Ginekoloji əməliyyatların açıq üsulla icra olunması artıq keçmişdə qaldı (RƏY)

Ginekoloji əməliyyatların açıq üsulla icra olunması artıq keçmişdə qaldı (RƏY)

Dr. Xəyalə Muradova
Baku Medical Plaza klinikasının Babək filialının Uzman Ginekoloqu, Laparoskopist 

Ginekoloji əməliyyatların açıq üsulla - qarına kəsik ataraq icra olunması artıq keçmişdə qaldı. Müasir dövrümüzün tələbi bu əməliyyatların Laparoskopik (qapalı) yolla icra edilməsidir. Əvvəllər açıq üsulla, böyük kəsiklərdən icra edilən klassik əməliyyatlar - yumurtalıq kistaları, miomalar, uşaqlığın, yumurtalıqların alınması, boruların açılması, endometrioz və s. bu kimi əməliyyatlar bu işin təhsilini almış, müasir həkimlər tərəfindən Laparoskopik yolla 1 sm, 0,5 sm-lik kiçik dəliklərdən icra olunmaqdadır.

İnkişaf etmiş ölkələrdə qadın xəstəliklərindən əməliyyat olan hər 10 qadından 8-nə Laparoskopik (qapalı) əməliyyat tətbiq edilir.

Ən az kəsiklə ən böyük əməliyyatların icra edilməsinə imkan yaradan laparoskopik cərrahiyyənin xəstələrə bir çox faydaları vardır. Açıq əməliyyatlarla müqayisədə əməliyyat sonrası sağalma müddətinin qısa olması, xəstəxanada sadəcə 1 gün yatışın yetərli olması, kosmetik problem yaratmaması (göbək içərisində qalan 1 sm-lik və yanlardan 0,5 sm-lik kiçik dəliklərdən icra olunduğu üçün) əməliyyat sırasında qan itkisinin minimal olması, qonşu orqanlara travma olmaması, infeksiya riskinin az olması, əməliyyat sonrası bitişmələrin, ağrının olmaması laparoskopik əməliyyatların üstünlüklərindəndir.

Qarın boşluğu bu əməliyyatlar icra edilərkən karbon 2 oksid qazı ilə çadır kimi şişirilir. Buna görə də orqanlar zərər görmür və optik kamera ilə ən kiçik damarlara qədər aydın görüntüləmə əldə edilir.  Laparoskopik əməliyyatlar bu üstünlüklərinə görə "xəstə dostu” əməliyyatlar sayılır. Açıq əməliyyat sonrası yatağa bağlı qalan xəstələr qapalı əməliyyatlardan 1 gün sonra heç əməliyyat olmamış kimi evə yazılır.

Böyük ölçülü, hətta qarın boşluğunu 20-25 həftəlik hamiləlik qədər böyüdə bilən kütlələr, miomalar, kistalar, patoloji uşaqlıq borularının kiçik dəliklərdən çıxarıla bilməsi müasir ginekologiyanın nailiyyətlərindəndir və bu metodla əməliyyatların ölkəmizdə də uğurla icra olunması sevindirici haldır. Artıq bu cür yüksək standartlara cavab verən sağlıq xidməti üçün xarici ölkələrə üz tutmağa ehtiyac yoxdur.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR