İdman 17:02 20.05.2022

FİF-in icraçı direktoru: “Kimin nə təklifi varsa, gəlsinlər, danışaq”

AFFA-nın bu ildən etibarən təsis etdiyi Futbolun İnkişaf Fondu (FİF) hələ ki, hansısa fəaliyyəti ilə diqqət çəkmir. Müəyyən canlanmalar müşahidə olunsa da, yeniliklərlə nəsə demək çətindir. Bu səbəbdən yaranan suallara cavab tapmağı qərara aldıq. 
 
FİF-in icraçı direktoru Tural Piriyev Qaynarinfo-ya müsahibəsində qarşıdakı planlardan və fondun hazırkı fəaliyyətindən danışdı. O, yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz”la "Kəpəz”ə maliyyə dəstəyi məsələsinə də toxundu.

"Bildiyiniz kimi, fond bu ildən aktivləşib. Baxmayaraq ki, 2016-cı ildən yaradılıb. Bu il qarşıya məqsəd qoyulub ki, region klublarına dayanıqlı maliyyə mənbəyi tapmaqda köməklik göstərsin. Həmçinin məqsədimiz təkcə maliyyə mənbəyi tapmaq deyil, regionlarda bu irsi yaratmaqdır. Klubların özündə də bu irsin olmasını istəyirik. Cəmiyyətin hər bir fərdinin bu prosesdə yaxından iştirak etmək imkanı yaratmağa çalışırıq. Sonuncu ilə bağlı ianə portalı hazırlanır. Portal iki aya hazır olacaq. O vaxta qədər rəqəmsal layihələrimiz var. Hansı ki, geniş ictimaiyyət də iştirak edə bilər. Həmçinin insanlar arasında bu ianələrlə bağlı sorğu keçirmişik. İlk sorğunu yəqin ki, bazar ertəsi paylaşacağıq. Statistika baxımından deyim ki, insanların 86 faizi belə bir imkan yaradılacağı təqdirdə dəstəklədikləri kluba ianə etmək istədiklərini bildiriblər. Məbləğlər və digər fikirlərini də öyrənmişik. Geniş hesabat paylaşacağıq. Fəaliyyətimizin digər qismi ilə əlaqədar onu deyə bilərəm ki, strategiyamız hazırlanır. Nizamnamə yeniləndi. Yeni heyət, sədr təyin olundu. Beynəlxalq qurumlarla əlaqədəyik. Onların arasında Avropa komissiyası, Avropa Birliyinin müxtəlif qurumları, FİFA, UEFA var. Araşdırırıq ki, hansı imkanlar və qrand proqramları olur və onlardan hansılara qoşula bilərik. Həmçinin regionlarla əlaqədəyik. Özüm Gəncə və Tovuz səfərindən yeni qayıtmışam. Hər iki rayonun icra başçıları ilə görüşdük. Onlarla hansı sahədə əməkdaşlıq edə biləcəyimizi, bizə necə dəstək göstərə biləcəklərini, təbliğatımızın aparılması, müəyyən tədbirlərin keçirilməsi haqda danışdıq. Fond üçün 5 region - Gəncə, Tovuz, Zaqatala, Mingəçevir və Lənkəran təyin olunub. Gəncə və Tovuz təmsilçiləri Premyer Liqaya vəsiqə qazandığına görə bizim üçün prioritetə çevrilib. Fəaliyyətimiz hazırda əsasən bu iki region üzərində qurulub. Mərhələləi olaraq digər regionlerda da fəaliyyətimzi artıracağıq".
 
- Fonda hazırda nə qədər ianə toplandığı haqda məlumatlar var?
 
- İanə toplanması ilə bağlı platforma hələ hazır olmadığına görə belə bir sistem yoxdur. Bunun niyə uzun çəkdiyini soruşa bilərsiniz. Çünki hazırlamazdan əvvəl istədik ki, maraqlı tərəflərin fikirlərini öyrənsin. Görək insanlar hansı formada portal istəyirlər. Sistem asan, həm də mükəmməl formada olmalıdır. Hər hansı problem olmamalıdır, çünki insanların bank məlumatları saxlanılır. Təhlükəsizlik baxımından yaxşı qorunmalıdır ki, insanlar neqativlə üzləşməsin. Bu məsələyə maksimum həssas yanaşdığımız üçün bir qədər uzun çəkir. İanə yox, digər məsələlər var, məsələn, klublara sponsorlarla bağlı məlumatlar göndəririk. Həm "Turan Tovuz”, həm də "Kəpəz”lə bağlı müxtəlif şirkətlərlə görüşmüşük, klublara təkliflər göndərmişik. Həmin bölgədən olan sahibkarlarla da şəxsi görüşlər keçiririk. Bu dərhal nəticə verən proses deyil. Görüşlər davam edir. Ən yaxşı halda bir-iki aya nəticəsini görə bilərik. Platformanın da fəaliyyəti həmin vaxtdan başlayacaq.
 
