İyulun 10-da Gəncədə baş verən iğtişaş zamanı xəsarət alan şəhər Baş Polis İdarəsinin post-patrul taborunun qərargah rəisi Samir Bayramov hadisənin təfərrüatlarını danışıb.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, S. Bayramov bildirib ki, hər şey gözlənilmədən baş verib: "Qəflətən kəsici alətlərlə, xəncərlərlə üstümüzə cumdular. Asayişi qorumaq üçün müdaxilə etdik və bu zaman xəsarət aldım”.
S. Bayramov qeyd edib ki, Gəncə polisinin rəhbər şəxsləri ilk növbədə hücuma məruz qalıblar: "İğtişaş zamanı bir neçə istiqamətdən kütlə gəlməyə başladı. Gözləməzdik ki, bu şəxslərin üstündən xəncər və digər kəsici alətlər çıxar. Ərazidə dinc əhali, körpə uşaqlar da var idi. Mən özümü müdafiə edərkən sağ ayağımın bud nahiyəsindən zərbə aldım. Xəncər əslində bədənimə doğru istiqamətlənmişdi”.
S. Bayramov ictimai asayişi qorumağın daxili işlər orqanlarının hər bir əməkdaşının vəzifə borcu olduğunu söyləyib: "Ali Baş Komandanın əmri olarsa, biz torpaqlarımızın müdafiəsinə də hazırıq”.
Şərhlər