Dünya 20:03 23.06.2019

Gürcüstanda gərginlik səngimir: II İliya xalqa müraciət etdi

"Ehtiyatlı olun və Gürcüstan üçün bu mürəkkəb dövrdə səhv etməyin". 

Gürcüstanın Katolikos-Patriarxı II İliya xalqa müraciətində bu sözləri işlədib.

"Biz çox mürəkkəb dövrdə yaşayırıq, ətrafımızda xoşagəlməz hadisələr baş verir, ona görə də sizə xahişlə müraciət etmək istəyirəm - ehtiyatlı olun və səhv etməyin. Ümid edirəm, Tanrı bizə öz lütfünü göstərəcək və sülh verəcək. Siz bilirsinizi ki, Müqəddəs Məryəm Gürcüstanı himayə edir, Gürcüstanı xüsusilə qoruyur", - II İliya bildirib.

Qeyd edək ki, Rusiya Dumasının üzvlərinin Tbilisidə beynəlxalq tədbirdə iştirak etməsi və PPA-nın prezidenti Sergey Qavrilovun Gürcüstan parlamenti sədrinin kürsüsündə əyləşməsi gürcü ictimaiyyəti arasında böyük narazılıq yaradıb. 

Bunun ardınca başlayan etiraz aksiyaları nəticəsində Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze istefa verib. 300-dən artıq etirazçı isə saxlanılıb. Onlardan 28-i hələ də həbsxanadadır. İndi etirazçılar daxili işlər naziri Georgi Qaxariyanın istefasını və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər. (Sputnik.az)