Xəbər lenti

Günəşin batmadığı (ədəbi) imperiya
Sənət 18:06 06.02.2026

Günəşin batmadığı (ədəbi) imperiya

Və yaxud Sadıq Qarayevin "Sahilsiz təzadları”nın yaratdığı duyğular, düşüncələr, dinamika, didaktika və dəyərlər haqqında

Sahilsiz təzadlardan bəhs edən, onları çözən, sıfırın konkretlik üstündə o yan və ya bu yanda qopardığı fırtına, zəkanın-məntiqin-vicdanın üçbucaqda, dairədə, çevrədə sirkulyasiyası, porsiyalarda yoxsa kəsilməz ardıcıllıqda dövranı və dövriyyəsi, islamın və dinin elm kimi qəbulu və elm olaraq, ayrıca müstəvidə və fəzada təhlili, insani-ilahi hiss və duyğuların elektromaqnit dalğaları, riyazi-fiziki qanunlar və həm də məntiqi-fəlsəfi kateqoriyalarla ekvivalent paralellər üzərində tədqiqi, tarixin-coğrafiyanın-biologiyanın-zoologiyanın siyasi, sosial və hüquqi psixologiya estakadasına çıxarılması, pilot layihələrdə sınaqdan çıxarılması, İlahiliklə genetikanın təbiət və bəşəriyyət prizmasında qanunauyğunluqlarla və kataklizmlərlə cərəyan şəbəkəsində ornamental təsviri... Yerin təkində və üzündə vacib minerallarından birinə çevrilmə prosesinin əzəməti "Sahilsiz təzadlar”ın qiymətli daşlarla bəzənib cilalanmış vizit vərəqidir!

20 əsr Azərbaycan ədəbiyyatı nəsrdə Anarla, İsa Hüseynovla, Mövlud Süleymanlı ilə, İsi Məlikzadə ilə, Elçinlə, Əkrəm Əylisli ilə (aralıqda "balaca-balaca” şair və yazıçılar da yer almaqla) mərhələni sonlandırdı: Süleyman Rəhimov, Məmməd Səid Ordubadi, Əli Vəliyev, Əbülhəsən tipli "orta statistik” statuslu yazıçılarla başlayan 20-ci əsr ədəbiyyatı bu qədər kasıb və kəntoş!

Əsri sonlandıran "mogikan”lar cismən yaşasalar da, heç biri 21-ci əsrə keçmədi! Ən sarsıdıcı məqam da odur ki, 20-ci əsrin Süleyman Rəhimovları, Əli Vəliyevləri, Əbülhəsənləri, Məmməd Səid Ordubadiləri 21-ci əsrin əvvəllərində eynən onlar kimi zühur etdilər, elə eynən də onlar kimi, özlərindən əvvəlkiləri və müasirlərini qətl edə-edə gəlirlər! Çünki Azərbaycan ədəbiyyatında fövqəlbəşər demirəm, heç milli ideoloji təfəkkür olmayıb, yoxdur, olması da şübhə altında!

Joze Mourinyoya bərbad "Benfika” ilə nəhəng "Real”a qalib gələndə sual verdilər bugünlərdə Türkiyədəki fəaliyyəti ilə bağlı, qısa və tarixə ibrət olacaq cavab verdi: "onların ən böyük arzusu Qalatasaray üzərində qələbə qazanmaqdır!”

Azərbaycan yazıçılarının ən böyük arzusu... özlərinə, özününkülərə qalib gəlməkdir – bunu ya "daydayı”ları, ya "kuratorları”, ya da mənsub olduqları regional qrup-partiya-klan mənsubluğu vasitəsiylə edirlər! Etməkdə davam edirlər, etməyə davam edəcəklər – milli-bəşəri, elmi-fantastik, fəlsəfi-intellektual heç bir nəzəriyyəyə bələd deyillər, aşıq ədəbiyyatından başqa heç bir bazası yoxdur, təsəvvüfü ağızdan-ağıza dinləyib, dastanlardan qəhrəmanlıq kompleksi virusuna yoluxub, heç bir halda da ELM öyrənməyib! Sadəcə və sadəcə, oxuduğu kitabların siyahısı bir xeyli uzundur! Beynində, xarakterində inkişaf edən siyasi intriqa-çəpərüstü qeybət instinktidir!

"Sahilsiz təzadlar”ı oxuyanda gördüm ki, bütün ittihamlardan uzaq və aşağı əyarlı tərzdən kənar bir orbitdəyəm!

Adətən, 250, maksimum 300 səhifəlik adı "roman” qoyulub kitab halında çap olunan nəşr məmulatlarını kosmik sürətlə gün ərzində bir neçə saata oxuyub bitirirəm və atıram bir kənara: vaxtımı aldığına görə yox, vaxtımı sərf vetdiyimə görə özümü söyürəm! Həzrəti-Əli deyirdi ki, insanlar xərclədikləri mala-pula, sərvətə və başqa şeylərə görə heyfsilənirlər, amma ən qiymətli xəzinəni tarac etdiklərindən xəbəri yoxdur. O xəzinə... vaxtdır! Ona görə də bəzən elə olub ki, zövqünə, analitik qabiliyyətinə, oxucu "planka”sına hörmət etdiklərimin təklif və tövsiyələrindən yararlanmağa çalışmışam, onda da əlim yanıb, ağzıma təpmişəm, hətta eləsi olub ki, zəng etmişəm, acılamışam: "o təqdim etdiyin romandır (hekayədir) ki, ədəbiyyat nümunəsidir ki? Niyə mənim vaxtımın qatili olursan ki? Niyə cəmiyyətin sənə etimadından sui-istifadə edib, "kitayski” mal soxuşdurursan ki?”