- AFFA "Turan Tovuz” və "Kəpəz”ə 500 min manat ayırıb. Təbii ki, Premyer Liqada oynamaq üçün bu kifayət etməyəcək. Bu məsələdə klublara kömək etmək mümkün olacaqmı?
 
- Bəli, 500 min manat ayırdıqları açıqlanıb. Qeyd etdiyiniz kimi, bu Premyer Liqa üçün az məbləğdir. Bizim hesablamalarımıza görə, bir klubun Premyer Liqada iştirak etməsi üçün ilkin mərhələdə iki milyon manata ehtiyac var. AFFA da öz tərəfindən 500 min ayırır. Həmçinin bu klublar uzun illərdən sonra Premyer Liqaya qayıdırlar. Neqativ tərəfi odur ki, ayrılan pul bəs etmir. Amma digər tərəfdən bu bir şansdır ki, bölgə klublarının arxasında birləşsinslər, bu çətin dövrdə komandalarına dəstək olsunlar ki, onlar bir-iki il oynayıb yenidən aşağı dəstəyə düşməsinlər. Sistem qurulsun. Demirəm, gəlib dərhal çempion olsunlar. Amma bir irs formalaşdırsınlar ki, klublar Premyer Liqada qala bilsin. Həmin bölgələrdən olan sahibkarlar, yerli qurumlar, həmçinin biz onlara yaxından dəstək göstərməyə çalışacağıq.
 
- Danışıq apardığınız sponsorlar ideyaya necə yanaşırlar? Tovuzlu iş adamlarından biri bizə açıqlamasında klubun Premyer Liqaya lisenziya qazanmasından sonra AFFA-ya təkliflərlə getdiyini, ancaq soyuq qarşılandıqlarını bildirmişdi…
 
- Açığı, belə təklif olması ilə bağlı məlumatımız yoxdur. İnanıram ki, nəsə olsaydı, mən də cəlb edilərdim. Yenə də, saytınız vasitəsilə müraciət edirəm, kimin nə təklifi varsa, müzakirələrə açığıq. Gəlsinlər, danışaq, istəklərini bildirsinlər, biz də ona uyğun bir şey fikirləşərik. 
 
- Azərbaycan futboluna sponsorlar o qədər də maraq göstərmirlər. Əvvəlki illərdə nələrdənsə narazı qalıblar, yaxud yəqin ki, fayda görməyiblər deyə "Azərbaycan futbolu” adı gələndə buna isti yanaşmırlar. Çox güman, sizin də üzərinizə böyük iş düşəcək. Bu baxımdan necə düşünürsünüz, sponsorları cəlb etmək asan olacaqmı?
 
- 12-13 ildir futbol marketinqindəyəm. 6 il AFFA-da marketinq direktoru olmuşam. Sponsorlarla görüşlər, təkliflər əsas işlərimizdən biri olub. Deyə bimərəm, kimlərsə bu işdən küsüb, geri çəkilib və sair. Bəlkə də kimlərsə, hansısa başqa məqsədlərlə futbolda olublar, sponsorluq ediblər. Biri var ənənəvi sponsorluq, yəni, kiməsə deyirlər ki, "sən filan kluba dəstək ol”. Burda şirkətin biznes marağı olmur və sosial layihə kimi baxır. İdeal sponsorluq odur ki, şirkətin öz biznes marağı olsun. Yəni kluba yatırdığı investisiyadan onun biznesinə birbaşa geridönüşü olsun. Ümumiyyətlə, sponorluq təklifləri bu formatda qurulmalıdır. Qarşıdakı şirkət öyrənilməlidir. Başa düşülməlidir ki, maraqlar harada kəsişə bilər. Futbol ona nə qədər fayda verə bilər. Sizə bir nümunə deyim, AFFA-da bir tərəfdaşımız vardı. Həmin tərəfdaşla müqavilə bağlayana qədər danışıqlarımız 14 ay davam etdi. Bu aylar ərzində onları öyrəndik, təkliflərimizi etdik. Sonda uğurlu sponsorluq layihəsi ortaya çıxardıq və hazırda bu davam edir. Klublara da təkliflər göndərilib, amma o demək deyil ki, dərhal nəticəsini verəcək. Üzərində çalışmalıyıq. Bu prosesə şirkətin rəhbərinin gözü ilə baxmalıyıq. Hansısa şirkət müəyyən müddət dəstək versin və qarşıdakı illərdə bunu dayandırsın - belədə dayanıqlıq itir və klub üçün şirkətin fəaliyyəti sığortasız olur.
 
