Siyasət 16:55 13.06.2019

Girovluqdakı Dilqəm Əsgərovun oğlu Avropaya gedir

"Qərara aldım ki, atam Dilqəm Əsgərovla bağlı olaraq Avropaya gedim”.

Bu sözləri lent.az -a özəl olaraq açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O hələ ki, hansı ölkəyə getdiyini açıqlamaq istəmədiyini bildirib:
 


"Artıq 1 il 8 aydır ki, atam Dilqəm Əsgərovdan Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları nə məktub, nə video, nə də şəkil gətirib göstərirlər. Bu səbəbdən də atamın taleyindən çox narahatam. Beləliklə də qərara gəldim ki, iyun ayının sonunda Avropaya səfər edərək, bir sıra beynəlxalq tədbirlərdə iştirak edim. Orada yenidən məsələ qaldıracam ki, atam Dilqəm Əsgərov qanunsuz olaraq girov saxlanılır. Allah məni utandırmasın”.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov, Azərbaycan vətəndaşları Şahbaz QuliyevHəsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində isə qanunsuz "məhkəmə” qurulub, D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.