"YARAT” Müasir İncəsənət Mərkəzində Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransız İnstitutunun təşkilatçılığı ilə "Memar, sənətkar və vətəndaş: şəhəri düşünmək” mövzusunda müzakirələr keçirilib.
Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib ki, "Fikirlər gecəsi” adlı tədbir hər il müxtəlif mövzuları əhatə edir.
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez
Tədbirin keçirilməsi təşəbbüsü Fransa Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülüb. Artıq bir neçə ildir ki, dünyanın 50-dən çox ölkəsində bu tədbirin keçirildiyini deyən səfir əlavə etdi ki, hər il axşam saatlarında qeyd olunduğuna görə buna fikirlər gecəsi deyilir.
"Bu gecə hər hansısa bir ideya altında keçirilir ki, bu ideya da təxəyyülün hökmranlığı adlanır. Bu günkü tədbirdə təxəyyüllə şəhərin planlaşdırılmasına, onun daha da abadlaşdırılmasına, gözəlləşməsinə necə nail olmanın mümkünlüyü ətrafında fikir mübadiləsi aparılacaq.Biz bu ideyanı Bakı şəhərinin aktuallığına uyğun seçmişik. Builki tədbir memarlıq, şəhərsalmaya, şəhərplanlaşdıırlmasına həsr olunub. Bir neçə ildir ki. Bakida yeni memarlıq nümunələri inşa olunur. Bakı şəhəri takamul prosesi keçir. Gözəl binalar tikilir, memarlıq cəhətdən həqiqətən valehedici sənət nümunələri görürük. İstər idman obyektləri, istərsə də mədəniyyət mərkəzləri, müxtəlif sahələri əhatə edən ictimayi obyektlər tikilir,” - deyə O.Buşez bildirib.
Səfir bildirib ki, mövzu ətrafında müzakirələr aparmaq üçün Fransadan xüsusi olaraq iki məşhur memar - Jan Pyer Büfi və Andrea Döm Franşi dəvət olunublar.
Fransız memar Jan Pyer Büfi
Jan Pyer Büfi - italyan əsilli fransızdır. Florensiya universitetinin memarlıq fakültəsini bitirib. 35 ildir Fransada memarlıq sahəsində fəaliyyət göstərir. J.P.Büfinin layihələri arasında Milandakı "Casa Luena”, Serj-Pontuazda yerləşən Ali İncəsənət məktəbi, Lissabon şəhərinin fransız-portuqal Mədəniyyət İnstitutu, Lil, Bordo şəhərlərində yerləşən Beynəlxalq Biznes Maşınları qərarqahları var. 1990-cı illərdə həyata keçirdiyi Defense iqtisadi şəhərciyinin təpələri, Defense-ın yaxınlığında yerləşən "La Grande Nef (Böyük Nef) kompleksi və Paris şəhərində baş memar kimi çıxış etdiyi "Front de Parc de Bercy” layihələri ən böyük işlərindəndir.
Jan Pyer Büfinin Parisdəki "Front de Parc de Bercy” layihəsi
Bakıya Orelia Buşezin dəvəti ilə gəldiyini deyən memar Azərbaycan paytaxtının özünəməxsus şəhər olduğunu deyib. "Bakının memarlığını üç sözlə necə ifadə edərdiniz" sualına Jan Pyer Büfinin cavabı belə olub.
"Birincisi, eklektika üslubu. Yəni, bir sıra tarixi dönəmləri özündə əks etdirən memarlıq üslubu. İkincisi, müasir memarlıq. Hiss olunur ki, şəhər müasir memarlığa can atır. Müasir memarlıq nümunələrindən biri kimi Heydər Əliyev Mərkəzini qeyd edə bilərəm. Üçüncüsü isə bu şəhərin memarlığını səciyyələndirən dənizdir. Bakını dənizə baxan şəhər kimi səciyyənləndirirəm,” - J.P.Büfi bildirib.
YARAT mərkəzində müzakirələr
"Parislə Bakı arasında hər hansı bir oxşarlıq varmı?" sualına cavabında memar bildirib ki, "19-cu əsrin əvvəllərində Bakıdakı neft sıçrayışından sonra Bakının memarlığında yeni binalar meydana gəldi. Bunlar eyni dövrdə Parisdə Usman (baron Jan Ejen Usmanın adından) üslubunda inşa edilən memarlıq nümunələrinə daha çox oxşayır.”
Tədbirdə çıxış edən Bakının mərkəzi küçələrinin yenidən qurulması layihələrini həyata keçirən memar Elçin Əliyev qeyd etdi ki, Bakıdakı memarlıq nümünələri bir neçə dövrə bölünür: Qədim dövr, 1913- cü il, Stalin dövrü, Sovet və müasir dövr. Memar həmin dövrlərdə inşa edilən binaların fotolarını nümayiş etdirdi.
