Şahin Cəfərli
Foto 11:09 02.01.2018

Günün populyar sualı: İranda nələr baş verir? (FOTO/VİDEO)

Qaynarinfo son günlər İranı bürüyən əhalinin etiraz dalğası ilə bağlı siyasi şərhçi Şahin Cəfərlinin yazdığı məqaləni təqdim edir.

Şahin Cəfərli

Hadisələrdə ilk növbədə daxili amillərin, daha sonra isə bu amillərlə əlaqəli olan, onlara təsir edən, sürətləndirən regional və beynəlxalq proseslərin rolu var.

İran son illər böyük Orta Şərq coğrafiyasında bir az boyunu aşan, ambisioz geostrateji layihələrin həyata keçirilməsi ilə məşğuldur. İran dərin dövlətçilik tarixindən irəli gələn refleksləri, strateji ağlı və planlaşdırması sayəsində bölgədə yaranan fürsətlərdən ən çox faydalanan tərəf oldu. Fürsətlər deyərkən iki böyük geopolitik "zəlzələ"ni nəzərdə tuturam: ABŞ-ın İraqa müdaxiləsi və "Ərəb baharı."

İraqda ABŞ-ın sünni azlığın diktaturasını yıxması nəticəsində şiə çoxluğun öz haqqını alması və iqtidara yiyələnməsi, daha sonra isə "Ərəb baharı" çərçivəsində Suriyada məlum hadisələrin baş verməsi İranın ekspansiyası üçün münbit zəmin yaratdı. Xəritəyə baxsanız, bu ekspansiyanın yuxarıdan və aşağıdan 2 "şiə ayparası" şəklində cərəyan etdiyini görərsiniz. Birincisi Livana və Aralıq dənizinə çıxan İraq-Suriya xəttidir və burada ciddi uğurlar əldə edilib. İkincisi isə qismən uğurlu olan Bəhreyn (burada şiələr çoxluqdadır, amma sünni azlığın hökmranlığı var) - Yəmən - Qırmızı dəniz xəttidir. (Bu xətt üzərində yerləşən qeyri-şiə Qətər ilə də yaxşı münasibətlər qurulub və Səudiyyənin Qətərə qəzəbinin əsas səbəbi budur.) İranlı strateqlər bu siyasətlə regiondakı vuran əlləri "Hizbullah"ın yerləşdiyi Livana quru yolu açmaq, Livandan sonra Suriya vasitəsilə də İsrail sərhədinə çıxmaq, Aralıq dənizinə çıxış, Səudiyyə Ərəbistanının mühasirəsi kimi strateji vəzifələrə nail olmağı qarşıya məqsəd qoyub. Ən ülvi arzu-xəyal isə Səudiyyə rejimini yıxaraq Məkkə və Mədinəyə sahib olmaqdır.
 
 

İran bu məqsədləri reallaşdırmaq üçün bölgədə öz proksi-ordularını yaradıb və mövcud olanlara da aktiv dəstək verir. Livanda "Hizbullah", İraqda "Haşdi Şabi", Yəməndə "Ənsərullah" (husilər) aşağı-yuxarı 100 minlik ordulardır. Üstəlik, İranın İraq, Əfqanıstan və Pakistandan toplayıb, təşkilatlandıraraq Suriyaya göndərdiyi paramilitar qruplar (məsələn, "Fatimiyun" diviziyası) da var. Təsəvvür edin ki, bu qüvvələrin hamısının silahlandırılması, geyim və digər təchizatla təmin olunması, döyüşçülərə maaş verilməsi lazımdır. İranın öz məhdud maddi resursları ilə buna nail olması asan deyil və indi məlum olur ki, daxildə əhaliyə yönəlməli olan milyardlar xarici siyasət avantüralarının həyata keçirilməsinə yönəldilib. Nəticədə sosial-iqtisadi problemlər ağırlaşıb, işsizlik artıb. Etiraz aksiyalarında ölkənin regional siyasəti əleyhinə səslənən şüarlar və bu siyasətin simvolu olan əfsanələşmiş general Qasım Süleymaninin portretinin yandırılması bu baxımdan təsadüf deyil.

Eyni zamanda, Qərb sanksiyalarının İrana təsir etmədiyi, əksinə, onun inkişafına səbəb olduğu barədə yaradılan mif də dağıldı.

Hadisələrin islahatçı-mühafizəkar qovğası olduğu, ali liderin dəstəyini alan mühafizəkarlar tərəfindən prezident Ruhanini cəzalandırmaq, onun dayaqlarını sarsıtmaq üçün təşkil edildiyi barədə fikirlərə isə qatılmıram.

Bölgədəki hadisələr fonunda

İrandakı hadisələri bölgədəki proseslərdən ayrı dəyərləndirmək doğru olmaz.

