Ölkə 14:50 03.06.2018

Göyçayda fövqəladə vəziyyət: 38 kəndlə əlaqə kəsilib, qaz, işıq, internet xətləri sıradan çıxıb

Göyçay çayına gələn güclü sel avtomobil və piyada körpüsünü dağıtmaqla yanaşı, təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev APA-nın yerli bürosuna bildirib ki, təbii fəlakət zamanı Göyçay çayının yatağı 10 metr dərinləşib, eni isə 30 metr genişlənib.

Sel suları çayın kənarındakı torpaq qatını yuyaraq elektrik və rabitə dirəklərini aşırıb, naqilləri qırıb, internet kabelini kəsib, çayın üzərindən keçən təbii qaz və içməli su kəmərini dağıdaraq yararsız hala salıb.

Komissiya sədri bildirib ki, təbii fəlakət zamanı Göyçay şəhərinin bir hissəsinə və kəndlərə qaz verilişi dayanıb, fiberoptik kabel xətti, beynəlxalq telefon xətti qırılıb, 8 kəndin rabitə əlaqəsi kəsilib: 

"Gecədən səhərədək ərazidə "Aztelekom” İB-nin 4 briqadası çalışaraq rabitə və internet sistemində olan problemləri aradan qaldırıblar. Hazırda qaz xəttinin bərpası üçün işlər görülür. Sel suları uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünü dağıtmaqla Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkətinin tamamilə dayanmasına səbəb olub. Həmçinin, Göyçay çayın sol sahilində yerləşən şəhərin böyük bir hissəsində, eləcə də 38 kənddə yaşayan insanların rayon mərkəzi ilə əlaqəsi kəsilib”.

İ. Vəliyev bildirib ki, Göyçayda selin törətdiyi fövqəladə vəziyyətlə əlaqədar Göyçay çayının sol tərəfindəki yaşayış məntəqələrinin sakinlərinə zərurət olarsa kömək edilməsi üçün təcili tibbi yardım-həkim briqadası yaradılıb: "Qızılağac kənd həkim məntəqəsində yerləşdirilən ixtisaslı həkim briqadası təcili tibbi yardım avtomobili və lazımı dərman preparatları ilə təmin olunub. Bundan əlavə, Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən avtomobili Göyçay çayının sol sahilinə keçirilərək orada fəaliyyəti təmin edilib. Zərurət olarsa yanğından mühafizə hissəsinin Qaraməryəm bölməsi də köməyə gələcək. Göyçay çayının sol tərəfindəki 38 yaşayış məntəqəsində rayon əhalisinin 60 faizi yaşayır. Hazırda insanların kəndlərdən Göyçay şəhərinə avtobuslarla gəlişi Ucar şəhərindən keçməklə və gediş haqqı artırılmadan təmin edilir. Həmin yaşayış məntəqələrinin çörək və digər ərzaq məhsulları ilə təmin edilməsi, kəndlərdən meyvə-tərəvəz məhsullarının mərkəzi bazara gətirilməsi üçün işlər görülür”.