İdman 00:04 18.01.2022

FİFA "The Best"in qaliblərinin adlarını açıqladı

FİFA ötən ilin ən yaxşılarının və "Puşkaş mükafatı"nın qalibinin adını açıqlayıb. 

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, 2021-ci ilin ən yaxşı kişi qapıçısı "Çelsi"dən Eduard Mendi olub. Qadınlar arasında isə ilin ən yaxşı qolkiperi "Lion"dan çilili Kristiana Endler seçilib. 

İlin ən yaxşı baş məşqçisi də İngiltərə Premyer Liqasından seçilib. Belə ki, bu ada "Çelsi"nin baş məşqçisi Tomas Tuçel sahib çıxıb. 

"Çelsi"nin qadınlardan ibarət komandasının baş məşqçisi Emma Heyz isə ən yaxşı qadın baş məşqçi mükafatına layiq görülüb. 

2021-ci ilin ən yaxşı futbolçusu "Bavariya"nın polşalı hücumçusu Robert Levandovski olub. O, ardıcıl ikinci dəfə ilin ən yaxşısı adına layiq görülüb. Qadın futbolçular arasında isə bu mükafata İspaniya "Barselona"sından Aleksiya Putelyas sahib çıxıb. 

2021-ci il üçün Puşkaş mükafatının qalibi də İngiltərədən olub. Belə ki, "Tottenhem"in futbolçusu Erik Lamelanın Premyer Liqada "Arsenal"a vurduğu qol ən yaxşı seçilib.

2021-ci ilin "fair play" mükafatının qalibi adına AVRO-2020-də Danimarka millisinin futbolçusu Kristian Eriksenin həyatını xilas edən yığmanın tibbi və məşqçilər heyəti layiq görülüb. 

"Mançester Yunayted"in və Portuqlaiya millisinin superulduzu Kriştiano Ronaldo yığmada vurduğu qolların sayına görə FIFA-nın xüsusi mükafatına layiq görülüb. O, millidə 111 qolla ən çox fərqlənmiş futbolçudur.

FİFA-nın xüsusi mükafatına lqyiq görülən digər futbolçu isə Kanada millisinin sabiq hücumçusu Kristin Sinklerdir.

Dünyanın ali futbol qurumu 2021-ci ilin həm kişilər, həm də qadınlardan ibarət rəmzi komandalarını da açıqlayıb. Kişi futbolçular arasında rəmzi "11-liy"ə aşağıdakı futbolçuların adları daxil edilib.

Qapıçı: Canluici Donnarumma (PSJ, Fransa)
Müdafiəçilər: David Alaba ("Real Madrid", İspaniya), Ruben Diaş ("Mançester Siti", İngiltərə), Leonardo Bonuççi ("Yuventus", İtaliya)
Yarımmüdafiəçilər: Jorjinyo, N Qolo Kante (hər ikisi "Çelsi"), Kevin De Brüyne ("Mançester Siti", İngiltərə)
Hücumçular: Kriştiano Ronaldo ("Mançester Yunayted", İngiltərə), Erlinq Haland ("Borussiya" Dortmund, Almaniya), Robert Levandovski ("Bavariya" Almaniya), Lionel Messi (PSJ)

Qadınlar arasında ötən ilin rəmzi komandasında isə aşağıdakı futbolçular yer alıb:

Qapıçı: Kristiana Endler ("Lion", Fransa)
Müdafiəçilər: Lüsi Bronz ("Mançester Siti", İngiltərə), Vendi Renar ("Lion"), Brayt Enobakhare ("Koventri Siti", İngiltərə)
Yarımmüdafiəçilər: Estefaniya Banini ("Atletiko" Madrid, İspaniya), Karli Lloyd ("Skay Blyu", ABŞ), Barbara Bonansea ("Yuventus", İtaliya)
Hücumçular: Vivianne Midyema ("Arsenal", İngiltərə), Marta, Aleks Morqan (hər ikisi "Orlando Prayd", ABŞ)

Səbuhi Həsənov