Siyasət 12:45 21.01.2022

Fransanın Uyğur soyqırımını tanımaq qərarının arxasında nə dayanır? (ŞƏRH)

"Belə bir addımı atmaqla seçkilər ərəfəsi Emmanuel Makron daha çox öz maraqlarına xidmət edir, nəinki Fransanın. Bu, həm də Makronun türk dünyasına yaxınlaşmaq mesajıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın Uyğur soyqırımını rəsmi şəkildə tanımasına münasibət bildirərkən deyib: 

"Fransa parlamentinin uyğurlarla bağlı qərarı alqışlanmalıdır. Bildiyiniz kimi, Çinlə Rusiya birgə hərəkət etməyi düşünür. "Bir kəmər, bir yol” siyasətilə Pekin Avropaya birbaşa çıxış əldə etmək istəyir ki, Rusiya da bu prosesə qoşulub. Çinin Uyğur vilayətindən xeyli qazax Qazaxıstana köçüb. Qazaxıstana gələn bu insanların isə Çinlə Rusiyaya qarşı münasibətləri neqativdir”. 

Həmsöhbətimiz düşünür ki, Fransa parlamentinin həmin qərarı daha çox seçki ərəfəsi Emmanuel Makronun maraqlarına cavab verir: 

"Belə bir vəziyyətdə Fransa parlamentinin uyğur soyqırımını tanımasında maraqları tamamilə fərqlidir. Paris bunu ABŞ-ın təkidilə edir. Çünki həmin məsələni ilk olaraq ABŞ gündəmə gətirib. Digər tərəfdən, hazırda Paris Almaniya kansleri Merkelin gedişindən sonra Avropada diplomatik lider statusuna sahib olmağı düşünür. Ona görə Fransa həmin addımın ardınca cari ilin martına qədər dünya miqyasında səslənə biləcək digər hadisələrə də bu sayaq reaksiya verəcək. Martda isə Fransada prezident seçkiləridir. Həm də Avropa İttifaqına rəhbərlik rotasiya qaydasında hazırda Fransa tərəfindən həyata keçirilir. Belə bir addımı atmaqla  seçkilər ərəfəsi Emmanuel Makron daha çox xal qazanmağı düşünür. Hazırda Ankara ilə Paris arasında qarşıdurma var. Azərbaycan Fransa münasibətləri də kifayət qədər gərgindir. Çünki Makron 44 günlük müharibənin gedişində daha çox Ermənistanı dəstəkləyib. Bütün bunların fonunda indi Makron bir qədər fərqli münasibət göstərmək istəyir”. 
 
Uyğurlarla bağlı Parisin bu qərarı ekspertə görə, Çin Fransa qarşıdurmasını artıracaq:

"Pekinə də "dur” deyən dövlət lazım idi. ABŞ Pekinə siyasi mənada "dur” deyib. Fransa isə sözügedən qərarı ilə bunu hüquqi müstəviyə çəkdi. Nəticədə yəqin ki, Çinin uyğurlara qarşı soyqırımı məsələsi böyüyəcək. Çünki Fransanın mövqeyi həm də Avropanın mövqeyidir. Fransadan sonra Avropa və Amerika qitəsindəki bir sıra digər ölkələr də həmin soyqırımı tanıya bilərlər”. 

Qeyd edək ki, Fransa Milli Assambleyasının Uyğur soyqırımını tanıması qərarının lehinə 169 nəfər səs verib. Cəmi 1 nəfər əleyhinə olub, 4 nəfər isə bitərəf qalıb. Anoloji qərarlar bundan əvəl ABŞ, Kanada və İrlandiya tərəfindən də verilib. 

Rüfət Sultan