Xəbər lenti

Gənc alimlər ölkə rəhbərliyinə müraciət etdi
Ölkə 16:48 05.10.2018

Gənc alimlər ölkə rəhbərliyinə müraciət etdi

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri prezident İlham Əliyevə və birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər.

GAMŞ-dan Qaynarinfo-ya verilən məlumata görə, gənc alimlər Abşeron rayonu Saray qəsəbəsində AMEA-nın əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan "Science City" yaşayış kompleksi üçün dövlət vəsaiti hesabına uzunmüddətli ipoteka kreditinin ayrılmasını istəyirlər.

Gənc alim və mütəxəssislər həmin müraciət vasitəsilə qeyd edirlər ki, hazırda gənc alimlərin əksəriyyəti kirayələrdə, ağır sosial problemlər içərisində yaşayır. Hətta onların bəziləri mənzil-məişət problemi ilə əlaqədar elmdən uzaqlaşaraq məvacibi yüksək olan başqa sahələrdə çalışmaq məcburiyyətində qalırlar. Gənclər, AMEA-da çalışan alimlərin mənzil probleminin həlli məqsədilə salınmaqda olan "Science City" yaşayış kompleksinə böyük ümidlər bəsləsələr də, təəssüf ki, aldıqları aylıq məvacib sözügedən kompleksdə də mənzil almaq imkanını tamamilə məhdudlaşdırır. Baxmayaraq ki, "Science City"də mənzillərin dəyərilə bağlı təklif olunan qiymətlər 1 kv.m üçün 430-470 manat təşkil edir. Bu da olduqca münasibdir.

Gənc alimlər dövlət vəsaiti hesabına ayrılacaq uzunmüddətli ipoteka kreditinə böyük ümidlər bəsləyirlər. Onlar ölkə rəhbərliyini əmin edirlər ki, intellektual gəncliyin avanqard qüvvəsi sayılan gənc alimlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların gələcək elmi-ictimai fəaliyyətlərində bütün potensiallarını, bilik və bacarıqlarını ölkəmizin elmi səviyyəsinin artırılmasına sərf edəcəklər. Bu da Azərbaycan elminin sürətli inkişafına təkan verəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->