Ekonomiks 20:43 23.07.2014

Gömrükdən mal keçirənlərə şad xəbər


İdxal-ixrac üçün tələb olunan sənədlər sadələşdirilir

“Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 3 mart 2014-cü il tarixli 119 nömrəli Fərmanı ilə mövcud qanunvericiliyə müvafiq dəyişikliklər edilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 1 noyabr 2014-cü il tarixdən qüvvəyə minəcək Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na uyğun olaraq gömrük məqsədləri üçün artıq ixrac əməliyyatları üzrə 8 və idxal əməliyyatları üzrə isə 11 sənədin təqdim edilməsi əvəzinə 3 sənədin mallar və nəqliyyat vasitələri barədə məlumatları özündə əks etdirən kağız üzərində yazılı və elektron formada gömrük bəyannaməsi ilə birgə nəqliyyat növündən asılı olaraq nəqliyyat sənədlərinin və xarici ticarətin həyata keçirilməsini təsdiq edən müqavilənin və ya şəxsin mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin, yaxud istənilən digər sənədin gömrük orqanlarına təqdim olunması nəzərdə tutulur.

Gömrük Məcəlləsinə və “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na uyğun olaraq gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün çatışmayan başqa sənədlərin, o cümlədən gömrük sərhədindən keçirilən malların kateqoriyası, malları keçirən şəxs, ixrac ölkəsi və ya malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınaraq gömrük bəyannaməsi ilə birlikdə qeyd olunan qaydalarda göstərilən digər sənədlərin təqdim olunmasını tələb etmək hüququna malikdirlər.

Yuxarıda göstərilən tarixdən qüvvəyə minəcək qeyd olunan qanunvericilik aktlarının qəbulu idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılmasına şərait yaratmaqla malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə, gömrük rəsmiləşdirilməsi və nəzarəti və müddətinin mümkün qədər qısaldılmasına, beynəlxalq ticarət-təchizat  zəncirinin kompleks idarə edilməsində iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə, ölkədə əlverişli biznes mühitinin formalaşdırılmasına zəmin yaradacaq.

Qaynar.info