Siyasət 15:50 14.10.2021

Fərəc Quliyev: “Partiyalarla bağlı xüsusi imtiyaz yoxdur, sadəcə...”

"Partiyalarla bağlı xüsusi imtiyaz yoxdur, sadəcə bəzilərinə paytaxtda 3-4 otaq yer verilib. Buna xüsusi qayğı-diqqət adını qoymaq düzgün deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Dirçəliş Hərəkat Partiyasının sədri Fərəc Quliyev deyib.
 
Sədr bildirib ki, partiyaların inkişafı üçün onların rayon şöbələrinə şərait yaratmaq lazımdır:

"Partiyalar arasında dialoq mühiti yaradılıb, çalışırıq, elə bir şərait yaradılsın ki, sivil qaydada mübarizə aparmaq imkanları olsun. Mən onlayn müşavirələrdə də bildirmişəm ki, partiyaların rayon şöbələrinə şərait yaratmaq və onlara yer vermək lazımdır. İndi təkcə parlament partiyaları maliyyə alır. Partiyaların nə imkanları var, nə də maliyyələri. Hamısının çətinlikləri var. İqtidar-müxalifət münasibətlərində yumşalma var, müharibə və ondan sonrakı dönəmdə birlik nümayiş olunur və olunmalıdır”. 

"Partiyaların sayı çoxalır və onlara yaxşı şərait yaradılır” fikirinə gəlincə, Fərəc Quliyev bunun doğru yanaşma olmadığını deyib:

"Yəni kiməsə, hansısa partiyaya yaxşı şərait yaradılmır. Proporsional seçki sistemi olarsa, insanlar partiyalarına səs verərsə, seçkidə uğursuzluğa düçar olan partiyalar birləşməyə məcbur olacaq və nəticədə ortada 15-20 partiya qalacaq. Partiyalar arasında sivil seçki mübarizəsi proporsional seçki sistemindən keçir. Belə olanda cəmiyyət həmin partiyanın gücünü də biləcək”.

Bahar Rüstəmli