Hüseynbala Səlimov
Bu sətirləri yazmaq ərəfəsində bir daha MDB və onun qismən əski, qismən də gerçək parçası olan Cənubi Qafqazın nə qədər qəliz bir məkan olması haqqında düşündük.
Bilirsiniz, ağlımıza nə gəldi? Şərq Tərəfdaşlığı Proqramı ölkələrindən yalnız Azərbaycan və Belarus hələ də Avropa Birliyilə saziş imzalamayıb. Amma Avropa oyunları Bakı və bir də Minskdə keçirilib. Gəl, indi bundan baş aç, görüm, necə açırsan!
Odur, özlüyümdə bu qərara gəldim ki, Gürcüstandan baş çıxarmaq mən bəndəniz üçün daha asandır...
Qərəz, qonşumuz Gürcüstanda siyasi həyəcanlanmalar səngimir, etirazçılar öz üçüncü tələblərinin – daxili işlər nazirinin istefasının təmin edilməsinə nail olmaq məqsədilə aksiyaları davam etdirirlər.
Amma hiss olunanı budur ki, hakim partiyanın lideri B.İvanişvili ilk iki tələbə müsbət cavab verməklə, xüsusən də növbəti pralament seçkilərinin proporsional sistem üzrə keçiriləcəyinə razılıq verməklə siyasi ehtirasları qismən də olsa səngidə bildi, ən azı ona görə ki, artıq çox az adam növbəti "qızılgül inqilabı” haqqında danışır.
Fəqət, daxili işlər naziri Georgiy Qaxariyanın istefası gündəmdə qalmaqda davam edir və bu elə məsələdir ki, nə hakimiyyət geri çəkilməyi düşünür, nə də etirazçılar və o səbəbdən də etirazlar yenidən güclənə bilər.
Bizə də elə gəlir ki, etirazçılar Qaxariyanın istefasına nail ola bilməsələr, növbəti aksiyalarda hakimiyyət onlarla daha sərt davrana bilər.
Odur ki, etirazların hələ də davam etməsində tutarlı məntiq var və biz sətirləri yazarkən xəbər verildi ki, ölkənin sənət və mədəniyyət adamları da aksiyalara qoşulublar; belə də olmalıdır, çünki hər bir hakimiyyət dinc etirazçılara qarşı zor tətbiq etməmişdən öncə ən azı on dəfə götür-qoy etməlidir.
Amma onu da qeyd etmək lazımdır ki, gürcü cəmiyyətinin müxtəlif seqmentlərinin, xüsusən də ayrı-ayrı politoloqların və siyasi təhlilçilərin baş verən hadisələrə münasibəti birmənalı deyil. Bəzilər hətta qeyd edir ki, "Gürcü arzusu” ilə "Vahid milli hərəkat” arasında on ilə yaxın davam edən siyasi qarşıdurmadan ölkə yalnız uduzur.
Di gəl, bizə elə gəlir ki, vəziyyət tamam əksinədir. Gürcüstanın hətta İvanişvili dövründə Qərb yönümlü ölkə kimi qalması müəyyən mənada həm də onun nəticəsidir ki, Saakaşvili ölkəni tərk edəndən sonra belə onun tərəfdarları mövcudluqlarını və siyasi təsirlərini qoruyub saxlaya bildilər.
Bu səbəbdəndir ki, digər iki GUAM ölkəsində - Ukrayna və Moldovoda avro-inteqrasiya ilə bağlı arabir tərəddüdlər olur, amma bunu Gürcüstan haqqında demək mümkün deyil – bu kiçik ölkə Baltik respublikalarından sonra gec-tez NATO-nun üzvü olacaq potensial bir dövlət kimi görünür.
Üstəlik, Gürcüstan demokratik ölkədir və burada eyni hadisələrə müxtəlif baxışlar, hətta ziddiyyətli yanaşmalar ola bilər. Odur ki, digər analitiklərdən fərqli olaraq biz hesab etmirik ki, Cənubi Qafqaz bölgəsi, xüsusən də Gürcüstan növbəti qeyri-sabitlik zolağına qədəm qoyur, yox, bütün normal, demokratik ölkələrdə siyasi həyəcanlanmalar, gur ictimai proseslər müəyyən mənada adi bir hadisə olub. Ən azı daha böyük, tox və azad ölkə olan Fransanı yada salın – burada "sarı jiletli”lərin etirazı hələ də davam edir.
Bu səbəbdən təsadüfi deyil ki, daha ciddi və təcrübəli siyasi müşahidəçiləri, o cümlədən də demokratiya nəzəriyyəsi və praktikası üzrə mütəxəssisləri Gürcüstandakı kimi proseslər yox, əksinə digər ölkələrdəki "dəmir –beton” sabitlik, uzunmüddətli ictimai-siyasi sükut narahat edir, çünki bu sükutun və psevdo-sabitliyin arxasında radikalizmin, siyasi ekstemizmin və ictimai-siyasi dözümsüzlüyün qəfil partlayışı gizlənir.
