Xəbər lenti

Ölkə 11:25 16.12.2025

"Əziz məmurlar, qəbulunuza gələn vətəndaşlara dəyər verin"

"10 dekabr 2025-ci il tarixində Yasamal rayonunun sakini kimi Rayon İcra Hakimiyyətində vətəndaş qəbulunda oldum. Etiraf etməliyəm ki, bu qəbula kifayət qədər könülsüz getmişdim. Çünki indiyədək bir çox dövlət məmurları, xüsusilə də icra başçıları tərəfindən təşkil olunan vətəndaş qəbullarının formal xarakter daşıdığına, sadəcə "göstəriş” naminə keçirildiyinə dəfələrlə şahid olmuşam. Lakin Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sədrliyi ilə keçirilən qəbul prosesi məni səmimi şəkildə təəccübləndirdi."

Bu sözləri jurnalist Aygün Paşayeva Qaynarinfo-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, qəbul zamanı Elşad Həsənov müraciət edən bütün vətəndaşların problemlərini sonadək səbrlə dinləyir, məsələlərin yerindəcə həlli üçün müvafiq tapşırıqlar verirdi.

"Xüsusilə nümunəvi məqam ondan ibarət idi ki, o, problemini izah edən heç bir vətəndaşın sözünü kəsmir, fikrini tam şəkildə ifadə etməsinə mane olmurdu. Onun vətəndaşı dinləmək mədəniyyəti və bacarığı yüksək səviyyədə idi.

Məlumdur ki, bir çox hallarda bəzi məmurlar vətəndaşların problemlərini həll etmək əvəzinə, onları yerli-yersiz söz kəsməklə fikrindən yayındırır, məsələnin mahiyyətindən uzaqlaşdırırlar. Halbuki həmin gün qəbula gələn vətəndaşların şikayətlərinin ünvanı Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də TƏBİB olduğu halda, Elşad Həsənov əməkdaşlarına göstəriş verdi ki, vətəndaşlara maksimum dəstək göstərilsin".
 


Jurnalist daha sonra bildirir:

"Yaxınlarım, qohumlarım və dostlarım — bir sözlə, məni tanıyan hər kəs yaxşı bilir ki, mən hər zaman yalnız həqiqəti yazmışam. Əgər mən də bəzi həmkarlarım kimi əsassız təriflərlə məşğul olsaydım, yəqin ki, müxtəlif imtiyazlara sahib olardım. Təsəvvür edin ki, adətən sözünü əsirgəməyən biri olaraq, qəbul zamanı öz problemimi izah edərkən həyəcanlandım, dilim dolaşdı. Gördüklərim bir anlıq mənə yuxu kimi gəldi: demək ki, ölkəmizdə vətəndaşı dinləməyi bacaran məmurlar da var imiş.

Qeyd edim ki, məmurları tənqid etmək məsələsində məndən daha sərt mövqe sərgiləyən az tapılar. Lakin görülən yaxşı işləri də təqdir etməkdə heç vaxt vicdansızlıq etməmişəm.

Unutmayaq ki, həqiqətin yolu sadəlikdən keçir. Sevilməyin yolu da məhz bu sadəlikdən keçir.

Əziz məmurlar, qəbulunuza gələn vətəndaşlara dəyər verin və onları dinləməyi bacarın.
Dəyər verin dəyərliyə ki, özünüz də dəyərli olasınız".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->