Odur ki, özüm heç vaxt dəyərsiz nəyisə təqdim etmirəm – mən dədəmə rəhmət oxutdura bilmirəmsə, niyə onun gorunu söydürüm!? İndi elə bir zamandır ki, ədəbi tənqid də, imza həmkarları da təqdimatları ilə ən çox bunu haqq edir – hamısından "qəribə” iy gəlir! Həm də nəzərə almaq lazımdır ki, nəsrin oturum alma, vətəndaşlığı haqq  etmə, yaşama hüququ daha ağır şərtlər altındadır, poeziyadan fərqli olaraq: necə ki, Qasım bəy Zakir, Molla Pənah Vaqif, Nəbati dünən Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Məmməd İsmayl, Məmməd Aslanla, bu gün Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Nüsrət Kəsəmənli ilə yaşayıb-yaşayır, eləcə də sabah Vaqif Bayatlı, Rüstəm Behrudi, Əlisəmid Kürlə yaşamağa davam edəcək!

Nəsr amansız, sahilsiz və təzadlıdır! Nəsrin boyu, parametral, fiziki ölçüləri, təfəkkür masştabı çox həcmlidir! Bu baxımdan deyirəm, Sadıq Qarayevin "Sahilsiz təzadlar”ı təhlilə gəlir! Və Sadıq Qarayev nəinki öz boyunu, əsərinin boyunu göstərib, hətta xalqının, dövlətinin boyunu göylərə qaldırıb: kimsə "Sahilsiz təzadlar”ın sahilinə çıxa bilər, amma mən yer adamı deyiləm, "Sahilsiz təzadlar”a müşahidə dronları ilə havadan baxmamışam – "Sahilzsiz təzadlar”ın yüksələ bildiyi məkanda-fəzada üzbəüz görüşmüşəm: "Sahilsiz təzadlar” Günəşin batmadığı bir ədəbi imperiyadır, baxmayaraq ki, coğrafi olaraq, Naxçıvan Muxtar Respublikasını əhatə edir, hətta tam olaraq Azərbaycanı da yox! Ancaq necə deyərlər, Naxçıvanlı Naxçıvanda da, Bakıda da, Rusiyada da elə Naxçıvanlıdır və Azərbaycanı TAM ŞƏKİLDƏ təmsil etmək haqqını HAMIDAN ÇOX HAQQ edir – bir statusumda yazmışdım: Nehrəm kəndi Azərbaycan Respublikasından çox nəhəng və böyükdür (açmasını oradan oxuya bilərsiniz)!
Son 25 ilin yeni, gənc, eləcə də köhnə elə bir imzası yoxdur ki, oxumayım! Oxuduqlarımdan magik realizminə görə Zahid Sarıtorpağa, tarixi-fəlsəfi mükəmməlliyinə görə Firuz Mustafaya, texnikasına, təfəkkürünə, ifadə tərzinə görə Pərviz Cəbrayıla, yumşaq, məxməri, humanist ruhuna görə İlqar Rəsula bayğınam. "Planka”sı, "potolok”u olan yazıçılardır – 20-ci əsrin axırlarında qiymətini almayan istedadlarının bəlkə də ən diri qalan qoca və cavan imzalarıdır!

Bir sıra yazıçılar var ki, onlara ədəbi mühit oxucu üzü göstərdi, onlar da üzlərini göstərdilər, amma və lakin... yazıçı üzlərini görmədik: onların tam əksəriyyətinin mənim üçün boyu və düşüncəsi, təfəkkürü "köşə yazarı” səviyyəsindən o yana keçmədi, qalxmadı və heç vaxt da qalxmayacaq! O potensial yoxdur – faktiki yazıçı potensialı olsa da!

Ortada olan mətnlərinin aqibəti Səttar Zərdablının Əkrəm Əylisliyə cavabına sığacaq qədər ironikdir: Əkrəm Əylisli həmişə "Leniniada” yazan Səttar Zərdablıya kinayə, lağlağı ilə deyirmiş ki, baban neyləyir, o da axırda bu sarkazma partlayır, qayıdır ki, "Sənin nəğməkar bibinə tənha  narın dibində nağıl "danışdırır”” (bu məzmunda və bu üsulla bütün 20-ci əsr nasirlərinin əsərlərini (hansı ki ad alıblar, mükafat alıblar, vəzifə əldə ediblər, sərvət yiyəsi olublar o əsərlərə görə!) sıraya və "sıraya” qoyub ""beşmərtəbəli evin altıncı mərtəbəsi”ndəki "otel otağı”nda” "bihürmət” etmək olar! "Mahmud və Məryəm”i də kimlərinsə "Karvan” yükünə çevirmək həmçinin!).

Azərbaycanda yazıçının doğuluşu, formalaşması, boy atması və təşəkkülü həmişə seleksiya yolu ilə olub – atalarının ("daydayı” sortu – bacanaq, qaynata, yeznə, əmi, dayı) xətti ilə gələnlər, "kurator” xətti ilə gələnlər və "xüsusi xidmət orqanlarının laboratoriyası”nda peyvənd olunanlar! Təəssüflər olsun ki... Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmmədlərin hər üçü bu "üçlük”lərin əlində girinc qaldı! "Fitrətən nasir-yazıçı”lar sonda elə fantast nasirimiz Namiq Abdullayevin, Rüstəm Şamxalın, Vidadi Məmmədovun aqibətini yaşadı!

Bütün buracan yazdıqlarım Sadıq Qarayevin özünə görə idi – YAZIÇI-MÜƏLLİF olaraq!

Sadıq Qarayev NASİR olaraq indiyəqədərki imzalarımızın hamısından fərqli, orijinal imzadır – ixtisası filoloq olmayan, hüquqşünas, əmttəəşünas, filosof, tarixçi, coğrafiyaçı o qədər yazıçımız var ki! Sadıq Qarayev həm filoloji, həm də qeyri-filoloji təhsillilərdən də fərqli müəllifdir!

Sadıq Qarayev Azərbaycan ədəbiyyatına yuxarıda sadaladığım məlum üç yolun ("daydayı”, "kurator”, "xüsusi xidmət laboratoriyası”) heç biri ilə gəlməyib!