Qız Qalası 12-ci əsrdə inşa edilmiş memarlıq abidəsi
Atəşgah məbədi - 17-ci əsrdə inşa edilən məbəd
Bakı Şəhər İcra Hakimiyyətinin binası. 1900-1904-cü illərdə polşalı memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilib.
Hökümət Evi. Memar Led Rudnev tərəfindən 1936-1952-ci illərdə inşa edilib
Gülüstan sarayı. 1979-1980-ci illərdə memarlar Hafiz Əmirxanov və Nazim Hacıbəyov tərəfindən inşa edilib
Heydər Əliyev Mərkəzi. 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənilib
Daha sonra memar Elçin Əliyev paytaxtda fasadı dəyişdirilən tarixi binaların əvvəlki və indiki fotolarından ibarət təqdimatla çıxış edib. E.Əliyev təəssüflə bildirib ki, bəzən tarixi binaları əvvəlki görünüşünə qaytarmaq əvəzinə çıxış yolunu onları sökməkdə görülürlər.
"Gördüyünüz memarlıq abidəsi (keçmiş ‘İnturist’ mehmanxanası) 60-70-ci illərdə memar Mikayıl Hüsenovun işidir.”
Keçmiş ‘İnturist’ mehmanxanası
"Çox səliqəli və gözəl binadır. Təəssüf ki, onu artıq söküblər və yerində Hilton oteli inşa edilib. Ola bilsin ki, əvvəlki tikili müasir otelçilik tələblərinə uyğun deyildi. Bəli,yeni mehmanaxananın memarlığı kifayət qədər gözəldir. Lakin bu bugünün memarlığı deyil. Bu məmin Bakıda görmək istədiyim memarlıq deyil.”
"Fantaziya” hamamı
"Bu isə 19-cu əsrin əvvələrində inşa edilmiş çox məşhur Fantaziya hamamıdır. Şəhərin mərkəzindəki bu gözəl bina birmətəbədən ibarətdir. Bəli, bu binanın yerləşdiyi yer çox bahadır. Eşitdiyimə görə bunu söküb yerində hündürmərtəbəli bina ucaltmaq istəyirlər”- deyə memar bildirib.
E.Əliyev İspaniyanın Santpedor şəhərində yerləşən San Françesko kilsəsi və Rumıniya Memarlar Birliyinin binasını nümunə göstərərək bildirib ki, Azərbaycandada da tarixi binaları müasir memarlılq materiallarından istifadə edərək bu cür qoruyub saxlamaq olar.
Rumıniya Memarlıq Birliyinin binasının əvvəlki görünüşü
Rumıniya Memarlıq Birliyinin binasının sonrakı görünüşü
İspaniyanın Santpedor şəhərində yerləşən San Françesko kilsəsi
"Bu yaxınlarda Buxarestdə olanda diqqətimi bu bina (Rumıniya Memarlar Birliyinin binası) çəkdi. Bu tarixi binanın yalnız fasadı qalıb. Hesab edirəm ki, bu təcrübəni biz Fantaziya hamamında da tətbiq edə bilərik. Niyə görə biz müasir elementlərdən istifadə edərək tarixi binaları qorumaq əvəzinə çıxış yolunu onları sökməkdə görürük?”
E.Əliyev bunun səbəbini həm də memarlarda olduğunu dedi, çünki bəzi memarlar yeni binaların layihəsini hazırlayarkan ofislərini belə tərk etmirlər və inşa üçün tarixi binaların sökülməsindən bixəbər olurlar.
E.Əliyev Bakıda Sovet dönəmində inşa edilmiş Bakı Dəniz Limanı, Azərbaycan Demiryolu vağzalı, keçmiş Bakı Sovetı metrosu, Xarici İşlər Nazirliyi və bir çox binaların fasadlarının dəyişdirilərək başqa üslubda restavrasiya olunmasını bəyənmədiyini qeyd edib. Memar bildirib ki, bir sıra Avropa ölkələrində belə problemlər binaların ilkin görünüşünü qaytarmaqla həll olunur.
Tədbirdə həmçinin çıxış edən rəssam Sabina Şıxlinskaya Bakının müxtəlif yerlərində çəkilən hasarların fotolarından ibarət təqdimatla çıxış edib və bildirib ki, fasadı rokoko və baroko üslübünda bəzədilən hasarların hansı məqsəd daşıdığını anlamır.
Vüsal Əzizov
Şərhlər