Fövqəladə Hallar Nazirliyinin (FHN) adından dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə aparılan məhkəmə istintaqı zamanı məlum olub ki, Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilən müttəhim T.Ə. zərərçəkən R.A-nın 7800 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
R.A. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəlmək istəyib. T.Ə. yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu deyərək bu məsələdə ona kömək edəcəyini və bunun üçün 10 000 manat pul lazım olduğunu bildirib.
R.A. razılaşaraq T.Ə.-yə hissə-hissə ümumilikdə 7800 manat pul verib. T.Ə. inandırıcı olsun deyə, pulun bir hissəsini FHN-nin inzibati binasının yaxınlığında alıb. R.A. sonradan aldadıldığını başa düşərək T.Ə. barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.
T.Ə. məhkəmə istintaqı zamanı ittihamla razılaşaraq, özünü təqsirli bilib. Eyni zamanda dəymiş zərərin ödənildiyini qeyd edib.
Məhkəmənin hökmü ilə T.Ə.-yə qəti olaraq 2 il 1 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilir.
Seyid
Şərhlər