Sadıq Qarayev yazıçılığı ixtisası qarşısında borcu hesab edənlərdən də deyil – Çingiz Abdullayev, Azad Talışoğlu, başqaları kimi!

Sadıq Qarayev fizik-botanik-bioloq olsa da, o statusda yox, ancaq o baza üstündə fizika fəlsəfəsinə ehtiyac duyub romanı yazmaqla – Azərbaycanda fəlsəfə elminin bu qolunun işartıları belə yoxdur! Və Sadıq Qarayev bu yaxınlarda 70 yaşı tamam olan millət vəkili, hörmətli tarixçi alimimiz, professor Anar İsgəndərovun özünə aid dediyi bir fikri özü üçün təsdiqləmiş oldu: "mənim həmkarım olan başqalarından bir üstünlüyüm yoxdur, ancaq onlardan fərqli olaraq, mən yaşadıqlarımı yaza bilirəm!” 

Bəli, fizik-botanik-bioloq Sadıq Qarayev,  həmkarlarından fərqli olaraq, yaza, özü də mükəmməl roman yaza biliB!

HAŞİYƏ: 1997-ci ildə Moskvada xalq şairi Osman Sarıvəllinin oğlu Rafiq Qurbanovla tanış oldum. Rusiya Elmlər Akademiyasında Fizika İnstitutunda işləyirdi. Elmi dərəcəsi: fizika fəlsəfəsi üzrə elmlər namizədi! Təbii ki, suallarım oldu, fəlsəfənin fizikaya nə aidiyyatı-filan, ancaq Rafiq müəllimlə fizika fəlsəfəsi ilə bağlı o sağ olduqca, illərlə söhbətləşdik... Moskva küçələrini gəzə-gəzə. Osman Sarıvəllinin oxuduğu illərdə sökülən, Rafiq Qurbanovun işlədiyi illərdə (70 il fərqlə) bərpa olunan məşhur kilsənin yerləşdiyi küçədən keçə-keçə, iş yerindən metroya, metrodan evinə qədər piyada gedə-gedə!

Sadıq Qarayev "Sahilsiz təzadlar” romanı ilə Azərbaycan elminə yeni tədqiqat sahəsi gətirən yazıçıdır – bani yazıçıdır!

Sadıq Qarayev "Sahilsiz təzadlar” romanı ilə Azərbaycan ədəbiyyatına klassik, premodern, modern, postmodern mərhələlərdə vəsf olunmayan, aristokrat cəmiyyətlərin belə yaşamadığı, etalon səviyyəsində kübar-intellektual sevgi nümunəsi gətirib!

Sadıq Qarayev klassik və modern ədəbiyyatın primitiv yaylaq-köç təsvir-təqdimatını tarixi-coğrafi mentallıq üstündə məntiqi-fəlsəfi zəka ilə üstşüura yüksəldib!

Sadıq Qarayev Azərbaycan-Azərbaycanlı-Azərbaycanlılıq tamlığını adidən aliliyə sabit səviyyədə üstün dəyər kimi təqdim edib!

Sadıq Qarayev heç üfüqdən belə dan üzü görünməyən siyasi-hərbi təbəddülatlar dönəmində Tarixi Zirvə təyin edib, inşaat-quruculuq konsepsiyası təqdim edib!

Sadıq Qarayev Azərbaycan Dövlətinin və Onun hökmdarlarının Əzəmətini, qalibiyyət zəfərini proqramlaşdırıb – Transsib dəmir yolu xətti yalnız Jorj Sand fantaziyasında 100 il əvvəl mövcud olduğu kimi!

Azərbaycan Dövlətinin, Azərbaycan xalqının, Azərbaycan elminin logistika, nəqliyyat-kommunikasiya marşrutu üçün vicdan-zəka-məntiq üçbucağını fizika fəlsəfəsi ilə ortaya qoyub!

"Sahilsiz təzadlar” o tərəfi ilə gözəldir ki, əsər təkcə bir ideyaya yox, ideyalar çələnginə malikdir və bir ideya kimi ortaq məxrəclidir – necə ki, müəllif təhkiyəsində təzadların birləşmə, ortaq məxrəcə gəlməsi təsvir olunur!

Məndən soruşmadan da deyirəm: bu əsər dünya ədəbiyyatı klassiklərinin istənilən əsəri ilə nəinki yanaşı tutula bilər, hətta onlardan bir boy da üstün sayılmalıdır – bu əsərdə Azərbaycan, Azərbaycanlı, Azərbaycanlılıq var, bu əsərdə Azərbaycanlının müdrik obrazı var, bu əsərdə Azərbaycanlının Atası-Babası, Anası-Nənəsi, Oğlu-Nəvəsi, Qızı-Gəlini müdrikdir, ağıllıdır, elmlidir, ləyaqətlidir, savadlıdır, əxlaqlıdır, imanlıdır!
Bu əsərdə Azərbaycan xalqının malik olduğu tarix və coğrafiya şərəflidir, cazibədardır, rəngarəngdir və zəngindir!

Bu əsərdə Azərbaycan xalqı humanistdir, tolerantdır, qlobal düşüncəyə, açıq təfəkkürə malikdir!

ƏN BAŞLICASI, müəllif Azərbaycan Oxucusuna hörmət edir, onu dəyərli sayır, səviyyəsini orta və ali təhsili mükəmməl olan kontingent kimi ali görür!

Dağ yoxuşlarından, xəlvət dərə diblərindən keçən, cırıltılı çarpayılarda yatan və sınıq-salxaq arabalarda yol gedən, qaranlıq çadırlarda məskunlaşan, sıx, qalın meşəliklərdə, tarlalarda və biçənəklərdə çalışan, təmtəraqlı otellərdə, dəbdəbəli villalarda qonaq olan azərbaycanlının heç biri kəmfürsət deyil, ot tayasının içinə dayısı qızını çəkib ehtirasını söndürən bibioğluya rast gəlməzsiniz, ofisiantlıq edib, mətbəx aşpazını üç "şirvan”a yoldan çıxarıb cinsi ehtiyacını ödəyən heyvan instinktli birini qəhrəman görməzsiniz!

