmət etməkdir. İttifaq təkcə Rasim Balayevdən ibarət deyil, müavinləri Şəfiqə Məmmədova və Əli İsa Cabbarov da var. İttifaq onların xüsusi mülkiyyəti deyil. Hətta onlar ittifaqdan adam ayırmalıdır ki, xəstəxanada gəlib mənə baxsınlar. Hələ də bilmirəm ki, dövlət bu ittifaqa niyə pul verir? Əli İsaya salam söyləyirəm və deyirəm ki, ayıb olsun. Bu günə kimi mənə zəng belə etməyib. Əli İsa, ittifaq sizin deyil, bizimdir. Mənim sizə heç bir ehtiyacım yoxdur. Bəlkə mənim heç baxanım yoxdur. Bu məsələni belə qoymayacağam, çıxan kimi problemə aydınlıq gətirəcəm".
 


O, Şəfiqə Məmmədovanın "baldızım rəhmətə gedib, başım qarışıqdır" fikirlərinə də münasibət bildirib:

"Onun baldızı kimdir ki, akademikdir, yoxsa hansısa məmur? Başı qarışıb, neynir, orada mollalıq eləyir? Şəfiqə Məmmədova yalan danışır. Ona etdiyim yaxşılığı heç dədəsi də etməyib. Dədəsi belə ölsə, bəhanə etməməlidir. Mən bu boyda ittifaqın ağsaqqalıyam".

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədr müavini Əli İsa Cabbarov Qaynarinfo-ya açıqlamasında Xalq artistinin ittihamlarına belə cavab verib:

"Mən Əbdül müəllimin hisslərini başa düşürəm, çünki eyni hissləri biz də keçirmişik. O zaman ki, Əbdül müəllim Ramiz Mehdiyev və Əli Həsənovun İttifaqa qarşı təşkil etdikləri kampaniyada aktiv iştirak edib, "Şamaxının çörəyi Rüstəmə haram olsun" deyirdi, 40 il üzv olduğu İttifaqı qoyub gedib, telekanallardan təşkilatı və onun üzvlərini linc edirdi, onda biz özümüzü tək qoyulmuş hiss edirdik. Amma biz sınmadıq, yolumuza davam etdik, mövqeyimizi siyasi konyukturadan ötrü 3 ildən bir dəyişmədik, məmur sifarişinə yox, dövlətə sadiqliyimizi sübut etdik.
 


Əbdül müəllim 40 il çörək kəsdiyi dostuna "yeriyə bilmir", "ti kto takoy", "onu mən adam eləmişəm" deyəndən sonra onun sədr olduğu təşkilatdan nə umur? Mən Nizami Kino Mərkəzində hələ ittifaqların birləşməsinə qədər Əbdül müəllimə yaxınlaşıb "bir sənətkarın şəxsiyyətini qoyaq qırağa, ən azı xanım olduğunu nəzərə alıb təhqir etmək olmaz" deyəndə, cavab verdi ki, "sən bu işlərə qarışma, mən onları 50 ildir tanıyıram". İndi məndən nə umur, yandırdığı körpüləri xəstəxanadan verdiyi barışdırıcı 3 cümlə ilə bərpa etmək istəyir?!

Mən Əbdül müəllimi səbrli olmağa, onunla manipulyasiya edilməsinə imkan verməməyə çağırıram. Heç bir kinorejissora məmur əlində oyuncağa çevrilmək yaraşmaz. Bununla yanaşı, Əbdül müəllimin məvacib aldığı Kino Agentliyinin və Mədəniyyət Nazirliyindən onunla daimi əlaqədə olan iki məmurunun nəzərinə çatdırıram ki, onun Azərbaycan Kinematoqrafçıları İttifaqının sədri və birinci katibinin işgüzar nüfuzuna zərbə vuran hər hansı sözünə görə məsuliyyəti şəxsən onlar daşıyır. Onları məvacib verdikləri əməkdaşlarının Prezidentin "İstiqlal" ordeni verdiyi iki sənətkara qarşı hər hansı qeyri-korrekt münasibətinin qarşısını ildırım sürəti ilə almağa çağırıram. Əbdül müəllimi də tezliklə sağalıb həmkarları ilə dedi-qodu, təhqiramiz ruhda yox, üzbəüz, mətbuatsız, mərd-mərdanə müzakirəyə dəvət edirəm.

Sonda məlumat üçün bildirim ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı hər il orta hesabla 20 üzvünə 50.000 AZN civarında sosial yardım verir, buraya onkoloji xəstələr, alzheymer xəstələri və uzun müddət işsiz olan sənətkarlar daxildir. Bir dəfəlik əməliyyat xərcləri ödənilən üzvlərimiz də var".

Bahar Rüstəmli
--> -->