Xəbər lenti

Gənclər sürətlə populyarlaşan yeni turizm istiqamətləri formalaşdırdı (SİYAHI)
Dünya 18:44 16.01.2026

Gənclər sürətlə populyarlaşan yeni turizm istiqamətləri formalaşdırdı (SİYAHI)

Məşhur film və serialların çəkildiyi məkanların turistlər üçün cəlbedici istiqamətlərə çevrilməsi artıq adi haldır. Son illərdə isə oxşar proses populyar videooyunlarda təsvir olunan məkanlarla bağlı müşahidə olunur. 

Qaynarinfo xəbər verir ki, "Euronews”un yazdığına görə, geymerlər getdikcə turizm bazarında daha əhəmiyyətli kateqoriyaya çevrilir və "oyun tətili” adlandırılan yeni istirahət formatına tələbat yaradırlar.

Film və serial məkanlarını ziyarət edən turistlərdən fərqli olaraq, geymerlər yalnız məşhur oyunda gördükləri real məkanı görməklə kifayətlənmək istəmirlər. Onlar həmin məkanda sanki oyundakı macəraları real həyatda yenidən yaşamaq, oyun təcrübəsini gerçəkliyə köçürmək arzusundadırlar.

Ənənəvi ekskursiyalar və klassik görməli yerlərlə tanışlıq əvəzinə, geymerlər maraq dairələri ilə bağlı məkanlarda emosional və interaktiv təcrübə axtarırlar. Bu cür təcrübələr onlara artırılmış reallıq qurğuları və ya müəyyən oyunla əlaqəli məkanda tapşırıqlar və kvestlər təklif edən mobil tətbiqlər vasitəsilə təqdim olunur.

Bəzi hallarda yerli hakimiyyət orqanları bu yeni, spesifik turist kateqoriyasının formalaşdığını nəzərə alaraq, daha çox geymer-turist cəlb etmək üçün müvafiq şərait yaratmağa çalışırlar.

Hazırda geymerlər üçün ən populyar turizm istiqamətləri aşağıdakılardır:

Fransa: "Assassin’s Creed” və "The Witcher”

Paris artıq dünyanın ən populyar turizm istiqamətlərindən biridir. Lakin şəhər "Assassin’s Creed Unity” oyununda əsas hadisə məkanına çevrildikdən sonra geymer-turistlərin də xüsusi maraq dairəsinə düşüb. Bundan əlavə, Parisdə keçirilən böyük videooyun tədbirləri, o cümlədən Paris Videooyun Həftəsi, bu kateqoriyadan olan turistlərin sayının artmasına töhfə verir.

Fransanın cənubu isə "The Witcher 3” oyununa əlavə olunan "Blood and Wine” bölməsindəki uydurma Tussent ölkəsinin prototipi kimi istifadə olunub. Burada səyahətçilər üzüm bağlarını, təpəlikləri, Aralıq dənizi sahillərini və zeytunluqları kəşf edə bilirlər. Bu mənzərələr oyundakı Tussenti xatırladır.

ABŞ: "GTA” və "Far Cry”

Bir çox videooyun hadisələrini ABŞ ərazisində cərəyan etdirir. Xüsusilə Nyu-York, San-Fransisko, Los-Anceles və Mayami kimi şəhərlər tez-tez oyunlarda yer alır. Məhz bu şəhərlərdə və ya onlardan ilhamlanan uydurma məkanlarda "Grand Theft Auto”, "Watch Dogs 2”, "Max Payne” kimi məşhur seriyaların personajları fəaliyyət göstərir.

"Far Cry 5” və "Far Cry: New Dawn” oyunlarını oynamış istifadəçiləri Montana ştatındakı Qleyşer Milli Parkının təbiət mənzərələri cəlb edir. Burada Makdonald gölü üzrə qayıq turları da daxil olmaqla müxtəlif aktiv istirahət imkanları mövcuddur.

İtaliya: "Tomb Raider” və "Final Fantasy”

İtaliyanın bir neçə şəhəri "Assassin’s Creed” franşizasında yer alıb. Bununla yanaşı, digər məşhur oyun seriyaları da geymer-turistləri ölkəyə cəlb edir. Məsələn, "Final Fantasy XV” oyunundakı Altissiya şəhərinin Venesiyadan ilhamlandığı geniş şəkildə tanınır. Venesiya eyni zamanda "Tomb Raider 2” oyununun yaradıcılarına da ilham mənbəyi olub.

Unikal qala-şəhər olan Palmanova isə "Gears of War 4” oyununun dizaynına təsir göstərib.

Norveç: "God of War Ragnarök”

Norveç mənzərələri müxtəlif formalarda bir çox oyunda, o cümlədən "The Witcher” və "Assassin’s Creed Valhalla”da əks olunub. Ən son populyar nümunələrdən biri isə süjeti psevdoskandinaviya mühitində cərəyan edən "God of War Ragnarök” oyunudur.

Geymerlər Skelliqe adalarının ruhunu hiss etmək üçün Norveç sahillərinin istənilən hissəsini seçə bilərlər. Oyundakı Lofoten bölgəsinin real prototipi isə Lofoten adalarıdır. Şimali Atlantik okeanında yerləşən Yan-Mayen vulkanik adası isə "Tomb Raider: Underworld” oyununda hadisələrin cərəyan etdiyi məkanlardan biridir.

Yaponiya: "The Legend of Zelda” və "Ghost of Tsushima”

Yaponiya müxtəlif obrazlarda çoxsaylı videooyunlarda yer alıb. "Yakuza”, "Persona 5”, "Akiba’s Trip”, "Digimon Cyber Sleuth” bu oyunlardan yalnız bir neçəsidir.

"Yakuza” seriyasında təsvir olunan müasir və futuristik Yaponiya əsasən Osaka şəhəri, xüsusilə Dotombori rayonu ilə əlaqələndirilir. "The Legend of Zelda” oyunlarındakı dağlıq təbiət mənzərələri isə Honşu və Hokkaydo adalarını xatırladır.

Son illərin ən vizual baxımdan təsirli oyunlarından biri olan "Ghost of Tsushima” da xüsusi qeyd olunur. Yapon tarixinin dramatik səhifələrini milyonlarla oyunçuya yaşadan bu oyun Tsuşima adasında real turizm bumuna səbəb olub.

Aydın

--> -->