Fransa adından çıxış edən azərbaycanlı boksçu Murad Əliyevin müsahibəsi
- II Avropa Oyunlarının +91 kq çəki dərəcəsində gümüş medal qazandınız. Görüşlə bağlı fikirlərinizi bilmək istərdim...
- Çox sevinirəm ki, finala kimi gəldim, çox çətin yol keçdim. Finaldakı rəqibim Viktor Vixrist 2017-ci ilin Avropa çempionu idi. Bütün gücümü ortaya qoysam da, alınmadı. Gələcək üçün daha da gücümü artıracağam ki, medal götürüm.
- Qələbə üçün nə çatışmadı?
- Onun təcrübəsi məndən çox idi. Mən isə yeni boksçuyam. Böyük səhnədə məni tanımırdılar. 23 yaşım var. Yenicə tanınmağa başlayıram.
- Harada anadan olmusunuz? Özünüz haqda məlumat verərdiniz...
- Mən Moskvada anadan olmuşam. Atam bərdəli, anam ağdamlıdır. 2002-ci ildə ailəm Fransaya köçüb. O vaxtdan Fransada boksla məşğulam.
- Fransanın şəraiti yəqin daha yaxşı olar. Amma doğma vətəniniz Azərbaycandan təklif gəlsə, qəbul edərsiniz?
- Mən təkliflərə qapalı insan deyiləm. Hər zaman təklifləri dəyərləndirməyə hazıram.
- Sosial şəbəkələrdə Azərbaycanın Avropa Oyunlarında medallarını kubalıların qazanması, siz də daxil olmaqla, azərbaycanlı boksçuların isə başqa ölkələr adından çıxış etməsi qınanıldı. Bu sizin də qulağınıza gəlib çatdı?
- Bu, taledir. Hər adamın bir taleyi var. Mən bilməzdim ki, nə vaxtsa Fransa adından çıxış edəcəyəm. Fransaya köçəndə, uşaq idim, gedib orada boksu öyrəndim. Harada yaşayırsansa, orada da boksu öyrənirsən. Mən buna pis baxmıram.
- Azərbaycan boksçuları ilə əlaqəniz varmı?
- Azərbaycan millisində +91 kq-da çıxış edən Məhəmməd Abdullayevlə əlaqəm var. Onunla bir yerdə məşq etmişik, bir yerdə çörək yemişik.
- Yəqin artıq Fransaya qayıdacaqsınız. Azərbaycan üçün demək istədiyiniz nəsə varmı?
- Çox təşəkkür edirəm ki, məni dəstəkləyirsiniz. Fransa adından çıxış etsəm də, azərbaycanlıyam. Hara getsəm də, ad-soyadımdan azərbaycanlı olduğum bilinir. Fəxr edirəm ki, azərbaycanlıyam.
Mənbə: oxu.az
Şərhlər