Noyabrın 25-də Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnaməni politoloqlar şərh ediblər.
"Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri Araz Aslanlı Qaynarinfo-ya açıqlamasında Senatın məlum qətnaməsini Fransa hakimiyyətinin qərarı sayır:
"Fransa hökuməti indi özünü elə aparır ki, guya qərarın qəbul olunmasını istəmir. Amma məsələ ondadır ki, Makron bununla Azərbaycana qarşı təzyiq etmək istəyir:
"Fransa özünü qlobal siyasətdə böyük dövlətlər tərəfindən istifadə olunan "çığal kiçik oyunçular" kimi aparır. Bu "çığal kiçik oyunçular" özləri qazanmaq üçün yox, kimlərinsə qazanmasına mane olmaq üçün istifadə olunurlar. Makronun "çığal kiçik oyunçu" davranışını idarə edənlərin əsas məqsədlərindən biri regionda açıq hərbi Türkiyə-Rusiya qarşıdurması yaratmaq idi. Beləcə bu iki dövlət diqqət və enerjilərini Yaxın Şərqdən, Aralıq dənizi hövzəsindən və Şərqi Avropadan (Rusiya) Cənubi Qafqaza yönəldəcək və hər ikisi çox şey itirəcəkdilər.
2020-ci ilin iyulda və sentyabr aylarında Ermənistanın provokasiyalarının arxasında həm də bu amil var idi. Amma 2016-cı ildə Rusiyanın Ankaradakı səfiri Karlovun öldürülməsinə fərqli reaksiya verərək daha da yaxınlaşan Türkiyə və Rusiya, bu dəfə də diqqətli davranır. Proseslərin gələcəyində Ərdoğan-Putin, eləcə də müəyyən məqamlarda Ərdoğan–Putin-Əliyev dialoqu çox əhəmiyyətli olacaq.
Başqa bir məqama diqqət yetirmək istəyirəm. 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində Anadoludakı ermənilərdən öz məqsədləri üçün istifadə etməyə çalışan Qərb dövlətləri yaşadıqları uğursuzluqları ört-basdır etmək üçün uydurma soyqırım iddiaları ilə erməniləri rahatlatmağa və öz tərəflərində saxlamağa (gələcəkdə vasitə kimi istifadə etmək məqsədiylə) çalışdılar. Fransa Senatının bugünkü qərarı da bir qədər buna bənzəyir”.
Araz Aslanlı hesab edir ki, Azərbaycan Fransaya eyni səviyyədə cavab verməlidir, hətta diplomatik münasibətləri kəsə də bilər:
Fransa Hakimiyyətinin qondarma rejimi tanıyacağına inanmıram. Çünki Fransanın BMT TŞ-nin daimi üzvlüyü, Minsk qrupunun həmsədri olması və Avropadakı tutduğu mövqeyi buna adekvat deyil. Sadəcə, bu qərar dediyim kimi, təzyiq mexanizmidir”.
Politoloq Şahin Cəfərli isə hesab edir ki, Azərbaycan erməni tərəfinin bu cür təxribatlarına qarşı aktiv iş aparmalıdır:
"Fransa Senatının qətnaməsi heç bir hüquqi qüvvəsi olmayan boş bir sənəddir. Amma bu sənəd də, Rusiyanın Xankəndində qurduğu faktiki idarəçilik də, Araik Arutunyanın Moskvaya səfəri də göstərir ki, məsələ hələ qapanmayıb və baş ağrıtmağa davam edəcək. Nəzarətimizdən kənarda müəyyən ərazinin qalması ermənilərin məlum xəyalını diri tutan amildir. Rusiyanın əraziyə öz ordusunu yeritməkdə məqsədi də bu xəyalın məhv olmasına və problemin birdəfəlik həllinə imkan verməmək idi.
Fransa hökuməti Senatın çağırışına əməl etməyəcək, amma bu qətnamənin qəbulu xoşagəlməz presedentdir. Erməni lobbiləri bu tip sənədləri digər dövlətlərin qanunverici orqanlarında da qəbul etdirməyə çalışacaqlar. Ona görə də, diqqətli olmaq və işləmək lazım gələcək.
Azərbaycan hakimiyyəti əvvəllər Avropa başda olmaqda, önəmli paytaxtlarda çox aktiv iş aparırdı, bu məqsədlə ən müxtəlif üsullardan istifadə olunurdu, Fransa ilə münasibətlərə isə xüsusi önəm verilirdi. Görünür, son vaxtlar bu iş zəifləyib. Daha fundamental xarakterli yeni bir reallıq da var: güc mərkəzləri arasında balans saxlamağa hesablanan, uzun illər ilmək-ilmək işlənmiş əvvəlki uğurlu xarici siyasət konstruksiyası dağılıb. İndi yeni xarici siyasət qurmaq lazım gələcək”.
Orxan Əhmədov
Şərhlər