Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, Çin Rusiyanın nüvə silahından istifadə etməsinə imkan verməyəcəyinə dair Finlandiyanı əmin edib. Onun sözlərinə görə, Pekin Moskvanın Ukraynadakı müharibəni daha da eskalasiya etdirməsinin qarşısını almaq üçün ciddi səylər göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politco" məlumat yayıb.
"Bu yay məni Çinin xarici işlər naziri ziyarət etdi və mən bu məsələni gündəmə gətirdim. O dedi ki, biz heç vaxt buna imkan verməyəcəyik. Düşünürəm ki, bu, kifayət qədər yaxşı çəkindirmə amilidir", deyə Stubb bildirib.
Finlandiya prezidenti həmçinin qeyd edib ki, Moskvanın Avropanı mümkün nüvə eskalasiyası və ya NATO-ya birbaşa hücumla bağlı narahatlıq içində saxlamaqdan faydası var.
"Rusiya istəyir ki, biz avropalılar burada oturub müzakirə edək: Rusiya eskalasiyaya gedəcəkmi? Rusiya nüvə silahından istifadə edəcəkmi? Rusiya NATO-ya və Avropaya hücum edəcəkmi? Sakit olun, soyuqqanlılığınızı, təmkininizi və sayıqlığınızı qoruyun. Hadisələri dramatikləşdirməyin, ən pis ssenariyə hazırlaşın ki, onun qarşısını ala biləsiniz", deyə Finlandiya lideri vurğulayıb.
Finlandiya Ukraynaya "kritik əhəmiyyətli" hava hücumundan müdafiə vasitələri göndərməyi planlaşdırır. Aleksandr Stubbun sözlərinə görə, Helsinki qış ərəfəsində Kiyevə digər yardımlar da təqdim edəcək. Finlandiya prezidenti həmçinin bildirib ki, Ukraynanın vəziyyəti əvvəlki dövrlə müqayisədə xeyli yaxşılaşsa da, bu, Qərbin arxayınlaşması üçün əsas deyil. Stubbun sözlərinə görə, Rusiya hazırda ayda 100-dən çox ballistik raket istehsal edir və onun arsenalında 600 belə raket var.
Aydın
Şərhlər