Xəbər lenti

Gəncədə şəhid olmuş polis zabitlərinin ordenləri övladlarına təqdim edilib
Ölkə 19:05 14.07.2018

Gəncədə şəhid olmuş polis zabitlərinin ordenləri övladlarına təqdim edilib

Daxili İşlər Nazirliyində Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə bir qrup polis əməkdaşının və iyulun 10-da Gəncədə ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş iki polis zabitinin (ölümündən sonra) təltif edildikləri dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.

Qaynarinfo-nun məlumatına görə, əvvəlcə nazir Ramil Usubov xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş iki zabitin - İlqar Balakişiyevin və Səməd Abbasovun təltif edildikləri "Azərbaycan Bayrağı” ordenlərini Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən mərhumların övladlarına təqdim edib, onlara atalarının qəhrəmanlıq yolunu gələcəkdə davam etdirməyi, Vətənə layiqli övlad kimi yetişmələrini arzulayıb. 

Sonra Azərbaycan Polisinin 100 illik yubileyi ərəfəsində dövlət başçısının təltif  etdiyi bir qrup əməkdaşa yüksək mükafatlar təqdim edilib. 

Nazir R. Usubov şəxsi heyətin gərgin və fədakar əməyini hər zaman yüksək qiymətləndirdiyinə, xüsusən  iyulun 10-da Gəncə şəhərində qəhrəmanlıqla həlak olmuş iki əməkdaşı təltif etdiyinə görə ölkə prezidentinə bir daha dərin təşəkkürünü bildirib, bu ali diqqət və qayğının daxili işlər orqanlarının bütün əməkdaşlarının ruh yüksəkliyinə səbəb olduğunu, onların üzərinə əlavə məsuliyyət qoyduğunu vurğulayıb, bütövlükdə Azərbaycan Polisinin qarşıya qoyulmuş istənilən vəzifənin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə, Vətənə, xalqa və prezidentə bundan sonra da sədaqətlə xidmət edəcəyinə əminliyini bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->