- Futbolun İnkişaf Fonduna dövlət tərəfindən də dəstək veriləcəkmi? Yoxsa fondun büdcəsi sırf regionlarda ianə hesabına formalaşacaq?
 
- İanə portalında hər klubun ayrıca hesabı olacaq. İnsanlar hansısa kluba ianə edəcəklərsə, bu, yalnız oraya yönələcək. Ümumi fonda da ianə etmək imkanları var. Həmçinin beynəlxalq təşkilatar, müxtəlif qurumları ilə əməkdaşlıq etməyə çalışırıq. Yardım edə bilərlər. Söhbət təkcə maddi yardımdan getmir. Məsələn, regionlardan olan bir neçə millət vəkili ilə görüşmüşük. Sahibkarları necə cəlb etmək, bunun üçün qanunvericilik layihəsi hazırlamaq kimi proseslərdə onların faydaları daha çox ola bilər. Düşünürük ki, onlardan hansı yöndə faydalana bilərik. Bizə yardım ayrılması ilə bağlı heç bir dövlət qurumuna müraciət etməmişik. İstənilən yardıma açığıq. Dövlət tərəfindən dəstək olsa, buna görə ancaq sevinərik, təşəkkür edərik. Ümumilikdə prosesi elə qurmağa çalışırıq ki, hər şeyi dövlətin boynuna atmayaq. Dövlət ona da baxsın, buna da, futbol klubu da saxlasın - belə olmasına çalışmırıq. Onsuz da dövlətin dəstəyini görürük. Çalışırıq ki, klublar da dövlətin boynuna yük olmasın və maliyyəni başqa yerlərdən tapaq.
 
- Fondun nümayəndə heyətinin tərkibində Azərbaycanın tanınmış şəxsləri yer alsa da, onların bəziləri futboldan uzaqdır. Onların fəaliyyəti ilə bağlı fikirləriniz necədir? Ümumiyyətlə, nə edə bilərlər?
 
- Himayəçilər Şurasının üzvləri yardım edən insanlar, yəni sponsor deyil. Onların səlahiyyəti ilə bağlı işlər sırf futbola aid texniki biliklər tələb etmir. Şərt deyil ki, həmin insan mütləq futbolçu və ya futbol sahəsindən gələn məşqçi olsun. Müxtəlif sferalardan insanlar toplamağımızın səbəbi odur ki, fərqli fikirlər görək. Yalnız futbol adamlarının fikri olanda "çərçivə” daralır. Nə qədər fərqli gözlə baxa bilsək, daha yaxşıdır. Ayrılıqda həmin insanların dəstəyini görürük. Məsələn, Qənirə Paşayeva Tovuzun millət vəkilidir. İstər hansısa təşkilati işlərdə, yaxud sahibkarların tapılması yönündə əvvəlcə özü danışıqlar aparır, daha sonra bizi yönəldir. Müəyyən tədbirlərimizin təşkilində çox dəstək göstərir. Ümumiyyətlə, Himayəçilər Şurasının üzvlərinin individual sahələrdə dəstəkləri var.
 
- FİF layihəsinin uğurlu olma ehtimalı nə qədərdir?
 
- Şəxsi fikrimi soruşursunuzsa, çox inanıram. Bütün kollektivimiz fəaliyyətimizin effektiv olmasını istəyir. Region klublarında dayanıqlı maliyyə yaratmaq, inkişaf etməsini istəyirik. Bu zaman Premyer Liqada yenidən 8 klub olması, onların yalnız Bakını təmsil etməsi kimi məsələlərlə qarşılaşmayacağıq. Yaxud "hansısa klubun sponsoru getsə, nə olacaq”, regionlarda "bizim niyə klubumuz yoxdur” kimi məsələləri kökündən həll etmək istədiyimiz üçün çalışırıq, proseslərə inanırıq. Həmçinin inanıram ki, bölgə insanları da bu prosesdə bizə dəstək göstərəck və hədəflərimizə çatacağıq.

Səbuhi Həsənov