Xəbər lenti

“Gürcü arzusu” hələ də nəyəsə ümid edir?
Hüseynbala Səlimov
Dünya 10:22 26.06.2023

“Gürcü arzusu” hələ də nəyəsə ümid edir?

Qeyri-ixtiyari olaraq adamın ağlına ilk olaraq sual gəlir: doğrudanmı gürcülər başa düşmür ki, Gürcüstanın Avropa İttifaqına sürətli inteqrasiyası geosiyasi mülahizələrdən asılıdır – bəli, əgər bu mülahizələr diqtə etsə, Tiflis bu il namizəd-dövlət statusunu alacaq, yox, əgər etməsə, onda Avropa ondan özünün 12 tövsiyəsinin hamısının həyata keçirilməsini tələb edəcək və hətta mümkündür ki, daha yeni tələblər irəli sürəcək. Amma hakim "Gürcü arzusu” koalisiyası ölkələrinin Avropanın "gözündən düşməsi”nin səbəblərini hər yerdə axtarır, hətta eks-prezident Saakaşvilinin və partiyasının əməllərində belə, amma bunu heç bir halda ona qarşı irəli sürülən geosiyasi və eləcə demokratik tələblərdə görmək istəmir ki, istəmir! 
 
Xatırladaq ki, bu ilin oktyabr ayında Avropa Komissiyası Gürcüstanın tələbləri necə yerinə yetirməsi haqqında hesabat təqdim edəcək, dekabrda isə bu ölkəyə namizəd-dövlət statusunun verilib-verilməməsi haqqında qərar qəbul edəcək. Avropa İttifaqının Gürcüstana qarşı 12 tələbi var. Tiflis bunlardan yalnız 3-ü həyata keçirib. Ədalət naminə qeyd edək ki, təxminən eyni qədər tələb Ukraynaya və Moldovaya qarşı da irəli sürülüb – Kişinyov da onlardan yalnız iki-üçünə əməl edib, Ukrayna isə cəmi bircə tələbi həyata keçirib. Amma onlar hələ bir il bundan əvvəl namizəd-dövlət statusu aldılar, Gürcüstana isə bu status verilmədi. Səbəb? 

Birmənalı şəlildə demək olar ki, hər şey məhz geosiyasi mülahizələrlə bağlıdır – Kiyev Rusiyaya qarşı vuruşur, Kişinyovda məsələ hələ müharibə halına çatmasa da, Rusiyanın "beşinci kolonu” bu ölkədə də qiyam etməyə, qərbpərəst Maya Sandu hakimiyyətini devirib rusiyapərəst qüvvələri hakimiyyətə gətirməyə çalışır. 

Gürcüstan isə Aİ-nın Rusiya ilə münasibətləri sərtləşdirmək haqqında tələbinə əməl etmədi, əksinə Moskva ilə münasibətləri mülayimləşdirmək yolunu tutdu. Ona görə də Avropaya inteqrasiya prosesindən hələ ki kənarda qaldı.

Bəli, demək olar ki, müasir geopolitika Afrika cəngəlliyi kimi bir şeydir, burada birmənalı hökmlər işləmir, hər şey maraqlardan asılıdır. Məsələn, elə bu günlərdə ABŞ nəşrləri belə bir xəbər yaydılar ki, guya Vaşinqton bu günə qədər Rusiya ilə hərbi-texniki əməkdaşlığı davam etdirir, guya ki, Moskva bir sıra silahların komponentlərini ABŞ-dan alır, baxmayaraq ki, Vaşinqton Rusiya ilə ilk növbədə hərbi əməkdaşlığı dayandırmalı idi, çünki o, başqa ölkələrdən, hətta Çin kimi böyük bir dövlətdən məhz bunu tələb edir.
 
Əlbəttə, bəlkə də bu bir feyk-məlumatdır və təsdiqini tapmayacaq, amma dünya yaman qarışıb və hər şey sanki bir tapmacadır. Bu səbəbdən də payıza qədər nələrin baş verəcəyini demək qəti mümkün deyil: bəlkə Qərb düşərgəsində ciddi "çat”lar baş verəcək? Və yaxud da Ukrayna müharibəsində çox mühüm dəyişikliklər olacaq? Ya da Rusiyada fors-major hallar baş tutacaq? Biz bu sətirləri yazanda Rusiyada "Vaqner” silahlılarının qiyam qaldırdığı deyilirdi. Nə demək olar? Ədalətsizlik, haqsızlıq bumeranq kimidir və gec-tez qayıdıb adamın özünə dəyir. Putin Ukraynaya qarşı çox böyük haqsızlıq etdi və əlbəttə ki, indi də olmasa, onun ölkəsi nə vaxtsa, bunun əvəzini ödəyəcək.

Qayıdaq qonşu Gürcüstana. Tiflis hələ heç də hər şeyi itirməyib. Amma burada çox incə bir məqam var: Aİ və NATO uzaq sabahla yaşayır. Gürcüstanın və eləcə də bütün post-sovet məkanının isə məhz bugünlə bağlı planları var: gürcü xalqı öz portağallarını və şərablarını kiməsə satmalıdır, ukraynalılar Rusiyanın təcavüzünü dəf etməlidir, moldovalılar Ukraynanın taleyini yaşamamalıdırlar. Bəli, problemlər çoxdur. Aİ və NATO bunların hamısını yetərincə nəzərə alırmı? Yoxsa onlar da bəziləri kimi düşünür ki, suda boğulanların xilası onların özlərindən aslıdır? Qərəz, dünya çox çətin bir duruma gəlib çatıb və demək olar ki, məchulluğa adlayıb. Amma bütün qaranlıqların bir aydınlığı-səhəri də olur. Ümidimizi itirməyək...
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->