Fransız arxeoloqları XVI əsrə aid dar ağacının qalıqlarını aşkar ediblər. Burada edamdan sonra məhkumların cəsədləri ictimaiyyətə nümayiş etdirilib. Kişilərin və bir neçə qadının cəsədləri sonradan yaxınlıqda yerləşən kütləvi məzarlıqlarda basdırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Live Science” yazır.
2024-cü ildə Qrenobl yaxınlığında aparılan qazıntılar zamanı Fransanın Preventiv Arxeoloji Tədqiqatlar Milli İnstitutunun (INRAP) mütəxəssisləri XVI əsrə aid kvadrat formalı kərpic tikili və 10 dəfn çuxuru aşkar ediblər.
Maraqlıdır ki, bu tapıntılar əvvəlcə arxeoloqları çaşdırıb. Onlar düşünürdülər ki, tikili və məzarlıqlar cüzamlılar koloniyasına, katolik kapellasının qəbiristanlığına və ya hərbi məzarlığa aid ola bilər. Lakin tarixi tikinti sənədlərinin öyrənilməsi ərazidə taxta dar ağacının mövcudluğunu təsdiqləyib və bu da tapıntıların Qrenobldə ictimai edamların həyata keçirildiyi yer olduğunu göstərib.
Arxeoloji materiallar və 1544–1547-ci illərə aid tikinti qeydlərinə əsasən, dar ağacı hər tərəfi təxminən 8 metr olan kvadrat planlı konstruksiya olub və hündürlüyü 5 metrə çatan səkkiz daş dirəkdən ibarət imiş. Dirəklərdən çıxan eninə tirlər dar ağacı formasını yaradaraq həm edam, həm də məhkumların nümayişi üçün istifadə olunub.
Qeyd olunur ki, bu konstruksiya Qrenobl məhkəmə hakimiyyətinə eyni vaxtda səkkiz nəfəri asmağa və onların cəsədlərini nümayiş etdirməyə imkan verib.
Kütləvi dəfnlərdə arxeoloqlar 32 nəfərin qalıqlarını müəyyən ediblər, onların əksəriyyəti kişilərdir. Tarixi arxivlər dar ağacında edam edildiyi və ehtimal ki, dəfn çuxurlarından birində basdırıldığı iki kişinin adını da üzə çıxarıb.
Protestant Benua Kruaye 1573-cü ildə Qrenobla hücumda iştirakda ittiham olunub, Şarl Dü Püi Monbryun isə 1575-ci ildə edam edilənə qədər Dofinedə hugenotların lideri olub. Hər ikisi kral hakimiyyətinə qarşı üsyana görə ölüm cəzasına məhkum edilib. INRAP-ın açıqlamasında deyilir:
"Məhkumların bu şəkildə dəfn edilməsi onların sağlığında verilmiş ölüm hökmünün davamı idi. Buna görə də qazıntılar zamanı aşkar edilən şəxslər qəsdən normal dəfn hüququndan məhrum ediliblər. Çuxurlardakı bəzi cəsədlər ölümündən sonra da alçaldıcı rəftara məruz qalıb, o cümlədən parçalanma və başın kəsilməsi halları müşahidə olunub”.
Vurğulanır ki, dar ağacının və kütləvi dəfnlərin aşkar edilməsi arxeoloqlara tarixi ədalət məkanları barədə yeni bilgilər verir. Ehtimal olunur ki, Qrenoblda edam üsulu kimi dar ağacından istifadə XVII əsrin əvvəlində siyasi və dini normaların dəyişməsi səbəbindən tədricən tərk edilib.
Aydın
Şərhlər