Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə salındı (SƏBƏB)

Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə salındı (SƏBƏB)

Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının növbəti dəfə təxirə düşməsinin səbəbi açıqlanıb. 

F.Laçının vəkili Nurəngiz Qarayeva oxu.az-a açıqlamasında bildirib ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə dustaqların həm məhkəməyə gətirilməməsi, həm də dövlət ittihamçısının iclasda iştirak etməməsi olub. 

Vəkil qeyd edib ki, mətbuatda hər dəfə onun adından məhkəmənin qeyri-müəyyən vaxtadək təxirə salınması barədə məlumatlar gedir: 

"Əslində, mən məhkəmənin qeyri-müəyyən günədək təxirə salındığı barədə məlumat verməmişəm”.

N.Qarayevə deyib ki, F.Laçın və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə iclası ötən gün sentyabrın 23-dək təxirə salınıb. 

Xatırladaq ki, bu iş üzrə proses artıq 10-cu dəfədir təxirə düşür. 

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.

XƏBƏRLƏR
BLOGLAR