Siyasətdə ən təhlükəli məqam neqativ siyasi enerjinin toplanmasıdır, çünki o, mütləq bir gün dışarı püskürəcəkdir. Odur, yaxşıdır, hətta çox yaxşı haldır ki, Gürcüstanda vaxtaşırı dinc aksiyalar olur, hansılar ki, bir azca əvvəl qeyd etdiyimiz neqativ enerjinin toplanmasına imkan vermir.
Dərinə getsək, həm siyasi, həm də iqtisadi müstəvidə (biz çox çalışırıq qeyri-neft iqtisadiyyatı yaradaq, amma gürcü iqtisadiyyatı anadangəlmə qeyri-neft iqtisadiyyatıdır!) baş verənlər Gürcüstan və gürcülərin bizdən qabaqda olduğunu deməyə əsas verir.
Mövzunu genişləndirmək istəmirik, amma qonşu ölkədə elə proseslər baş verir ki, bunları azərnaycanlılar və yaxud da ki, belaruslar əlli ildən sonra olsa da etməli olacaqlar, çünki siyasi və ya ictimai proseslər sıçrayışları sevmir, burada "kvant sıçrayışları” olmur – geçikmisənsə, öz günahındır, gec də olsa, sən də bütün mərhələləri keçməlisən.
Rusiya faktoruna gəldikdəsə, bu mərhələ Gürcüstan üçün arxadadır, çünki Kreml bir böyük imperiyanın kiçik bir ölkəyə qarşı edə biləcəyi mümkün təzyiqlərin hamısını edibdir, ərazisinin bir hissəsini anneksiya edib, ticari-iqtisadi məhdudiyyətlərə məruz qoyubdur –indi də ölkəni ən əsas gəlirlərindən, turizmdən gələn gəlirdən məhrum etməyə çalışırlar.
Amma nə qədər qəribə olsa da, belə bir vəziyyət hətta Gürcüstanın beynəlxalq təşkilatlar və böyük dövlətlər müstəvisində mövqelərini bir az da gücləndirdi. Gürcüstanın özü tərəfindən Rusiyanın ona qarşı olan siyasətinin daha birmənalı şəkildə dəyərləndirilməsi digər ölkələri də bu ölkənin ərazi bütövlüyünə daha birmənalı dəstək verməyə sövq etdi və belə bir hal ümid verir ki, itirilmiş ərazilər nə vaxtsa mütləq qaytarılacaq və Cənubi Qafqazın bu kiçik ölkəsinin də ərazi bütövlüyü təmin olacaq.
Bir daha qeyd edək ki, indi Moskva Tiflisi küncə sıxmaq üçün vətəndaşlarını bu ölkəyə səfərlər etdirməkdən çəkindirir ki, kiçik ölkənin turizmdən gələn gəlirlərini hiss olunacaq dərəcədə azaltsın. Maraqlıdır ki, Gürcüstanda bununla bağlı hansısa panika və ya çaxnaşma yaşanmır və düşünürük ki, bu da səbəbsiz deyil; azadlıq yalnız daim onun yolunda məhrumiyyətlərə hazır olan insanların və millətlərin üzünə gülür...
Bir məqamı da qeyd etmək lazımdır. Gürcü hadisələrinin əvvəlindən bəzi erməni KİV-ləri burada "Azərbaycan izi” tapdılar, guya ki, məşhur orta əsrlər monastırına görə Bakı ən yaxın müttəfiqini cəzalandırmaq qərarına gəlibdi! Amma bu "ittiham”lar və ya fərziyyələr o qədər gülünc idi ki, heç kim tərəfindən inkişafını tapmadı, çünki məsəl vardır, deyirlər ki, yalan ayaq tutar, amma yeriməz...
Əksinə, bir–iki gündən sonra erməni mətbuatını başqa isterika bürüdü – bu dəfə onlar haray çəkirdi ki, gürcü hadisələri onların ölkəsinin tamam izolyasiyasına səbəb ola bilər!
Odur ki, bütün mücərrəd konspirologiyaları, "gizli, məkrli senariləri” bircə tərəfə tullayıb razılaşmaq lazımdır ki, Gürcüstanda demokartik bir proses gedir.
Əslində gürcüləri Abxaziya və Cənubi Osetiyanın anneksiyası ilə barışmağa çağıran, həmin bölgələrə dəfələrlə qanunsuz səfərlər edən bir adamın Gürcüstanda, onun parlamentində peyda olması, hətta həyasızcasına parlament spikerinin yerində əyləşməsi gürcü parlamentarilərinin arasında başqa reaksiya doğura da bilməzdi – hələ də arada fərqli versiyalar da səslənsə də, fikirləşirik ki, son hadisələrin triqqeri məhz bu detal oldu və ümid edrik ki, hakim gürcü partiyası da müəyyən nəticələr çıxardı özü üçün və ən əsas nəticə də budur ki, heç nəyə baxmayaraq gürcü xalqı daha keçmişə qayıtmağı düşünmür...
Şərhlər