Xəbər lenti

Hacı Şahin Həsənli məsciddəki təqdimat haqqında:
Foto 15:25 04.10.2019

Hacı Şahin Həsənli məsciddəki təqdimat haqqında: "Ziyalıların məscidə gəlməsi çox zəruridir" (FOTOLAR)

Xəbər verildiyi kimi, 3 oktyabr tarixində Azərbaycanda ilk dəfə bir məsciddə- konkret desək, Bakıdakı Məşədi Dadaş məscidində bir şairin imza günü keçirilib. Şəhriyar Del Geraninin yeni çapdan çıxan "Gecəniz şeirə" kitabının məsciddə təqdimatı ilə bağlı məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Səslənən fikirlərlə bağlı bu gün Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli geniş şəkildə öz fikirlərini açıqlayıb. Həmin yazını təqdim edirik:

"Məşədi Dadaş məscidində gənc və istedadlı şair Şəhriyar Del Geraninin imza günü keçirildi. Hesab edirəm ki, uğurlu bir tədbir alındı. Bu hadisə sosial şəbəkələrdə müəyyən müzakirələrə də səbəb oldu, təbiidir. Bəzi qaranlıq məqamlarla bağlı narahatlığını ifadə edən, tənqidi mövqe sərgiləyən qardaşlarımıza təşəkkür edirəm. Narahatlıqlarını da anlayıram. Tənqid olmasa inkişaf da olmaz.

Şəhriyar bəyin atası ilə İmişlidə olarkən tanış olmuşam, çox dindar və nurani bir ağsaqqaldır. Onunla görüşdüyümüzdə Şəhriyar haqqında da danışdıq, tanış olmağımızı tövsiyə etdi. Sonralar Şəhriyar bəyin yaradıcılığı ilə tanış oldum. Şeirlərinin orijinal üslubu və universal dili diqqətimi cəlb etdi. Şeirlərindən bir neçə misra paylaşdım da. Bir neçə gün öncə Şəhriyar bəy mənimlə əlaqə saxladı, Seyyid Əzim Şirvaninin bir qəzəli ilə bağlı fikirlərini bölüşdü. Sonra bir neçə dəfə də qısa ünsiyyətimiz oldu. Ünsiyyət zamanı məni imza gününə dəvət etdi və məsciddə də belə bir tədbirin keçirilməsini təklif etdi. Qərarlaşdıq ki, məsciddə imza günü keçirilsin və əldə olunan vəsait aztəminatlı ailələrin uşaqlarına dərs ləvazimatının alınmasına yönəlsin.

Bəzi insanlar Şəhriyar Del Geraninin keçmişdə dinə zidd fikirlər səsləndirdiyinə görə, onun məscidə gəlməsinin doğru olub olmaması haqda suallar ünvanladı. Şəhriyar bəyin həmin fikirləri ilə tanışam. Əsas tənqid olunan fikri yeni Quran yazması ilə bağlı səsləndirdiyi fikirdir. Onunla ünsiyyətdən belə anladım ki, şair bunu birbaşa mənada deməyib, obrazlı şəkildə Allah kitabının bəzi ayələrinin şeir vasitəsilə çatdırılmasını nəzərdə tutub. Bir neçə Quran ayəsinə istinad edən şeiri ilə də tanış oldum, məsciddəki tədbirdə də səsləndirdi.

Qəbul edirəm ki, keçmişdə Şəhriyar bəyin razılaşmadığımız, hətta bizdə narahatlıq yarada biləcək sözləri də olub. Eyni zamanda, Qurban və Ramazan bayramı, hicab və ümumilikdə dinimiz haqda olduqca dəyərli fikirlər də səsləndirib. Nə səbəbdən bal arısı kimi gözəllikləri axtarmaq əvəzinə, milçək kimi yara axtarmalıyıq?

Nə etməliyik? Əlimizə daş götürüb daşlamalıyıq, din düşməni elan etməliyikmi? Bir insan hətta düşmən belə olsa, onu dosta çevirmək daha düzgün olmazmı? Halbuki, Şəhriyar bəy din düşməni deyil, əksinə dinimizə, milli dəyərlərimizə bağlı bir insandır. Keçmişdə səhv hesab etdiyimiz bəzi fikirlərə görə linç etməyimiz nə dərəcədə doğrudur?
 