Bütün dialoqlar iman əhlinin, ağıllı adamların, elmli insanların mükaliməsindən ibarətdir!

Elə buna görə də sayıram ki, Azərbaycan ədəbiyyatında az əsərlərdəndir ki, ata qızı-oğlu, ər arvadı, qardaş bacısıyla bir yerdə oxuya bilər və öyrənər!

"Sahilsiz təzadlar” ədəbiyyatşünaslığın tələbi olan bədii təsvir və bədii ifadə vasitələrini tanımayan, metafora, litota, təşbeh bilmədən Azərbaycanı bədii təsvir və bədii ifadə edən çox gözəl dillə yazılmış əsərdir! Amma və həm də əzəmətli – hər hansı metafora üçün nümunə!

"Sahilsiz təzaqdlar”ın üstün daha bir cəhəti bu ki, əsərin amortizasiyası həddən artıq lüks səviyyədədir ədəbi yolçuluq etməyə: maşın nədir, heç at-ulaq keçməyən yollarda belə nə ayağın burxulur, nə çala-çuxurlardan özünü gözləyirsən, nə də hava boşluğuna düşürsən! Düzdür, "avtopilot”da oxunmaq dərəcəsində olmasa da, hər halda, BÜTÜN KEÇİDLƏRDƏ hiss edirsən ki, "ötürmələr qutusu” variator xassəsinə malikdir!

"Sahilsiz təzadlar”ın həzz dəqiqələri həm də ondan ibarətdir ki, MÜƏLLİF həm də ANA-MÜƏLLİM kimi qayğıkeşdir: yadımıza salaq biz ana dilimizi necə öyrənmişik, anamız, atamız, əmimiz-dayımız, xalamız-bibimiz, babamız-nənəmiz bizi necə danışdırıb, dili bizə bütün gözəllikləri ilə necə ötürüb və ÖY-RƏ-DİB!

Nitqa vahidlərinin (orfem-fonem-morfem-söz-cümlə) varlığından xəbərsiz, nitq hissələrini öyrənməyən, yarımçıq, tabeli-tabesiz, sadə və mürəkkəb cümlələrin fərqini bilməyən, birinci və ikinci dərəcəli cümlə üzvlərindən, birinci-ikinci-üçüncü növ söz birləşmələrindən anlayışı olmayan, amma DİL ÖYRƏDƏN KONTİNGENT doğma dildə danışmağı, sonradan yazmağı kodlaşdırır!

Eləcə də Sadıq Qarayev öz qəhrəmanları – baş rolda vunderkind Əli, atası Qaraş, anası Lala, sevdiyi Nərmin, babası Memati, nənələri Sarıtel, Sərvinaz – ilə bizə fizikanı, riyaziyyatı, botanikanı, gen mühəndisliyini, zoologiyanı, biologiyanı, tarixi, coğrafiyanı, kriminalistikanı, sosial və hüquqi psixologiyanı, məntiqi, ən başlıcası, Quranı və islamı elm olaraq öyrədir! Daha doğrusu, Tanrı Məhəmməd peyğəmbərin sinəsini genişləndirərək, Cəbrayıl ələyhissalamın vasitəsilə onun qəlbinə Qurani-kərimi nazil etdiyi kimi!

Necə ki, Məhəmməd peyğəmbər fərqində deyildi Qurandakı fəzilətlərin, amma müqəddəsliyini bilirdi hər surənin, hər ayənin, eynən də eləcə "Sahilsiz təzadlar”dakı bütün təqdimatlar!

"Sahilsiz təzadlar” Tanrının Sadıq Qarayevin sinəsini genişləndirərək ruhuna hopdurduğu mükəmməl və bənzərsiz FİZİKA FƏLSƏFƏSİ KURSU, təbiət və insan,  tarix və coğrafiya, flora və faunada gen mühəndisliyi barədə İBTİDAİ TƏLİM METODİKASI vəsaitidir!

Nəql dili – yazı dili nəinki ədəbi tənqid, heç cümlə təhlili üçün ələ gəlmir: struktur, təhkiyə lüzumsuz edir bu ehtiyacı!

"Sahilsiz təzadlar”ın dili – təhkiyəsi, mükalimələr FİKRİ-TƏFƏKKÜRÜ-DÜŞÜNCƏ TƏRZİNİ, PROBLEMİ, SÖZ AÇILAN MƏSƏLƏNİ, İSTƏR İNSAN, İSTƏR FLORA VƏ FAUNA FAKTLARINI o qədər önəmli edir ki, sənətkarlıq və ədəbiyyatşünaslıq məsələləri arxa plana keçir!

Əsərin baş qəhrəmanı Əlinin atası Qaraş, anası Lala, sevdiyi qız Nərmin, Moskvada ataları öldürülən Vera və Liza, dostu Polad, yəhudi bacı-qardaş Albert və Alisonla dialoqları-polemikaları bir azərbaycanlının – elmli, imanlı, savadlı, müdrik və fizika üzrə Nobel mükafatına namizədliyi irəli sürülən, dövlətçilik şüuru-təfəkkürü zamanı qabaqlayan bir siyasətçinin zəka-vicdan-məntiq üçbucağında qənirsiz təsdiqidir! Hamının etiraf etdiyi!
Həm şagird, həm də artıq alim olan Əli Azərbaycanda müstəntiq Əhməd və polis rəisi İldırım Ataxanov, moskvalı detektiv Kepler və müstəntiq Seçenovla kriminalstika ilə bağlı polemikalarıyla bizim qarşımızda detektiv əsərlərin müəllifləri Aqata Kristinin, Çingiz Abdullayevin, ekran əsərlərinin qəhrəmanı Şerlok Holmsdan, leytenant Kolombodan məntiqi və ağlı, mühakimə qabiliyyəti üstün olan dərrakəli bir persona kimi durur!
İndilərdə dəb düşən avtofikşn janrı saymaq olar - əvvəlki dönəmlərdə avtobioqrafik roman dediyimiz!

Avtofikşn-avtobioqrafik roman deyənlər də olacaq, bəlkə də olub, publisistik roman da sayanlar həmçinin, fəqət fərqinə varmaq lazımdır diqqətlə oxuduqca: əhatə etdiyi bütün mövzularda KONSTİTUSİYALI romandır qarşınızdakı, nə "meta”, nə "eta” janrında!  

Böyük məmnuniyyətlə Azərbaycan Elm və Təhsil Nazirliyinə, AMEA rəhbərliyinə tövsiyə edirəm, hətta təkidlə tələb edirəm ki, ZAHİRƏN bu avtofikşn janrlı, publisistik roman sayılan ƏSƏRİ KURS OLARAQ, orta və ali məktəblərdə tədris etsinlər, imtahan suallarına salsınlar – elmin, dinin, əxlaqın, ölkənin, xalqın konstitusiyası rütbəsində!

Yoxsa ki... baxırsan elə geydirmə, mənasız, "daydayılı", "kuratorlu", "layihə qəhrəmanı" olan "yazar-yazarə"lərin "tumanıdüşük" səfsətələrini dərsliklərə salıblar, söyməkdən başqa heç nəyi haqq etmir!

Ən çox da ali məktəblərdə fəlsəfə, sosial, hüquqi psixologiya, fizika fəlsəfəsi və  məntiq fənləri-sahələri üzrə kifayət qədər ciddi beyin gimnastikası gücünə malik bir əsərdir!

Mənimlə razılaşmaq o qədər də çətin məsələ deyil ki: Azərbaycan yazıçılarının (2000-ci ildən bu yana) əsərlərini oxuyanda uzun müddət belə fikirləşirdim (qənaətimdə də həmişə haqlı olmuşam) ki, bu indi "yazıçı" kimi özlərini təqdim və onları qəbul edənlər TİPİK "fantazyor", travmalı uşaqlardır - "nemes"lərdən bəhs edilən, hind kinolarına baxıb, dastanları oxuyub özlərini DƏ qəhrəman təsəvvür edən, görən yarımçıq narsist təfəkkürlü...

İLK DƏFƏDİR... Azərbaycan Yazıçısının... düşünən, analitik qabiliyyəti, dialoq və polemika mədəniyyəti, yaradıcı ruhu və savadı, axtarış əzmi olan UŞAQLIĞINA (həm də yeniyetməliyinə - yetkinlik yaşına çatmasına) şahid oluram!

Sadıq Qarayev beyin gimnastikası etdirə-etdirə KONSTİTUSİYALI ROMAN yazıb - ibtidai təlim metodikasını, əxlaq-etika məcəlləsini və elmlərə vagif olmağın elementar məntiqlə (binar, təxmini, dürüst və digər növləri ilə yanaşı), eləcə də əlçatar, mümkün alayı və əlahiddə variantlarını İCMALLAŞDIRIB!

Bir ölkənin ayrıca götürülmüş bir BÖLGƏSİ üzrə elmi-tarixi-coğrafi-filoloji-tibbi-psixoloji-milli mental xəritəsini mümkün bütün sübut üsulları (içində kriminal olay da daxil) və insan resursları üstündə ensiklopedikləşdirib! Portret cizgiləri tünd yox, parlaq çəkilib!

Nəhayət ki, biz yorulmalıyıq, refreş eləməliyik özümüzü, formatlaşdırmalıyıq ədəbi tələbləri, "bəs!” deməliyik atalarını-analarını, özlərini uşaqlıqlarından bəri tanıdığımız "travmalı”, "kompleksli”, "xalq qəhrəmanı” səviyyəsinə qaldırılmışların performansına, "lyubimçik apparata” olanların nüfuz sərgiləmələrinə, "ağsaqqal”lıqlarına!

Nə onlar, nə də dədələri bir ədəbi kişi olmayıblar, olası deyillər, o potensial da yoxdur – istedad heç vaxt kamilləşmir, o, sadəcə, cilalanır, əyarı ziqiymətləşir – Puşkin, Lermontov, Çexov, Amadey Motsart yaşını çoxdan keçmişlərin gəlib 90 yaşında "Sədi Şirazi müdrikliyi”nə çatacağına ümid... ölümü, intiharı sakitcə qəbullanmaq deməkdir! "Xilas olun” deyənlərin özləri xilasa məhkumdur!

Sadıq Qarayev ölkə ədəbi mühitinin içini bulaşdırmış heç kimi dəfn etmədən, onlarla uğraşmadan, ölkə ədəbi mühitinin də gələcəyi sayıla biləcək heç kimə sədd olmadan, İşıq və Nur Seli axını YARADIB!

Mən özüm də buna əminəm və heç də şübhə etmirən ki, oxuyan hər kəs Azərbaycanın gözəl bir yazıçısını tanıyacaq – bir şərtlə ki, orta və ali təhsili mükəmməl olsun: bu yazıçı əsərini oxutduranda oxucuya elə romanın içində bir xeyli qonaqlıq verir, zarafatlaşır, əhvalını qaldırır, həvəsləndirir! Adama ailə-məişət tərbiyəsi, ədəb-ərkan, əxlaq dərsi keçir və ƏN BAŞLICASI: qənirsiz ana, ideal ata obrazı tanıdır! Yaza bilir deyə yox e! Dövlət Ümumittifaq Standartı deyilən bir şey var da – indi barkod deyirlər adına ticarətçilər! Bax, Sadıq Qarayev "Azərbaycan brendi” səviyyəsində Ata, Ana, Bacı, Qardaş, Dayı, Əmi, Oğul, Qız, sevgili və xanım tədqim etməklə yanaşı, həm də Alim, Müəllim, Həkim, Aqronom, Çoban, Sürücü, ən nəhayət, İmanlı-Elmli İnsan obrazı ilə tanış edir – nə qədər görməsək də, yoxdur desək də, Sadıq Qarayev bütün ittihamları rədd edərək, savadlı-elmli, zəki şagird-yeniyetmə-alim nümunəsini bizimlə dostlaşdırıb!

Sadıq Qarayevin obrazları hamısı bizim dostumuzdur, bizim danladığımız, bizim cəzalandırdığımız, bizim əzizlədiyimizdir!

"Sahilsiz təzadlar”da düşmən yalnız və yalnız ermənidir, rusdur, transmilli korporasiyalardır, qlobal güclərin kapital ehtirasıdır!

Bəlkə də bu süjet həm də mənim arzuladığım ədəbi xətdir, ancaq Sadıq Qarayev bunu hamıdan qabaq və ilk dəfə qələmə almış yazardır! Məhz azərbaycanlı yazar – özü də alim kimi!

Siz gözünüzün qabağına gətirin bir azərbaycanlı! Ki... yəhudinin bağışladığı antikvar saatı – istehsal olunduğu 100 il ərzində cəmi səkkiz nəfərin layiq görüldüyü - hədiyyə kimi qəbul etməsin!

Gətirə bilməzsiniz – sizin ruhunuzda o qədər cəsarət və üstünlük yoxdur: yəhudi görən kimi, beyninizdə həmən böyük işbirliyi, sərvət ehtirası cuşa gəlir! Fəqət... mən həyatda elə azərbaycanlı görmüşəm deyə, Sadıq Qarayevin təqdimatına bayılıram!

Bəşəriyyətin islam kəsimində və eləcə də bütün dünyada heç kim yəhudiləri 1500 ildir (ona qədər də Musa peyğəmbərlə İsa peyğəmbər 1000 il inandıra bilməmişdilər! Qolda Meir, Şimon Peres necə bacardılar, sirr ilahidir!) heç nəyə inandıra bilmir, amma Sadıq Qarayev yəhudi-bacı qardaşı iki səhifəlik yeyib-içmək və çay süfrəsində - bir qonaqlıq müddətində inandırır və üstəlik də mövcud olduğu yüz il ərzində yalnız səkkiz nəfərdə olma şərəfinə layiq görülmüş, üstündə "özündən kamil hesab etdiyin, zamanı daha dərin dərk edən, dürüst şəxsə bağışla” yazılmış qol saatına layiq görülür!

Bax, mən Azərbaycan Yazıçısını-mütəfəkkirini bu ağılda-gücdə-məntiqdə, Azərbaycan ədəbi obrazını bu ucalıqda görmək istəyirəm!
Bunu mənə və sizlərə, eləcə də Azərbaycan nəsrinə bəxş edən Sadıq Qarayevdir!

 "Sahilsiz təzad"ların ilk fəslini - 165 səhifəni oxuyandan sonra qısa təəssüratımı həmən sosial şəbəkədə paylaşdım:

Tanrı Qaraş kişiyə rəhmət eləsin, Lala xanımın ağ birçəklərindən öpürəm – savadlı Ata ilə savadsız Ana oğlu ilə necə də gözəl danışır, İlahi!
Heyran oldum Lala xanıma - mavi gözlü, yazıb-oxumağı bilmədən professor olan, yerin altını da, üstünü də bilən mələk Anaya!

Sözarası deyim ki, həmin o hissəni oxuyanda ürəkdən elə şaqqanaq çəkdim, o qədər ləzzətlə, sürəkli güldüm ki!

Belə bir xatırlatma etməyə də borcluyam: "Sahilsiz təzadlar”ı oxumağı zəruri edən birinci şərt həm də budur ki, Abdulla Şaiqi və  Əkrəm Əylislini oxumaq indi və son 25 ildə dəb olmayıb. Bundan o halda narahat olmağa dəyməz ki: Azərbaycan kəndini, Azərbaycan xalqının köç ənənəsini və həyatını Sadıq Qarayev dolğun təsvir edib – Zorbulaq Buzbulaqdan da ZORdur! Köç təbəddülatları daha müasir və modern dillə təqdim olunur! Azərbaycan xalqının yaşam tərzi və Azərbaycan coğrafiyasının müqəddəsliyi bunu tələb edir! Digər əsərlərdə bu ucalıq yoxdur!

DİGƏR TƏRƏFDƏN... sıravi-öləri oxucu üçün... savadsızlığın ləğvi ilə məşğul olan ölkələrdə (biz də onların sırasında olan biriyik) birinci fəslin əhəmiyyəti misilsizdir – XXI əsrin romanında Azərbaycanın belə təqdimatı da faydasız deyil: biz savadlılar ölkəsi sayılsaq da, ölkəmizin gözəlliyindən, illah da ki Naxçıvanın əsrarəngizliyindən xəbərsizik!

"Sahilsiz təzadlar”da mükəmməl və ibrətamiz məqamlar zəncirvaridir və mən bir incə ştrixə diqqət yetirdim! Odur ki, sizinlə bölüşürəm: bu əsər insan səbri ilə yox, AĞAC SƏBRİ ilə yazılıb - AĞAC SƏBRİnin açması əsərdə var və mütləq və mütləqdir ki, OXUCUDA AĞAC SƏBRİ olsun!
O AĞAC SƏBRİ Kİ... – bu barədə əsərdə gözəl mükalimə var! Oxuyan uduzmaz! 

"Sahilsiz təzadlar”ı oxuyan hər kəs üfüqdən sahilin intizarına düşə bilər, amma və lakin, deyim ki, "Sahilsiz təzadlar” o qədər möhtəşəm əsərdir ki, bu "dünya kruizi” sizi məst edəcək, heç "okean”ı tərk də etmək istəməzsiniz!

Sahilə çıxanda... anlayacaqsınız ki... sağlığınızda məzarınızı çiçəklərlə bəzəməyə məhkumsunuz!

Çünki YAZIÇI - Sadıq Qarayev sağlığında öz məzarını gül-çiçəklə bəzəyir: bu sarsıntılı bir məqamdır, amma bu məqamda da Sadıq Qarayev sizə mükəmməl islam, din, və həyat fəlsəfəsi öyrətmiş olacaq!

Bir daha vurğulayım ki, "Sahilsiz təzadlar” porsiyalarla yox, ardıcıllıqla başlayan, sabit cərəyan şəbəkəsində davam edən və bit...məyən bir fizika fəlsəfəsi kruizidir! Ayrıcalıq və artıq olan nəsə yoxdur!

Mən bəzi sitatları gətirməklə "MƏHZ BU XOŞUMA GƏLDİ” mesajından uzağam: ƏSƏR ilk səhifəsindən – hərfindən son səhifəsinə - hərfinə qədər əzizgirami!

"Niyə” suallarına əsas üçün deyirəm: "Zaman uşaqları anlamır!" - bəşəriyyətdə var olan 200-dən artıq ölkənin seçilən və təyin olunan hər bir rəhbərini bu fikrin üstündə testdən keçirərdim! Qənaətbəxş cavab verə bilməyəni heç vaxt səlahiyyət yiyəsi olmağa qoymazdım! Fəqət... Tanrı da bildiyini edir də!

"Sahilsiz təzadlar”ı bitirəndə bir cümlə yazdım: "bitirdim sahilsiz təzadları - "Sahilsiz təzadları": son akkordu belə möhtəşəm olan romanı!
SON AKKORD: "İnsan sağlığında öz məzarına gül-çiçək qoymalıdır. Məzar daşını çiçəklərlə bəzəməyi bacarmalıdır". 

SÖZARDI: Təbliğatı və dərki, eləcə də tədrisi, ən azından, 10 il yubanmış bir əsər haqqında "ədəbi tənqid" prizmasından "resenziya"nı... İNDİ yazmaq... həm əsərin, həm də müəllifin qarşısında üzrxahlıqdan başlanmalıdır – niyəsini yazmışam! "Sahilsiz təzadlar"dan: Tələsməsən (kitab oxuyarkən), uduzmazsan; gecikməsən (kitab əldə edərkən), peşman olmazsan."

Gecikməklə tələsməyin, tələsməklə gecikməyin baş-ayaq təyinə çevrildiyi dönəmdə "Sahilsiz təzadlar"ın dəyərini almaması gözlənilən olmalıydı, təəssüflər olsun!

p.s. Nadir əsərlərdəndir ki, yalnız oxuyub bitirəndən sonra nəyəsə irad bildirmək olur - aynən yaşanmış ömür kimi!

Bravo, Qarayev, bravo! 

YAZIYA SÖZARDI: Azərbaycan nəsrində yalnız Zahid Sarıtorpaqda var... əsərdə söz açdığı xəstəlik haqqında bütün təfərrüatı öyrənərək, loru dillə oxucuya çatdırmaq! Sadıq Qarayev eynisini edib: müzakirəsini açdığı problemi-ideyanı, mövzunu tam öyrənmiş halda, polemika zamanı, üstəlik də ixtira iddiası ilə təqdim etmək!

Azərbaycan Elmlər Akademiyasında, xüsusilə fizika və fəlsəfə institutlarında nə iş görürlər, bilmirəm, ancaq bildiyim odur ki, Sadıq Qarayev onlara çox gözəl ötürmə edib!

"Sahilsiz təzadlar” yazılanda Süni İntellekt heç layihə kimi yox idi, indi – 12 il sonra Süni İntellekt var və Süni İntellektin varlığı belə bu əsərin elmi-fəlsəfi, sosial-siyasi, dini-irfani fəzilətinə nüfuz edəcək səviyyədə deyil!

Sadıq Qarayevin hələ indi 50 aşı tamam olur və beş romanı da stolun üstündə!

Birini oxudum – 12 il sonra. Öz payıma həm Sadıq Qarayevdən, həm də "Sahilsiz təzadlar”ın fəsillərinin hər birindən üzr istəyirəm!

Bəs qalan 4 roman?

Bəs ölkə ədəbi tənqidi, AMEA yetkililəri, bəs OXUCU KONTİNGENTİ, bəs alim, həkim-hakim, müəllim, aqronom, botanik, bioloq və başqaları? "Şagird Əli”ni qiymətləndirən "polis rəisi İldırım Ataxanov” qədər də deyilikmi? Elə hamısı "müstəntiq Əhməd”ə çevrilib? Hətta özündən başqa kimsəni ağıllı və müdrik, alim və ixtiraçı sayamayan yəhudi etiraf edirsə "Əli”ni – Sadıq Qarayevi, bizə nə azzar dəyib?

p.p.s. Vaxtımı halal edirəm, Sadıq Qarayev. Mən bu əsəri həm oxumağa gecikdim, həm də ömrümün gec çağıdır.

Təşəkkür edirəm Əli obrazına görə! Təşəkkür edirəm təfəkkürü, elmi, insanlığı, qayğıkeşliyi ilə tibb üzrə Nobel mükafatına namizədliyi irəli sürülən Nərmin obrazına və onun vida məktubuna görə!

Təşəkkür edirəm Tək Palıda, Tək Daşa görə!

Təşəkkür edirəm... Qaraş kişiyə, Lala xanıma!

Təşəkkür edirəm həyatımın və ömrümün ən yaxşı insanlarını yadıma saldığına görə!

Təşəkkür edirəm həm həyatda, həm əsərlərində Ləyaqətli Müəllif, Vicdanlı Vətəndaş, Əxlaqlı Azərbaycanlı olduğuna görə!

Təşəkkür edirəm hələ elmin, fizikanın, hüququn sahillərinə çıxmadığı qlobal problemlərin və ixtira xassəli ideyaların təqdimatına görə! 

Təşəkkür edirəm... humanistlik edib bağışlayacağına görə - 5 il sonra oxudum! Uduzan mən oldum – etiraf edirəm! 

*

Nadir hallarda oxudğun əsərdə iki və daha artıq həyat kredolu fikir olur. "Sahilsiz təzadlar” "sarı kəhrəba vadisi”dir sanki Qara dənizin dibində!
"Sahilsiz təzadlar”da "süd aparatı” var: südü (bəzi yerlərdə qaymağı da) çalxalayırsan, yağ alırsan!

"Sahilsiz təzadlar” yağı yüksək kolorili, həm də çox çıxanlardandır!

Əminəm ki, yazılarımda gərək olacaq çoxlu fikirlər var, onlardan istifadə edəcəyim şübhəsizdir!

Əsər var, oxuyursan, bir çuval söyüş xərcləyirsən, əsər var oxuyursan, bir xaral dərd gətirir! "Zəhər tuluğu” olan əsərlərin adı çəkilməz, anlamı olmaz, amma eləsi də var ki, bir torba qızıl qazanırsan!

"Sahilsiz təzadlar”ın "sitat torbası”:

Ağaclar Allahın yaratdığı ən səbrli canlılardan biridir. Onlar yüz, beş yüz, hətta min il bir yerdə qərar tutub dura bilirlər. Şahidi olduqları hadisələri sirr kimi saxlamağı bacarırlar. Soyuqdan, istidən, küləkdən, yağışdan heç kəsə şikayət etmirlər. Çıxılmaz vəziyyətdə özlərinə intihar edirlər, quruyub məhv olurlar. Yaradılmışların insandan sonra ən qiymətlisi ağaclardır.

*

Əsas səbəb bəşər övladının xilqətində tələskənlik, öz təhlükəsizliyi baxımından qorxaqlıq və özünü öymə xüsusiyyətlərinin olmasıdır!

*

Qaraşa olan sevgi-məhəbbət elə böyük idi ki, istənilən digər hisslər Günəşin yanında yandırılan şama bənzəyirdi!

*

Onlar birləşib nəinki insanlara, mələklərə də daş atar, bundan utanmazdılar.

*
Səninlə görüşmək istəyi məni də sıfırın solunda gəzişməyə vadar etdi.  

*

– Gör neynirsən... Yenə kimi dalaşdırırsan, quzu axtarmağa göndərirsən. "Yekə daş”ın dalı boş qalıb axı...

*

– Çünki qadınların hamısı qadındır. Kişilərin isə hamısı əsl kişi deyil!

*

Hər birimizə görsənən həqiqətlər, hətta sadə bir nöqtə də, əslində, sonsuz təzadlardan ibarətdir. Həqiqət sonsuz təzadların ortaq məxrəcidir.

*

Niyyət cinayət məsuliyyətindən qaçar, ləyaqət onu aldadar. Fəqət günah məsuliyyətindən yaxa qurtara bilməzlər!

*

Nərmin üçün süsən, solmaz gülü yığmışdı. Bu güllər yeddi-səkkiz il solmur, olduğu kimi qalır.

*

Yazıq, məzlum əsl həqiqətdir. İnsanlar çox vaxt onu görmürlər.

*

"Böyük zəka sahibləri mütləq üç şeydən birindən zərbə alarlar. Ya varis qoymadan dünyadan gedərlər, ya gənc ölərlər, ya da ömrü boyu səfalət içində yaşayarlar”

*

Yatmaq, yemək, içmək, vaxt öldürmək həyatın neytral hissəsidir. Şər işlər, şeytani hiss, düşüncə və əməllərə sərf olunan həyatın məqamları isə mənfi ömürdür. Neytral ömür sıfır kimi toplananda hesaba alınmaz. Mənfi ömür isə insan ömründən çıxılar.

*

– Cənab müstəntiq, sizin beyniniz, düşüncələriniz çirkli insanların dalınca düşür, tez qocalırsız. Bizimki isə şəfa vermək, insanları Əzrailin əlindən almaqla məşğuldur. Əzraillə rəqabət apardıqca biz cavanlaşırıq.

*

Ulduzlar Günəşdən daha böyük, nurlu ola bilərlər, fəqət onların nurundan və hərarətindən heç bir canlı fayda götürməz.

*

Təfsirlər dinin üzərinə qonan pasdır.

*
"Özündən kamil hesab etdiyin, zamanı daha dərin dərk edən, dürüst şəxsə bağışla”.

*

Borcu vaxtında ödəmədikdə əhəmiyyətini itirir. Çünki gec ödənilən borc daha sahibinə əvvəlki kimi lazım olmur.

*

Böyük adamlar mənəvi zərbə alacaqlarından qorxmayaraq, başqalarına fayda verərlər!

*

Böyük dövlətlər bekar qalanda zər atıb zəif dövlətlərin taleləri ilə oynayırlar!

VƏ SONDA:

Bu əsərə harada və nə vaxt hansı dəyər verilib, bilmirəm, ancaq böyük məmnuniyyətlə, qəhrəmanlarından ikisi – Əli fizika və Nərmin tibb üzrə - Nobel mükafatına namizəd olan romanı mən "Knut Hamsun mükafatı” təsis edib ilk mükafatın laureatı seçərdim!

1920-ci ildə Knut Hamsuna Nobel mükafatı əməyin və insanın təbiətlə qarşılıqlı asılılığı barədə epik oda sayılan "Torpağın gücü” əsərinə görə verilib: mən mükafatın verilmə tövsifində bircə sözü ("əməyin”) Sadıq Qarayevin romanında ana xətt təşkil edən "elmin” təyini ilə dəyişərdim və eynən də İsveç Kral Akademiyasının üzvü Harald Yernenin bu əsər haqqında dediyi sözlərlə təsdiqləyərdim: "harada yaşamasından, hansı işi görməsindən asılı olmayaraq, bütün insanların həqiqi həyat hekayəsi" – Sadıq Qarayev bunu bacarıb "Sahilsiz təzadlar”da... azərbaycanlıları obrazlaşdıranda! Çünki "Sahilsiz təzadlar”da da obrazlar real qəhrəmanlardır "Torpağın gücü”ndə olduğu kimi!
 
Aydın Can
--> -->