Aydın Səlimli
Əvvəlki yazılarımızda da qeyd etmişik ki, Sovet İttifaqının bərpası planı Rusiyanın ən əsas hədəflərindən biridir.
Bu baxımdan Ukrayna münaqişəsi də fərqli yenilik deyil və çox təəssüf ki, Moskvanın hücumları nəticəsində başlamış Rusiya-Ukrayna müharibəsi hələ də davam etməkdədir.
Bəli, Rusiya tərəfinin bəyanatlarından və hərbi gedişatdan artıq görmək olar ki, Rusiya Ukraynanın tam işğalını hədəf olaraq planlaşdırıb. Baxmayaraq ki, Rusiyanın bu istəyində ciddi çətinliklər var. Belə ki, əvvəllər Rusiyanın analoji hərbi əməlliyatlarının daha qısa müddətdə yekunalaşdığını müşahidə edirdik. Ancaq Rusiyanın Ukrayna ilə bağlı planları özünü doğrultmadı, Moskva Ukraynada heç də zəif müqavimətlə qarşılaşmayıb - Ukrayna xalqı Rusiyanın işğal əməliyyatlarına qarşı ciddi dirəniş və etiraz göstərməkdədir.
Son ehtimallar belə söyləməyə əsas verir ki, Rusiyanın əsas hədəfi Ukraynada mərkəzi hakimiyyəti ələ keçirmək və onu Rusiya yönümlü şəxslərlə və yaxud da siyasi qüvvələrlə əvəz etməkdir.
Bu qəbildən olan hərbi-siyasi senarilərin gerçəkləşmək ehtimalı çox yüksək olsa da, qəti nəzərdən qaçırmayaq ki, əslində Moskva yanılaraq hərbi müdaxilə mərhələsinə daxil oldu, çünki bu prosesdə ən əsas məqsədlərdən biri də elə Rusiyanın hərbi münaqişəyə cəlb olunması idi.
Son günlərdə Qərb ölkələrindən Rusiyaya qarşı ciddi və sərt sanksiyaların artdığını görürük. Bu sanksiyalar fonunda Rusiya artıq ciddi çətinliklərlə üzləşib.
Moskva bu sanksiyalar qarşısında yalnız müəyyən müddətə duruş gətirə bilər. Hələ ki Rusiyanın daxilində genişmiqyaslı etirazlar müşahidə edilmir. Bu yalnız o zamana qədər davam edə bilər ki, Rusiya məğlubiyyətlə üzləşməsin. Rusiyanın müharibənin hansısa mərhələsində uğursuzluğu və yaxud da prosesin düzgün istiqamətdə yönəlməməsi nəticəsində Kreml hakimiyyəti ciddi etirazlarla qarşılaşa bilər. Bir vaxt Sovet İttifaqqı da qonşu dövlətlərin ərazilərinə müdaxilələrdən sonra heç bir nəticə əldə edə bilmədiyindən tədricən zəifləməyə, çökməyə başladı və proses son nəticədə Sovet İttifaqının dağılması ilə yekunlaşdı.
Hal-hazırda bu proseslərin davamı olaraq Rusiyanın daxilindəki xalqların da nə zamansa müstəqillik uğrunda mübarizəyə başlayacağı istisna olunmur. Önəmlisi odur ki, Rusiyaya qarşı münasibət dönməz xarakter alıb. Burada rus şairi Lermonotovun "Əlvida, çirkli Rusiya!” şeirini yada salmamaq olmur. Elə Tütçevin "Ağılla dərk olunmur, arşınla ölçülmür” misraları da əvvəlki mənasını itirib. Yox, indi hamı Rusiyanı başa düşür, problem ondadır ki, Kreml başqa dövlətləri və xalqları başa düşmək, onların problemlərinə anlayışla yanaşmaq istəmir...
Şərhlər