Səudiyyə Ərəbistanında başlayan dəyişiklik və yumşalmanın bütün müsəlman dünyasına, o cümlədən İrana təsirləri qaçılmazdır. Diqqət etdinizsə, İranda etirazların başlamasından 1-2 gün əvvəl Tehran polisinin rəisi bundan sonra islami qaydalara uyğun geyinməyən qadınların polis məntəqələrinə aparılmayacağını və cəzalandırılmayacağını, sadəcə olaraq, onlara necə geyinmək lazım olduğu barədə məsləhət veriləcəyini bəyan etdi. Bu qərarda Səudiyyə Ərəbistanında qadınlara yavaş-yavaş bəzi hüquqların verilməsinin rolu olduğuna şübhə etmirəm. Düzdür, İranda qadınların hüquqları ərəb monarxiyaları ilə müqayisədə daha çoxdur, lakin iranlı qadın (təbii ki, narazılardan söhbət gedir) düşünə bilər ki, əgər qadının az qala insan yerinə qoyulmadığı Səudiyyə dövlətində onlara müəyyən hüquqlar verilirsə, biz niyə var olan haqlarımızı genişləndirməyək?
 


Həm İranda, həm də S.Ərəbistanında gənclər əhalinin 65-70%-ni təşkil edir. Gənc nəsil (əksəriyyət etibarilə) dindən siyasi basqı aləti kimi istifadə olunmasından, dinin hakim ideologiya halına gətirilməsindən, sosial həyatın dini doqmalar əsasında tənzimlənməsindən məmnun deyil. Türkiyədəki son mürtəce Anayasa dəyişiklikləri referendumunda da gənclərin yarıdan çoxu "yox" demişdi. Səudiyyə vəliəhd şahzadəsi artıq dövlət siyasətini radikal vəhhabilik cizgisindən ayırmaq niyyəti barədə işarələr verir, məsələn, Mədinədə islamı, peyğəmbərin hədislərini yenidən yorumlamaq, islamın radikalizmdən uzaq olduğunu gənc nəsilə izah etmək üçün xüsusi mərkəz yaradıb. Əgər Səudiyyədəki bu yumşalma, o cümlədən elmi-texnoloji tərəqqiyə yönəlmə siyasəti davamlı olarsa, bunun bütün islam dünyasının çöhrəsini dəyişdirəcək etkiləri gözləniləndir. Şəxsən bu məsələdə ümidli deyiləm, amma siyasi islamçılığın gerilədiyi də göz önündədir. Cənub qonşumuzda rejimin tezliklə dəyişməsini gözləmirəm, lakin etirazların Məşhəd, Qum kimi İran teokratiyasının əsas mərkəzlərindən başlayıb yayılmasının, ali liderin portretlərinin yandırılmasının mühüm simvolik önəmi olduğunu düşünürəm. Bunun mütləq ölkənin və bölgənin gələcəyinə təsirləri olacaq.

Regionda müşahidə olunan bu hadisələr pozitiv bir dalğadır, ən azı ona görə ki, İrandakı, ərəb dünyasındakı siyasi modelləri, həyat tərzlərini bizə örnək göstərənlərin inandırıcılığı azalır. Türkiyədə Ərdoğanın timsalında siyasi islamçılığın da dinamizmini itirdiyini, böhrana üz tutduğunu düşünürəm və türk mühafizəkar sağında hərəkətlənmənin başlaması da əsasən buradan qaynaqlanır.

"Ərəb baharı"nın neqativ nəticələri oldu, bölgə qan gölünə döndü, amma Tunisin timsalında müsbət nümunə də var. Tunisdə islamçılar və laiklər anlaşaraq yeni, demokratik Konstitusiya qəbul etdilər. Konstitusiya hüququn üstünlüyünə, fikir və vicdan azadlığına təminat verir. Tunisdə keçirilən son prezident seçkilərində sekulyar "Nida Tunis" Partiyası qalib gəldi, islamçı "Ən Nahda" isə seçkinin nəticələrini qəbul edib, qalibi təbrik etdi. Bu baxımdan Tunis həm ərəb monarxiyaları, həm də İran üçün çox yaxşı modeldir.

Eyni zamanda, bu proseslərin işığında Atatürkün böyüklüyü bir daha ortaya çıxdı və türk xalqı öz qurucu atasını daha yaxşı tanımağa, anlamağa başladı. Atatürkün 90-95 il əvvəl göstərdiyi yola bölgə hələ indi gəlməyə, onun islahatlarının bir qismini indi həyata keçirməyə cəhd edirsə, deməli, Ərdoğanın Atatürk Türkiyəsinin demontajını nəzərdə tutan "Yeni Türkiyə" konsepsiyası səfsətədən ibarətdir və zərərlidir, sadəcə olaraq, var olan Türkiyəni daha da demokratikləşdirmək, təkmilləşdirmək lazım idi. (Ərdoğandan sonra gələcək olan liderləri ağır rekonstruksiya işləri gözləyir.)

Bizim qurucu atalarımız isə doğru yolu Atatürkdən də əvvəl göstəriblər. Azərbaycan Xalq Cümhuriyyəti bataqlıqda açan bir çiçək idi və sonda bataqlığın girdabına gömüldü, amma onun irsi, ortaya qoyduğu ənənə qiymətli bir xəzinə kimi bu gün əlimizdədir.