Mənim din böyüklərimizdən öyrəndiyim tamamilə fərqli bir metoddur. Bu yol, maksimum cazibə, minimum dafiə yoludur. Din xadimi cəmiyyətin bütün kəsimlərinə açıq olmalıdır, qəlbi geniş olmalıdır. Bir neçə dəfə dini aşkar təhqir edən ateistlərlə əlaqə yaratmışam, çox mehriban tərzdə müzakirəyə dəvət etmişəm. Qısa ünsiyyətdən sonra fikirlərinin dəyişdiyinin şahidi olmuşam. Bəziləri qeyd edib ki, dindarlardan ancaq söyüş və lənət eşitmişik, ilk dəfədir ki, məntiqli bir mövqe sərgiləyən adama rast gəlirik. Ünsiyyətdən sonra mövqeyini dəyişən ateistlər də olub. Görmüşəm ki, əslində heç ateist də deyil, sadəcə azacıq diqqətə ehtiyacı var. İnadkarlıqdan inkarçılıq yolu tutub, inkarçılığına isə aqressiv davranışlarımızla biz səbəb olmuşuq. İndi də Şəhriyar bəyi publik tövbəyə dəvət edənlər, məgər onun məscidə gəlməsi, din haqda ən yüksək fikirlər səsləndirməsi elə mövqe ifadəsi deyilmi? Deyirlər kim zəmanət verir, gələcəkdə fərqli mövqedə olmayacaq? Ümumiyyətlə heç kimin gələcəyini sığortalamaq kimi bir vəzifəmiz yoxdur. Məgər öz sonumuzun necə olacağından əminikmi? Amma istisna etmirəm ki, bir çox dindən uzaq olan, düşmən kimi görünən insanlar sabah Allahın dininə üz tutacaq, dindar kimi görünənlərin bir qisminin isə imansızlıqları üzə çıxacaq. Allah aqibətimizi xeyirli etsin!

İnsanları təkfir edib, cəhənnəmə göndərməyə tələsməyək, onların qayıdış yolunun qarşısında sədd olmayaq. Buna görə Allaha cavab verə bilmərik. Kiminsə eybini deyəndə, əvvəl ona öz doğmamız kimi ürək yandırmalıyıq. İnsanlara münasibətimiz ananın balasına münasibəti kimi olmalıdır. Bu məntiqlə hərəkət etsək ən sərt mövqeyimiz belə peyğəmbəranə olacaq.
 
Bütün bunlar bizim mövqeyimizdir. Bəziləri bunu kiminsə sifarişi ilə "dişsiz İslam" yaratmaq cəhdi kimi təqdim edir. Başdan ayağa absurd fikirdir. Neçə illərdir hamının gözü qarşısında ənənəvi dinimizi təbliğ edirəm, fəaliyyətimiz göz önündədir. Qırmızı xətt keçildiyində, dini təhqir edənlərə qarşı prinsipial mövqeyimizi mətbuat vasitəsilə açıq ifadə etmişik, hamı da şahid olub. Bizi sifariş icra etməkdə ittiham edib, hər hərəkətimizdə gizli məqam axtaranlara Allahdan şəfa diləyir və onları Allahla baş başa qoyuram. Nə zaman nəyi düz hesab etmişəmsə, onu da etmişəm, bundan sonra da edəcəyəm. Bu yolda səhvlərdən də sığortalanmamışam. Əziz dostların haqlı iradlarının da gözüm üstə yeri var.

Son tədbirə gəlincə, hesab edirəm ki, çox önəmli bir tədbir oldu. Bundan sonra da bu istiqamətdə fəaliyyətimiz davam edəcək. Hesab edirik ki, ziyalıların məscidə gəlməsi, məscidin ibadət məkanı olmaqla yanaşı, elm və mədəniyyət mərkəzinə çevrilməsi çox zəruridir. Bu, bizim fəaliyyətimizin prioritet istiqamətlərindən biridir.

Sonda məlum olmayan profillərlə bizi təhqir edən, qəlbində mərəz olanlara Allahdan şəfa diləyirəm. Bizim fəaliyyətimiz sizi qıcıqlandırırsa, üzr istəyirəm, sizi narahat etməli olacağıq.

İndiyə kimi hər hansı məsələ ilə bağlı geniş şəkildə mövqe bildirməmişdim. Bu yazdıqlarım hər hansı bir narahatlıqdan qaynaqlanmır, sadəcə inanclı insanların bir qismində yaranan sualları cavablandırmaq məqsədi daşıyır.

Allah hamımızı öz yolunda sabitqədəm etsin!

Dualarınıza möhtacam!"

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->