Xəbər lenti

Göyərçin hara uçacağını necə bilir? - Alimlər onun daxili qulağında
Dünya 21:57 07.12.2025

Göyərçin hara uçacağını necə bilir? - Alimlər onun daxili qulağında "kompas" tapdı

Bir əsrdən artıqdır ki, alimlər göyərçinlərin və digər quşların nəhəng məsafələri necə qət etdiyini və yolunu itirmədiyini anlamağa çalışırlar. Məlum olub ki, bunun izahı onların daxili qulağının quruluşunda gizlənə bilər. Tədqiqatçılar müəyyən ediblər ki, göyərçinlər Yer maqnit sahəsini hiss edə bilən və onları canlı "kompas"lara çevirən xüsusi hüceyrələrə malikdirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Study Finds” yazır.

Münhen Lüdviq-Maksimilian Universitetinin alimləri göyərçinlərin böyük məsafələrdə istiqamətlənmə qabiliyyətini izah edə biləcək mümkün mexanizmin aşkarlandığını bəyan ediblər. "Science” jurnalında dərc olunan yeni araşdırmaya əsasən, quşların daxili qulağında Yer maqnit sahəsinin dəyişmələrinə reaksiya verə bilən xüsusi hüceyrələr tapılıb.

Bildirilir ki, aparılan eksperimentlər zamanı alimlər quşların tarazlığa cavabdeh vestibulyar sistemində müəyyən neyronların aktivliyini qeydə alıblar. Bu reaksiya dəyişən maqnit sahəsinə cavab olaraq ortaya çıxıb. Əlamətdar məqam odur ki, reaksiya tam qaranlıqda belə davam edib. Bu isə göyərçinlərin maqnit hissiyyatının yalnız tor qişadakı işığahəssas zülallara əsaslandığı barədə nəzəriyyəni şübhə altına alır.

Alimlər müəyyən ediblər ki, daxili qulağın yarımdairəvi kanallarında yerləşən ikinci tip tük hüceyrələri başın maqnit sahəsində hərəkəti zamanı yaranan zəif elektrik cərəyanlarını qeydə ala bilir. Bu hüceyrələr elektrik resepsiyası üçün köpəkbalıqları və skatların istifadə etdiyi kalsium kanalının xüsusi bir növünə malikdir.

Araşdırmaya görə, daha sonra bu siqnallar naviqasiyayla əlaqəli beyin sahələrinə – hipokampa və mezopalliuma ötürülür. Bu, quşların məkanı müəyyən etmək üçün tarazlıq və maqnit sahəsi haqqında məlumatı birləşdirdiyini göstərə bilər.

Beləliklə, göyərçinlərin "daxili qulaq kompası” ilə bağlı kəşf biologiyanın ən davamlı sirlərindən birini inandırıcı şəkildə açıqlayır: görünür, quşların maqnit hissiyyatı üçün ayrıca bir orqana ehtiyacı yoxdur, əksinə, onlar tarazlıq sistemini Yer maqnit sahəsini oxumaq üçün uyğunlaşdırıblar və başın hərəkətini təbii bir növ GPS-ə çevirirlər.

Alimlər bildiriblər ki, bu mexanizm hələ tam açıqlanmayıb və əlavə genetik tədqiqatlara ehtiyac var. Bununla belə, onların fikrincə, əldə olunan nəticələr heyvanların maqnit sahəsini hiss etmə qabiliyyətinin öyrənilməsi üçün yeni perspektivlər açır. Bu qabiliyyət dəniz tısbağalarında, qızılbalıqlarda və digər növlərdə də müşahidə olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->