Dünya 11:07 16.04.2019

Fransız milyarder Paris Notr-Dam kilsəsinin bərpası üçün 100 milyon avro vəd verdi

Fransız milyarder François-Henri Pinault Paris Notr-Dam kilsəsinin bərpası üçün 100 milyon avro ayıracaq.

Qaynarinfo xəbər verir ki, aktrisa Salma Hayekin həyat yoldaşı, "Gucci", "Yves Saint Laurent" şirkətlərinin sahibi olan Pinault kilsədə baş verən yanğın faciəsindən sonra bu açıqlama ilə çıxış edib.

850 illik kilsədə ötən gün axşam saatlarında başlayan yanğın 500 yanğınsöndürənin iştirakı ilə 8,5 saat sonra söndürülüb. Tarixi tikilinin əsas binası və zəng gülləsini xilas etmək mümkün olub, 93 metrlik qüllələrdən biri və damı tamamilə çöküb.

Hadisə yerinə gələn Fransa prezidenti Emmanuel Makron Paris Notr-Damın yenidən inşa ediləcəyini açıqlayıb. 

Qeyd edək ki, kilsədə baş verən yanğın bütün dünyanın gündəminə düşüb. Cəmi bir neçə saat ərzində sosial şəbəkələrdə milyonlarda post paylaşılıb.

Gülşən