"Fələstinlilərin ölkələrindən köçürülməsi qeyri-mümkündür".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Fələstin məsələsilə əlaqədar fevralın 27-də Misirdə fövqəladə ərəb sammitinin keçiriləcəyi məsələsini şərh edərkən deyib.
Rufiz Hafizoğlu bildirib ki, Qahirədə keçiriləcək sammit ərəfəsi ərəb dövlətlərinin bir çoxu Dnlad Trampın Qəzza ilə bağlı bəyanatlarına reaksiya verib:
"Onlar qeyd edib ki, fələstinlilərin ölkələrindən köçürülməsi qeyri-mümkündür. HƏMAS-da son açıqlamasında Qəzzanın nə satıldığı, nə də alımmadığını bildirib. Səudiyyə Ərəbistanı da qeyd edib ki, "iki dövlət, bir paytaxt" prinsipinə əsasən paytaxtı Qüds olan Fələstin dövləti qurulmadan Əl-Riyadla Təl-Əviv arasında normallaşma prosesindən söhbət gedə bilməz. Misir də oxşar bəyanat səsləndirib. İsrailin baş naziri Benyamin Netanyahu isə bildirib ki, 7 oktyabr hadisələri zamanı qəzzalıların oradan çıxmasının qarşısını alan məhz Misir hakimiyyəti olub. Həqiqətən də Misir hökuməti heç bir şəkildə Qəzzadan olan qaçqınlara qapını açmadı".
Ekspert qeyd edib ki, Trampın səsləndirdiyi həmin bəyanata baxmayaraq, bundan sonra nə olacağını açıq şəkildə ortaya qoyan heç bir plan yoxdur:
"Bu, sadəcə bir bəyanatdır. Qəzza sakinlərinin hansı mexanizmlə buradan köçürüləcəyi bəlli deyil. Digər tərəfdən, İsrailin sabiq təhlükəsizlk naziri Knesetə təklif göndərib ki, İsrail oradan çıxmaq istəyən fələstinlilərə pul ödəsin. Terror və radikalizmdə ittiham olunanlara isə pul verilməyəcək. Digər tərəfdən, kim fələstinlilərə zəmanət verir ki, onlar Qəzzadan çıxdıqları zaman ora geri qayıda bilərlər. Ərəblərin torpaqlarını satdığı barədə yayılan fikirlər də cəfəngdir. Söhbət burada işğal faktorundan gedir. Orada yaşayanlar sıxışdırılır. Habelə, Qəzzalıların Trampın planını qəbul edəcəkləri də sualdır".
Həmsöhbətimizin fikrincə, bu təklif həyata keçəcəksə faktiki olaraq bəşər tarixinin ən kobud pozuntusu olacaq:
"Burada söhbət 3 milyon insanın taleyindən gedir. Onların Sinay yarımadasına, Səudiyyə Ərəbistanına, yoxsa İsrailin cənubundakı səhraya köçürüləcəyilə bağlı müxtəlif versiyalar var. Bu suallara hələ ki, cavab yoxdur. Hər hansı bir plan irəli sürmək olar. Amma onun həyata keçib-keçməyəcəyi sual altındadır. Başqa bir tərəfdən, həmin planla razılaşan yeganə dövlət və fikir sahibləri İsraildəki aşırı sağçı dindarlardan ibarət hökumət nümayəndələridir. Amerikalıların çoxu da Trampın bəyanatını sərsəm adlandırır. Əslində, bu plan Amerikaya lazım deyil. O, birbaşa İsrailin maraqlarına xidmət edir".
Siyasi şərhçi düşünür ki, belə bir plan olarsa, ardınca ikinci növbədə İordan çayının Qərb sahilinin də ərəbsizləşdirilməsi planı tətbiq olunacaq:
"Bütün bunlar modern dünyanın ən böyük fəlakətlərindən biri olacaq. Proses onu deməyə əsas verir ki, qarşıda bölgəni daha ciddi problemlər gəzləməkdədir".
Qeyd edək ki, "Reuters" agentliyinin məlumatına görə, fevralın 27-də Misirdə fövqəladə ərəb sammiti keçiriləcək. Sammitdə fələstinlilərlə bağlı məsələyə baxılacaq.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp fələstinliləri başqa yerə köçürdükdən sonra İsraildən "Qəzza zolağı alınması” və "Yaxın Şərqin Rivierası” yaradılmasını təklif edib. İsrail baş naziri Benyamin Netanyahu isə fələstinlilərə təklif edib ki, öz dövlətlərini Səudiyyə Ərəbistanda yaratsınlar.
Rüfət Sultan
Şərhlər