Ölkə 19:52 19.09.2019

Gəncə hadisələrində təqsirləndirilən 7 nəfərə hökm oxundu

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə hadisələri ilə bağlı həbs edilən Eşqin Quliyev, Urfan Məmmədov, Abbas Abbasov, Hüseyn Bayramov, Elşən Məmmədov, Oktay Hüseynzadə, Rauf Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Eşqin Quliyev 20 il, Urfan Məmmədov 18 il, Oktay Hüseynzadə 18 il, Abbas Abbasov 7 il, Elşən Məmmədov 7 il, Rauf Bayramov 9 il, onun oğlu Hüseyn Bayramov isə 2 il müddətə azadlıqdan məhrum ediliblər.

Rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Gəncə hadisələri ilə bağlı təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub.