"Azərbaycandan başqa, MDB məkanında bütün ölkələrin kinostudiyaları yenidən bərpa olunub. Kino parkı, Kino Evi və s. - bunların hər biri "Azərbaycanfilm" kinostudiyasının bərpasına xidmət edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Azərbaycanda yaradılacaq kino parkının əhəmiyyətindən danışarkən deyib.
Aktyor bildirib ki, möhtəşəm tarixə malik olan "Azərbaycanfilm" digər ölkələrin kinostudiyaları kimi xalqın ixtiyarına veriləcək:
"Orada kompleks işlər görüləcək. Kino təkcə aktyor, rejissor və ssenaristdən ibarət deyil, onun təşkilati məsələləri də var. Kinostudiyanın maddi-texniki bazası kompleks şəkildə həll olunmadan orada kino istehsal etmək mümkün deyil. Bütün bunlar müasir tələblərə cavab verən səviyyədə, hətta gələcək perspektivlər nəzərə alınaraq bərpa olunmalıdır. Biz artıq fəaliyyətə başlamışıq. Ramiz Rövşən, Hüseyn Mehdiyev, Ayaz Salayev, Ramiz Həsənoğlu və mən bu yükün altından çıxacağıq. Prezidentə müraciətlər hazırlayırıq".
Əbdül Mahmudbəyovun fikrincə, kinostudiya Azərbaycanın həm gəlir mənbəyi, həm də təbliğat vasitəsidir:
"Orada yüzlərlə insan işləyib və yenə işləyəcək. Kinonun baş planında nəzərdə tutulur ki, gələcəkdə kinostudiyanın nəzdində akademiya da yaradaq. Orada çalışanlar kino mədəniyyəti ilə bağlı yüksək səviyyədə peşəkarlığa sahib olsunlar. Artıq bizim nəsil qocalıb, peşəkarların iş qabiliyyəti əvvəlki kimi deyil. Planda var ki, dünyanın ən aparıcı kino ölkələrindən pedaqoqları dəvət edək. Rejissor, operator və rəssam sənəti üzrə peşəkarlar akademiyaya cəlb olunsun ki, milli kadrlarımızı yetişdirək. Necə ki, 1960-cı ildə bunu Ədil İsgəndərov etmişdi. Ona qədər kinostudiyada hamı rusdilli idi və Moskvanın sifarişlərini icra edirdi. Moskva nə tələb edirdisə, onu çəkirdilər. Ədil İsgəndərovun kinostudiyaya gəlməsi, Məmməd Qurbanovun kinoya rəhbər təyin edilməsi və Heydər Əliyevin hakimiyyətə gəlişi... Bu üçlüyün sayəsində bu gün böyük ruh yüksəkliyi ilə danışdığımız və sevə-sevə baxdığımız filmlər yarandı. Kino sintetik sənətdir, mədəniyyətin və elmin bütün sahələrini özündə birləşdirir. Kinonun sahibi rejissordur. Kinorejissor olmadan heç bir böyük əsər yaratmaq mümkün deyil. Kino parkında bunların hamısı nəzərə alınacaq".
Əbdül Mahmudbəyovun sözlərinə görə, yaxın 5-10 ildə Azərbaycan kino sənəti yenidən dirçələcək.
Qeyd edək ki, Azərbaycanda kino parkı yaradılacaq. Sözügedən park Cəfər Cabbarlı adına kinostudiyanın bazasında formalaşdırılacaq.
Bahar Rüstəmli
Şərhlər